Şriftin ölçüsü / 690

Əhalinin özünün neqativ hallara və qanun pozuntularına qarşı müqavimət gücü zəifdir

04 Iyun 2015 [16:57]

AMİP Baş Katibi Arzuxan Əlizadə ilə müsahibəmizdə gündəmi dəyərləndirməyə çalışırıq

-Arzuxan bəy, çox istərdik Azərbaycandakı mövcud durumu qısaca olaraq dəyərləndirəsiz. Ölkədə nələr baş verir?

Öncə fürsətdən istifadə edərək ötən həftə qeyd etdiyimiz 28 May Müstəqillik günü münasibəti ilə soydaşlarımızı bir daha təbrik edirəm. Çünki, milli-mənəvi dəyərlərimizin mövcudluğu, bu zamana qədərki və bundan sonra əldə edəcəyimiz nailiyyətlər heç şübhəsiz müstəqilliyimizlə əlaqəlidir. Müstəqil olmayan dövlətdə heç bir uğur və inkişafdan söhbət gedə bilməz. Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, ölkədə adi gözlə görünən inkişafı və bir sıra nailiyyətləri qeyd etməmək mümkün olmadığı kimi, cox ciddi qanun pozuntularının mövcudluğunu, bir cox sahələrdə rüşvət və korrupsiyanın dözülməz həddə çatdığını, məmur özbağınalığını da xüsusi olaraq vurğulamalıyıq. Ən azından ona görə ki, sadaladığım və sadalamadığım həmin neqativ hallar bir cox hallarda inkişafın üzərinə kölgə salmaqla yanaşı ölkənin imicinə də ciddi xələl gətirir. Bu isə iqtidarda və ya müxalifətdə olmağımızdan asılı olmayaraq bizim hər birimizi narahat etməlidir. Bu Vətən hamımızındır, yaxşısı da pisi də bizimdir.

-Sizcə nədən müxalifət partiyaları baş verən korrupsiya və rüşvət hallarına, eləcə də diğər qanunsuz hərəkətlərə qarşı xalqı səfərbər etmir, yaxud da edə bilmir?

Əvvəlcə onu deyim ki, müxalifət partiyaları yekcins deyil, məsələlərə baxışlar və yanaşma tərzləri bir cox hallarda müxtəlifdir, bəzi hallarda isə təəssüflər olsun ki, müəyyən məsələlərə hətta partiya maraqlarından çıxış etməklə yanaşma hallarına da rast gəlmək mümkündür. Amma bütövlükdə götürəndə ölkədə pis-yaxşı elə müxalifət partiyalarının mövcudluğu bir çox hallarda baş verə biləcək qanunsuzluqların qarşısını almağa xidmət edir. Xalqı səfərbər etməyə gəlincə isə ən azından belə cəhdlərin olunduğu göz qabağındadır, buna nə dərəcədə nail olunub-olunmaması da o cümlədən. Amma gəlin etiraf edək ki, əhalinin özünün neqativ hallara və qanun pozuntularına qarşı müqavimət gücü zəifdir. Əlbəttə ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Bir məlum həqiqəti isə hər birimiz dərk etməliyik, nə qədər ki, insanlar öz hüquqlarını bilmir və haqqını tələb etməyə çəkinir belə cəmiyyətdə qanun pozuntularının qarşısını almaq bir o qədər çətin olur.

-Xaqlın özü sizcə, nə vaxtadək siyasi proseslərdən özünü kənara çəkəcək?

O zamana qədər ki, siyasi fəaliyyətin uğurlu sonluqla nəticələnəcəyinə inam yaranacaq. Bu inamı isə həm də siyasi liderlər yaratmalıdır. Acı olsa da bu da bir həqiqətdir ki, son illərdə müsbət nəticə verməyən fəaliyyət əhalinin əhəmiyyətli hissəsinin siyasi proseslərə inamını heçə endirib və proseslərdən uzaq qalmanın başlıca səbəblərindən biri də hesab edirəm ki, bu amildir.

-Qarşıdan parlament seçkiləri gəlir. Bu seçkilər islahatlara təkan verə biləcəkmi? Bir partiya yetkilisi olaraq siz bu seçkilərdən nə gözləyirsiz?

