07 Iyul 2015 [16:27] XVI əsrin əvvəllərində Azərbaycanın zəngin və çoxəsrlik dövlətçilik
tarixinin yeni bir səhifəsi açıldı. Bu səhifə tariximizə ilk dəfə olaraq
uzunömürlü mərkəzləşdirilmiş Azərbaycan
Səfəvilər dövlətini yaratmış nadir tarixi şəxsiyyət olan Şah I İsmayılın adı ilə
bağlıdır. Şah Xətainin idarəçiliyi dövrü Azərbaycan aşıq ədəbiyyatının dirçəliş
dövrüdür. Şah İsmayıl Xətainin müasiri Xətai sarayına yaxın olmuş, Qurbaninin
adını çəkmək kifayətdir.
18-19-20-ci
əsrlərdə Azərbaycan aşıq ədəbiyyatının ən görkəmli simaları yazıb yaratmışlar.
Bunlardan Aşıq Allahverdi Silduzlu, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Qurban, Aşıq Şəmşir
kimi söz sərraflarını qeyd etmək olar.
Lakin indi
söz açacağımız şəxsiyyət Azərbaycan saz-söz ustası , aşıq ədəbiyyatımızın önündə
duran Aşıq Alı haqqınndadır.
Aşıq Alı
1801-ci ildə Vedi mahalının Milli dərəsində Gilanlar kəndində anadan olub. Körpə
yaşlarından ailəsi ilə birlikdə bizə məlum olmayan səbəblərə görə Basarkeçər
mahalının Qızılvəng kəndinə köç edirlər. Aşıq Alının babası Şıx Qərib övladları
ilə birlikdə Qızılvəngdə məskunlaşmışlar.
Bu köç
vaxtı Alının dörd yaşı var idi.Qohum-əqrəbalarının bir hissəsi isə Kəlbəcər dərəsinə
köçərək orada Milli kəndinin əsasını qoymuşlar.Aşıq Alının atası təhsil almaq
üçün onu Noraşen molla məktəbinə qoyur.Təhsil aldığı illərdə həmkəndlisi
Niftalı Xocanın qızı Bəsti xanımı sevir. Bu eşq macərası Alını şer və musiqi
dünyasına atır. O, dövrünün mükəmməl sənətkarı aşıq ideyalarının daşıyıcısı
Silduzlu Aşıq Allahverdiyə şagird olur. 11 il bu görkəmli sənətkardan dərs
alır. Qeyd etmək lazımdır ki, Aşıq Alı Aşıq Allahverdinin (Ağ Aşıq ləqəbilə)
yeganə şagirdi olmuşdu. Aşıq Allahverdinin sonrakı taleyi çox faciəli olmuşdur.
Rus çarizmi Aşıq Allahverdini öz çirkin əməllərinin qurbanı edərək bizə bəlli
olmayan ərazisinə aparmış, bununla xalqımızın görkəmli oğlunun izini
itirmişdir. Lakin bu görkəmli sənətkar özündən sonra Alını kamil bir ustad kimi
yetişdirmişdir. O, Alının kamilliyinə əmin olduqdan sonra onu şagirdlikdən azad
edib İrana Aşıq Zəki ilə deyişməyə göndərmişdi.
Aşıq Alının
qüdrəti, böyüklüyü onun təcnisləri , qoşmaları ilə ölçülür. Təcnis Aşıq Alı
yaradıcılığının mayasını təşkil edir. O, türk, ərəb, fars dillərinin zənginliyindən
və bədii ifadə vasitələrindən ustalıqla istifadə edərək ölməz təcnis irsi qoyub
getmişdir.
Görkəmli sənətkarın
dörd yüzə qədər təcnisi gəlib bizə çatmışdır. Onun divani təcnisləri, müstəzad
təcnisləri, döşəmə-cığalı təcnisləri, qıfılbənd, dodaqdəyməz, qoşa qafiyə və
saraylı təcnisləri, saysız-hesabsız cinaslı bayatıları bənzərsiz sənət nümunələridir.
Aşıq Alı Azərbaycan aşıq poeziya xəzinəsinə yeniliklər gətirən xalq arasında "Dədə
Alı”, "Şıx Alı”, "Təcnis Alı”, "Təbib Alı” kimi adlar qazanmış əsl el nəğməkarı
olmuşdur. Aşıq Alı bir neçə saz havası yaratmış və bu saz havalarına uyğun
cinası bayatılar qoşmuşdur.
Aşıq Alı Təbriz ruhaniləri
qarşısında bədahətən təcnislərini söyləmiş, Allahın bir sıra adlarının
mənalarını izah etmişdir. Quranın bir neçə surəsini ana dilimizdə izah
etmişdir.
Belə dini təcnislərinə görə
aşıqdan xoşu gəlməyən ruhanilərin də dərin rəğbətini qazanmışdır. ”Ruhani” söz
havasını da bu münasibətlə yaratmışdır.Elə həmin məclisdə "Sədala Tək-Tək”
qıfılbənd təcnisi ilə Aşıq Zəkini bağlamışdır.
