Şriftin ölçüsü / 629

Mən öhdəlik götürmüşəm ki, AMİP parlamentdə təmsil olunsun

18 Iyun 2015 [17:13]
Birinci Avropa Oyunlarının açılış mərasimi ölkədə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən də müsbət qarşılanıb. Bu barədə öz fikirlərini bölüşən partiya sədrləri açılış mərasimindən razılıqlarını ifadə ediblər. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də Birinci Avropa Oyunlarının açılış mərasiminin qürurverici olduğunu deyib. "OLAYLAR”-a verdiyi müsahibədə Yusif Bağıradə rəhbərlik etdiyi partiyanın parlament seçkilərinə hazırlıq prosesindən də danışıb.

-Yusif bəy, Birinci Avropa Oyunlarının açılış mərasimi sizdə hansı təəssürat yaratdı?

-Birinci Avropa Oyunlarının açılış mərasiminin möhtəşəm şəkildə təşkili məndə qürur hissi yaratdı. Oyunların açılış mərasiminə partiya sədri olaraq rəsmən dəvət edilmişdim. Açılış mərasimini izləyərəkən seyr etdiyim mənzərə həm bir partiya sədri, həm də vətəndaş olaraq məni valeh etdi. Məlumdur ki, Birinci Avropa Oyunları müsəlman ölkəsi və Türk dünyasının bir hissəi olaraq ilk dəfə Azərbaycanda keçirildi. Bu faktın özü də bizlərdə qürur hissi yaradır. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Birinci Avropa Oyunlarının təşkilatçılıq işləri yüksək səviyyədə idi. Oyunlarının açılış mərasimində Azərbaycanın milli koloriti təqdim olundu. Həmçinin Nizami Gəncəvi Azərbaycan şairi kimi bir daha dünyaya təqdim edildi. Azərbaycanın ən qədim yaşayış məskənlərinin təqdimatı verildi. Bir daha qeyd edirəm ki, Birinci Avropa Oyunlarının açılış mərasimi məndə qürur hissi yaratdı. Belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi bir daha Azərbaycanın tanınmnası üçün yaxşı fürsətdir. Bu fakt müəyyən dövlətlərin Azərbaycana olan iştahasını da azalda bilər.

-Yarışların gedişini də izləyirsinizmi və idmançılarımızın nailiyyətlərini necə dəyərləndirirsiniz?

-Əlbəttə ki, yarışları da izləyirəm və idmançılarımızın əldə etdiyi qələbələr bizdə fərəh hissi doğurur. Bu günə qədər kifayət qədər medal qazanmışıq. Nəticədə Azərbaycanın dövlət himni dəfələrlə səsləndirilib, bayrağımız yüksəklərə qaldırılıb. Bu da o deməkdir Azərbaycan idman sahəsində də kifayət qədər uğurlu yol keçib.

-Avropa Oyunlarının açılış mərasimində iştirak edən partiyalar bəzi siyasi dairələr tərəfindən hakimiyyətə satılmaqda ittiham edilir. Bu nə dərəcədə məntiqli yanaşmadır?

-Bu yanaşma qeyri-məntiqlidir. Birincisi, dəvət olunan yerə gedərlər. İkincisi, bu yarışlar ümumilikdə Azərbaycanın uğuruna, dövlət maraqlarına xidmət edir. Belə olan halda nə üçün ondan imtina edək. Ümumiyyətlə, bu gün Azərbaycanda siyasi partiyalarda islahatlara ehtiyac var. Ölkədə həm siyasi, həm iqtisadi, həm də hüquqi sahədə islahatlar getməlidir. Ancaq bunların Avropa Oyunlarının açılış mərasimində iştiraka nə aidiyyatı var, mən bilmirəm. Hesab edirəm ki, Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edən partiyaların hakimiyyətə satılmaqda ittiham edilməsi səhv fikir, yalnış mövqedir. Düzdür, hər bir şəxsin fikrinə hörmətlə yanaşıram. Ancaq bu ittihamlar əsassızdır.

-AMİP bundan sonra parlament seçkilərinə hazırlıq prosesini intensivləşdirəcəkmi?

-Əlbəttə. Hazırda da seçkilərə hazırlıq prosesi gedir. Biz dairələr üzrə namizədlərimizin gücünü müəyyən edir və monitorinq keçiririk ki, seçkilərə neçə namizədlə gedəcəyik. Ümumiyyətlə, biz parlament seçkilərinə ciddi önəm veririk. Düzdür, biz partiya olaraq 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmədik. Ancaq o zaman bildirdim ki, bizim məqsədimiz parlament seçkilərində daha uğurla iştirak etməkdir. Ona görə də bu seçkilərə ciddi hazırlaşırıq. Ümid edirik ki, bu seçkilərdə qələbə qazanacağıq.

-Bəs partiya seçkiyə hansı formada gedəcək?

-Hələlik partiya seçkilərə tək gedir. Çalışacağıq ki, bu seçkilərdə qadınlar və gənclər daha çox iştirak etsinlər və daha çox namizədlə çıxış edək. Ümumiyyətlə, mənim partiya sədri kimi 5 illik fəaliyyətim ona yönəlib ki, AMİP parlament partiyası olsun. Mən belə bir öhdəlik götürmüşəm ki, AMİP parlamentdə təmsil olunsun. Ona görə də bütün var-qüvvəmi, enerjimi ona yönəltmişəm. Ümid edirəm ki, buna da nail olacam.


Millət