Əgər yuxarıda dediyim kimi, seçki öncəsi siyasilər insanlarda dəyişikliklərə nail olunacağına inam yarada biləcəklərsə bu, əhalinin çox hissəsinin proseslərə qatılmasına və nəticə etibarı ilə islahatlara təkan verəcək amilə çevrilə biləcək. Əks halda yenə də son illərin mənzərəsi ilə qarşılaşacağıq. Bu mənada ölkədə fəaliyyət göstərən siyasi partiyaların və söz sahibi olan siyasətçilərin üzərinə çox böyük məsuliyyət düşür. Hər birimiz bunu lazımınca dəyərləndirməliyik.

19 may hadisələri sizcə nələri üzə çıxardı?

Faciə qurbanlarına bir daha uca Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Bu hadisə günümüzün reallıqlarını bütün çılpaqlığı ilə üzə çıxardı. Nələrin şahidi olduq? Onun şahidi olduq ki, regionda ən müasir texniki avadanlıqlarla təchiz olunmağımıza baxmayaraq ekstremal şəraitdə köməyə ehtiyacı olan insanlara lazımi səviyyədə yetişə bilmirik. Onun şahidi olduq ki, şəhər təsərrüfatına rəhbərlik edən və bunun üçün birbaşa məsuliyyət daşıyan şəxslər yumşaq desək öz yerlərində deyillər. Ən başlıcası isə bir daha onun şahidi olduq ki, gündəlik həyatımızda rastlaşdığımız neqativ hallara biganə münasibət, məsələlərə "şəxsən mənə toxunmursa göz yummaq daha məsləhətdir” prinsipi ilə yanaşılması və ölkədə baş verənlərin ictimai nəzarətdən kənar qalması sonda hər birimizin faciəsi ilə nəticələnə bilir. Baş vermiş faciə ilə əlaqədar Prezidentin rəhbərliyi ilə keçirilən müşavirə zamanı isə məsələnin ciddiliyi daha qabarıq göründü. Məlum oldu ki, binaların təhlükəli poliuretan üzlüklərlə üzlənməsi və bunun fəsadlara səbəb ola biləcəyi ilə əlaqədar Baş Prokuror və Fövqəladə Hallar Naziri səviyyəsində əvvəlcədən münasibət bildirilsə də prosesin qarşısını almaq mümkün olmayıb. Bu isə onu göstərir ki, bu cinayətin arxasında daha böyük fiqurlar dayanırmış. Nəticə isə göz qabağındadır. Bütün baş verənlərdən, hətta Prezidentin tapşırığından sonra faciə ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri aşkar saymazlıqla KİV nümayəndəsinə "sənə nə var binaların üzlənməsini hansı şirkət həyata keçirir” deməsi isə heç bir çərçivəyə sığmır. Bax bütün faciələrimizin kökündə bu "sənə nə var” ifadəsi dayanır. Əgər biz millət olaraq bu faciədən də lazımi nəticələr çıxarmasaq gələcəkdə baş verə biləcək daha nələrlə üzləşə biləcəyimizi indidən göz önünə almalıyıq.

-Prezident yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının iclasında seçkili qurumlarından biri olan bələdiyyələrı ciddi tənqid edərək bildirdi: "Bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib. Bələdiyyə sadəcə olaraq bir muzey idarəsidir, sadəcə bir möhür idarəsidir”. Bələdiyyə üzvü olaraq Sizin bu barədə fikirləriniz maraqlıdır.

Azərbaycanda Bələdiyyə institutu 1999-cu ildə formalaşdırılıb. Ötən müddət ərzində bələdiyyələrə artıq 4-cü seçki keçirilib, lakin 15 ildən çox müddət keçməsinə baxmayaraq birmənalı demək olar ki, bu qurum hələ də üzərinə düşən vəzifələri yetərincə yerinə yetirmək gücündə deyil. Təəssüflər olsun ki, fəaliyyət göstərdiyi ilk 5 il ərzində daha çox torpaq satmaqla gündəmə gələn bələdiyyələr getdikcə formal xarakterli qurum statusu aldı və bu mənada Prezidentin bələdiyyələrin icra hakimiyyətlərin filialına çevrilməsi fikri nə qədər acınacaqlı olsa da tam olaraq həqiqəti əks etdirir. Əlbəttə ki, müəyyən istisnalar da yox deyil, amma ümumilikdə ölkə üzrə görünən mənzərə budur. Bəzən bunu qanunvericiliklə əlaqədar bələdiyyələrin statusunun aşağı olması ilə də əlaqələndirirlər. Amma onu da qeyd etməliyəm ki, ölkə qanunvericiliyi ilə bələdiyyələrə yetərincə status verilib. Deməli məsələnin kökündə başqa amillər dayanır və nə qədər ki, bələdiyyələrə ən yüksək səviyyədə münasibət dəyişməyib, bu qurum real olaraq yerli idarəetmə orqanına çevrilməyəcək.