Aşıq Alının təcnis haqda
fikirləri Xəstə Qasımın fikirləri ilə üst-üstə düşür.Aşıq Alı da Xəstə Qasım
kimi "Təcnis nə alim, nə uləma onun xüsusi təkrarolunmaz bədahətçiləri olur”
demişdir.Aşıq Alının fenominal öncə görmə qabiliyyəti haqda Göyçə mahalında ,
Kəlbəcərdə Qaraqoyunlu dərəsində , Vedi mahalında, Dərələzdə bir çoxlarına
bəllidir.
Onun təcnislərində
ermənilərin gətirilib Göyçə mahalında, İrəvan ərazisində yerləşdirilməsi hansı
fəlakətlərə və fəsadlara gətirib çıxaracağı barədə gələcəyi görmək qabiliyyəti
öz əksini tapmışdır.Çox təəssüf ki, Alının uzaqgörənliklə dediyi sözlər doğru
çıxdı.
İndi düşmən
Alının,Ələsgərin,Dədə Şəmşirin torpaqlarını viran qoyub.
Aşıq Alının dərin mənalı
bənzərsiz ədəbi irsini qiymətləndirən məşhur folklorçu Hümmət Əlizadə 1930-cu
ildə çap etdirdiyi "Aşıqlar” kitabında Aşıq Alı haqqında yazmışdır. Aşıq Alı
Göyçə mahalında Aşıq Ələsgərin ustadı olmuşdur. Zamanında onun kimi müvəffəq
olan çox az adam olmuşdur.Fəqət nədənsə əsərlərindən az nümunə
qalmışdır.1973-cü ildə Aşıq Ələsgərin "Əsərləri”nin ikinci cildində Aşıq Alı
haqqında ətraflı məlumat verildi. Aşıq Ələsgər Kərbəlayi Qurbanın yanında dörd
il nökər olduqdan sonra dövrünün ən görkəmli aşığı olan Qızılvəngli Aşıq Alıya
şagird olmuşdur.
Deyilənlərə görə aşıq Alı
Türkiyə, İrana səfərlər etmiş məşhur aşıqlarla deyişmişdir.Hər dəfə də qalib
gəlmişdi.Aşıqlar onun Osmanlı səfərinə dair dastan da danışırlar.Aşıq Alı
ömrünün son 15 ilini gözləri tutulmuş, gün işığından məhrum olmuşdur.13-14 il
Kəlbəcər dərəsində Milli kəndində qohum-əqrəbəsinin yanında yaşamışdır.Şıx Alı
ölümünün yaxınlaşdığını duyub atasının, anasının və Bəstinin qəbirlərini
ziyarət edib qayıdarkən 1911-ci ildə Qızılvəngdə vəfat etmişdir. Qəbri də indi
murdar ermənilərin işğal etdiyi Basarkeçər rayonunun Qızıl Şəfəq kəndindədir.
Nəhayət şair tədqiqatçı
Hüseyn Arif "Alını axtarıram” adlı məqalə ilə çıxış etdi.Bu məqalədən sonra
onun 56 qoşmadan ibarət "Aşıq Alı” adlı kitabı çıxdı.
Aşıq Alının təkrar olunmaz
təcnislərini , şerlərini toplayıb ərsəyə gətirənlərdən biri də əslən Kəlbəcər
rayonunun Milli kəndindən olan Əli Əbülhəsən oğlu Əmirovdur.Aşıq Alı Əli
Əmirovun anası Sənəm xanımın babasının əmisi oğludur.Qan qohumluğu və Aşıq
poeziyasına vurğunluq Əli Əmirovu aşıq Alının təcnislərini , qoşmalarını
saraylılarını toplamağa vadar edib.
Nəhayət 1981-ci ildə Aşıq
Alının anadan olmasının 180 illiyini keçirilməsi qərara alındı. Aşıq Alının
tədqiqatçısı Əli Əmirov "Milli Əli” aşığın yubileyi münasibətilə 500 qoşmanı
İran və Türkiyə səfərləri haqqında iki dastanı yubiley komissiyasına təhvil
verdi.Aşığın on iki çap vərəqi həcmində kitabı nəzərdə tutuldu,lakin dörd çap
vərəqi həcmində nəşr olundu.Əli Əmirovun söylədiklərinə görə böyük alim Əli
Fəhmi bu təcnisləri oxuyub demişdi ki, "Aşıq Alının kəlmələri çox qüdrətli
kəlmələrdir”.
Azərbaycan Elmlər Akademiyası
Ədəbiyyat İnistutunun direktoru işləmiş Mirzəağa Quluzadə bu işdə Əli Əmirova
çox köməklik etmişdir.O, folklorçu Əhməd Şimidin Türkiyədən gətirdiyi
qoşmaların arasında Aşıq Alının xeyli qoşmasını seçib Əli Əmirova vermişdi. Əli
Əbülhəsən oğlu Əmirov 1993-cü ildə Kəlbəcərin işğalı nəticəsində köçkün
düşmüşdü. Lakin Bakı şəhərində tədqiqatlarını davam etdirirdi.1995-ci ildə Əli
Əmirovun "Milli Əli” aşıq Alının Təcnisləri” kitabı çapdan çıxdı lakin çox
təəssüf ki, Əli müəllim kitabın nəşrini görməmiş dünyasını dəyişdi.