Şriftin ölçüsü / 835

Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılar kimlərdi?

09 Iyun 2015 [16:57]
Təəssüflər olsun ki, Azərbaycana böyük maliyyə axınının olduğu illərin dəyəri bilinmədi. Hakimiyyət milyardlarla vəsaiti mənimsədi, əvəzində cəmiyyətə saxta inkişaf təbliğatı bəxş etdi. Amma nəticələr göstərdi ki, bu illər ərzində təhsilimiz, səhiyyəmiz, iqtisadiyyatımız, elmimiz, kəns təsərrüfatımız inkişaf etmədi və bütün sahələr üzrə asılı vəziyyətə düşdük. Məktəb binası tikdilər, içində elm olmadı.
Xəstəxana tikdilər, içində səhiyyə olmadı. Elmlər Akademiyası tikdilər, içində elm olmadı. Yəni, bütün sahələrin inkişafını, həmin sahələr üzrə tikilmiş binalarla göstərdilər. Sadə vətəndaşa həzm etdirdilər ki, hər hansı sahənin inkişafı, həmin bəzəkli binaların tikilməsindən ibarətdir. Amma son imtahan nəticələləri göstərdi ki, milyonlar hesabına başa gələn məktəb binaları təhsilin inkişafı üçün əsas şərt deyil. Yaxud, ölkə vətəndaşlarının müalicə üçün Irana, Gürcüstana, Almaniyaya üz tutması göstərdi ki, bahalı diaqnostika mərkəzləri vətəndaşın sağlamlığına xidmət etmədi.
Deməli, bütün sahələrdəki inkişaf təbliğatı, fiaskoya uğradı.
Amma hakimiyyətin öyündüyü və görüntü yaratdığı bir sahə də var. Bu da idman sahəsidir. Azərbaycan idmançılarının yarışlardan medal gətirməsi, müəyyən idman növləri üzrə nailiyyətlər hakimiyyətin dilini uzatmağa başladı. Bütün rayonlarda idman kompleksləri tikildi və idmanın sürətli inkişaf etməsi görüntüsü yaradıldı.
Amma bu sahəyə yaxından diqqət edəndə, vəziyyətin kritik olduğunu görmək olur. Yəni, yarışlarda Azərbaycanı təmsil edən idmançıların əksəriyyəti əcnəbilərdi.
Bir neçə gün sonra ölkəmizdə keçiriləcək Avropa oyunlarında da Azərbyacanı əsasən qeyri- azərbaycanlılar təmsil edəcək.
Məsələn, iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq triatlon yarışlarında ölkəmizi üç idmançı təmsil edəcək. Bəli, Rostislav Pevtsov, Kseniya Levkovskaya və Aleksandr Yatsenko bu idman növü üzrə mübarizə aparacaqlar.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq atletika yarışlarında isə 35 idmançı gücünü sınayacaq. Bu idmançıların da 18 nəfəri qeyri- azərbaycanlılardı.
Iyunun 14-16-da Mingəçevirdəki "Kür” Olimpiya Tədris-Idman Mərkəzində keçiriləcək kayak və kanoe yarışlarında ölkəmizi 7 idmançı təmsil edəcək ki, bunların da 5-i azərbaycanlı deyil.
Iyunun 13-18-də Heydər Əliyev adına Idman Sarayında təşkil olunacaq güləş yarışlarında ölkəmiz tam heyətlə çıxış edəcək və bunlardan 10 nəfəri qeyri-azərbaycanlılardı.
Iyunun 13-dən 28-dək "Baku Krystal Hall”da keçiriləcək voleybol yarışlarında Azərbaycan yığmasını 28 idmançı təmsil edəcək ki, bunların 15-i qeyri- azərbaycanlıdı
Iyunun 16-dan 21-dək Çimərlik Arenasında təşkil olunacaq çimərlik voleybolu yarışında ölkəmizi təmsil edəcək 9 idmançının hamısı əcnəbilərdi.
Iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək kamandan oxatma yarışlarında Azərbaycanın şərəfini 6 idmançı - Aleksey Kopnin, Senyuk Taras, Roman Vengerov, Senyuk Olqa, Nurlana Vəliyeva, Leyla Fazilova qoruyacaqlar.
Iyunun 16-19-da "Baku Krystal Hall”da keçiriləcək taekvondo yarışlarında ölkəmizi 8 idmançı təmsil edəcək ki, bunların da 4-ü əcnəbilərdi.
Iyunun 12-dən 16-dək Bakı Su Idmanı Sarayında keçiriləcək sinxron üzgüçülük yarışlarında Azərbaycanı Yekaterina Valiulina və Tatyana Nikitina təmsil edəcəklər.
Iyunun 18-21-də Bakı Su Idmanı Sarayında təşkil olunacaq suyatullanma yarışlarında ölkəmizdən Olqa Bıkovskaya və Artyom Danilov iştirak edəcəklər.
Iyunun 12-dən 21-dək Voterpol Arenasında su polosu yarışlarında Azərbaycanı 22 idmançı təmsil edəcək və bunların 19-u əcnəbilərdi.
Iyunun 23-26-da Basketbol Arenasında keçiriləcək basketbol 3x3 yarışlarında Azərbaycanı 8 idmançı təmsil edəcək və bunlardan 6-sı əcənbilərdi.
Milli Gimnastika Arenasında keçiriləcək gimnastika yarışlarında ölkəmizi 28 idmançı təmsil edəcə ki, bunların da 19-u qeyri-azərbaycanlıdı.
Yuxarıda sadalıdıqlarımız onu göstərir ki, bu illər ərzində idman sahəsi də inkişaf etdirilməyib. Yəqin ki, adı çəkilən əcnəbi idmançılara Azərbaycan vətəndaşlığı verilib. Amma bu adamlar azərbaycanlı deyillər. Bizə, Goncalves Ferreira Raquel, Milad Beigi Harchegani, Artyom Dixtyarenkaların deyil, Əlilərin, Vəlilərin, Məmmədlərin uğuru lazımdır. Hanı bu idman komplekslərinin ortaya qoyduğu nəticə? Bu illər ərzində yetişdirilən yerli idmançılar hardadı? Nə vaxta qədər, Azərbaycan vətəndaşlığı verilmiş əcnəbi idmançıların uğuruna sevinəcəyik?
Bəli, Avropa oyunlarında iştirak edəcək Azərbaycan təmsilçilərinin tərkibi də göstərdi ki, hakimiyyət öyündüyü sahədə də uğur əldə etməyib. Deməli, idman sahəsindəki "uğur”larımız da imitasiya xarakterlidir.
Bu ölkədə heç bir sahə real inkişaf etməyib. Sadəcə neft pullarının hesabına hər şeyin saxtasını düzəldiblər. Amma bu illər ərzində, bu qədər vəsaitlə xeyli yerli idmançı yetişdirib, dünyaya təqdim etmək olardı.
Bir daha aydın olur ki, hakimiyyət məqsədli şəkildə ölkəni real inkişafdan kənarda saxlayıb. Çünki, korrupsiyanın inkişafı, digər sahələrin inkişafını əngəlləyir.