-Sizə elə gəlmirmi ki, seçkili qurumların fəaliyyətsiz olması, bir növ icra hakimiyyətlərinin filalına çevrilməsi və ictimai nəzarət funksiyasını həyata keçirə bilməməsi ümumilikdə cəmiyyətin dayaqlarına ciddi zərbə vurur?

Əlbəttə, bu belədir və dediyiniz məsələ təkcə seçkili qurum olan yerli idarəetmə orqanlarına deyil, Ali Qanunverici orqana da şamil edilməlidir. Məsələn, Azərbaycan qanunvericiliyinə əsasən Milli Məclis formalaşdırdığı HesablamaPalatası vasitəsilə büdcə vəsaitlərinin xərclənməsinə nəzarət etməlidir. Bundan başqa parlament həm dövlət büdcəsini, həm də büdcənin icrası ilə bağlı hökumətin hesabatını təsdiq edir. Amma təcrübə göstərir ki, bu hesabat ümumi xarakter daşıyır və reallıqda parlamentin ictimai vəsaitlər üzərində effektiv nəzarət mexanizmləri mövcud deyil. Parlamentin ictimai vəsaitlərə nəzarət imkanlarından yararlana bilməməsini millət vəkilləri özləri də dəfələrlə bildiriblər. Görünən isə odur ki, bu gün hökumət parlamentə hesabat verməkdə maraqlı deyil. Parlament isə bu hesabı hökumətdən sormaq iqtidarında deyil. Milli Məclisin hökumətin ayrı-ayrı üzvlərini parlamentə dəvət edib onların hesabatını dinləmək imkanı da yoxdur.Bütün bunların nəticəsidir ki, hər il milyonlarla vəsait səmərəsiz xərclənir. Parlament seçkili orqandır və ictimaiyyəti təmsil edir. Bu mənada parlamentə hesabat vermək elə cəmiyyətə hesabat verməkdir. Ictimai nəzarət olmadıqda isə bu gün rastlaşdığımız büdcə vəsaitlərinin mənimsənilməsi, korrupsiya və digər ağır cinayətlərin olması qaçılmazdır. Son günlər baş verənlər də dediklərimizi bir daha təsdiq edir. Bütün bunların baş verməməsi üçün və bütövlükdə normal nəzarət mexanizminin mövcud olması üçün isə ilk növbədə parlamentözü xalqın səsi ilə formalaşdırılmalıdır. Bu mənada noyabr ayında Milli Məclisə keçiriləcək seçkilərdə sözün əsl mənasında dövlətimizin və xalqımızın gələcəyini düşünən insanlara üstünlük verilməlidir.

- BirinciAvropa Oyunlarının Azərbaycanda keçirilməsinə yanaşma həm ölkə xaricində, həm də daxildə birmənalı deyil...

Birinci Avropa Oyunlarının başlanmasına çox az qalıb və hesab edirəm ki, bu gün bu məsələlər heç bir halda müzakirə obyekti olmamalıdır. Bu gün məsələyə yalnız o prizmadan yanaşılmalıdır ki, ilk dəfə təşkil olunan və Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ölkəmizi tanıtmaq baxımından bir fürsətdir. Yəni reallıq ondan ibarətdir ki, yarışma ilə əlaqədar ölkəyə minlərlə əcnəbinin gəlişi gözlənilir və daha çox avropalı ölkəmizi bundan sonra bir az da yaxından tanıyacaq. Həm də bu, sadəcə bir nəfərin təəssüratı deyil, həmin insanın ailəsinin, yaxın çevrəsinin ölkəmiz haqqında təəssüratlarının dəyişməsi deməkdir. Gələn qonaqlara elə təqdim olunmalıdır ki, Azərbaycan yalnız sıradan bir neft ölkəsi deyil, bura həm də bir beyin mərkəzi, müasir gəncliyi olan və inkişaf edən Avropa ölkəsidir. Digər tərəfdən bu yarışma ölkənin turizm imkanlarının təbliği baxımından da çox faydalıdır. Ona görə də Avropa Oyunlarının ölkəmizin tanıdılması baxımından əhəmiyyəti kifayət qədərdir. Yəni, bu oyunlardan maksimum dərəcədə Azərbaycanın xeyrinə istifadə olunmalıdır.