Şriftin ölçüsü / 753

AMİP jurnalistlərin peşə bayramlarını təbrik etdi

22 Iyul 2015 [15:05]

Azərbaycan Milli İstiqlal Partiyasının jurnalsitlərin peşə bayramı münasibəti ilə Kütləvi İnformasiya Vasitələrinə Təbriki

Hörmətli media mənsubları!

Sizi peşə bayramınız münasibəti ilə təbrik edir, sizlərə şəxsi həyatınızda və peşə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

140 il əvvəl 22 iyul 1875-ci ildə görkəmli vətənpərvər maarifçi Həsən bəy Zərdabi çox çətinliklə də olsa "Əkinçi” qəzetini nəşr etdirdi. Bununla da Azərbaycanda təkcə mətbuatın deyil, həm də yeni ideya və ənənənin özülü qoyuldu. Həsən bəyin məqsədi xalqı cəhalətdən, xurafatdan və gerilikdən çıxararaq elmli, mədəni, geniş dünyagörüşlü olmasına öz töhfəsini vermək idi. O, bunun üçün ən təsirli vasitələrdən birinin mətbuat olması fikrində yanılmadı. "Əkinçi” qəzetinin ömrü uzun sürməsə də, Zərdabi ənənəsi getdikcə özünə möhkəm yer tutdu.

Əsası qoyulduğu gündən etibarən Azərbaycan mətbuatı keçməkeşli inkişaf tarixi keçib. İlkin dövrlərdə təcrübəsi az olsa da, milli mətbuatımız xalqın maarifləndirilməsi, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə baxımından böyük uğurlara imza atdı. Rusiya imperiyasından xilas olmaqla müstəqilliyini qazanan, Şərqdə və İslam dünyasında ilk olan Azərbaycan Demokratik Cümhuriyyətinin ruporuna çevrildi. Həmin dövrdə işiq üzü görən onlarla mətbu orqan fikir plüralizminin və fərqli ideologiyaların formalaşmasında müstəsna rol oynadı.

Sovet işğalı dövlət müstəqilliyimizə son qoyduğu kimi milli mətbuatımızı da azad sözün daşıyıcısı funksiyasından uzaqlaşdırdı və bolşevik-kommunistlərin təbliğat maşınına çevirdi. Jurnalistin sərbəst yaradıcılıq və müstəqil düşüncə imkanlarına qadağalar qoyuldu. Azad söz, tənqidi yanaşma, cəmiyyətin aynası sayılan mətbuatımız bəsitləşdi, şablona çevrildi.

Azərbaycanın yenidən müstəqilliyə qovuşması dönəmini mətbuatımızın ən parlaq dövrü hesab etmək olar. Senzuranın, siyasi təzyiqlərin, məhdudiyyətlərin mövcudluğuna baxmayaraq, mətbuatımız Milli Azadlıq Hərəkatının ruporu ola bildi. Cəmiyyətin istəklərinə, düşüncələrinə və fikirlərinə geniş yer verildi. Milli mətbuatımız dövrün tələblərini ödəməyə və cəmiyyətin nəbzi ilə vurmağa başladı. Milli Azadlıq Hərəkatı və bunun nəticəsi olaraq istiqlalımıza və istiqrarımıza təkrar qovuşmağımız milli mətbuatımıza yeni nəfəs, yeni ilham və yeni ruh verdi.

Lakin o da danılmazdır ki, bu gün cəmiyyətin bütün sferalarına nüfuz edən mətbuatımız çoxsaylı problemlər, siyasi və iqtisadi sıxıntılar məngənəsində yenə də öz missiyasını yerinə yetirmə mücadiləsi verir. Təəssüflər olsun ki, Azərbaycan mətbuatının tam siyasiləşməsi və qütbləşməsi bir çox hallarda obyektivliyə və tərəfsizliyə əngəl törədir. Son dövrlər mətbuata edilən dövlət dəstəyi müsbət qiymətləndirilsə də, hələ də müəyyən qədər ayrı-seçkiliyin qalması ciddi problem hesab olunmaqdadır.

Bu gün cəmiyyətin inkişafında medianın xüsusi yeri vardır. İndi Azərbaycanda minlərlə qəzet və jurnal nəşr olunur, elektron KİV-lərin mövqeyi getdikcə möhkəmlənir. Amma dəyişən təkcə bunlar deyil, cəmiyyətin tələbatı da dəyişir. Bu tələbata cavab vermək üçün isə jurnalistlər çox çətin maddi, sosial, iqtisadi və siyasi maneələri dəf etmək məcburiyyətindədirlər. Sevindirici və ümidverici haldır ki, milli mətbuatımız əsl fədakarlıqlar göstərərək, dövlətçiliyimizin qorunmasında, demokratik dəyərlərin inkişafında, milli-mənəvi dəyərlərin əxz edilməsində, cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirməkdədir. Unutmayaq ki, Azərbaycan jurnalistinin qələmindən çıxan hər bir yazı çağdaş tariximiz, mənəvi dəyərimiz və yaddaşımızdır.

Bu bayram günündə azad sözün, müstəqil fikrin ölkəmizdə inkişafı üçün, həyatlarını risqə ataraq, ölümdən belə qorxmadan peşəsinə vicdanla yanaşan, həmçinin bu gün sıralarınızda olmayan jurnalistlərə dərin ehtiramımızı bildiririk!

Eyni zamanda ümüdvar olduğumuzu bildiririk ki, bu gün məhbəs həyatı yaşayan jurnalistlərimiz, o cümlədən Milli İstiqlalçı Rauf Mirqədirov tezliklə bəraət qazanaraq öz azadlıqlarına qovuşacaq və azad sözün verdiyi imkanlardan bundan sonra da yararlana biləcəklər.

Dəyərli KİV nümayəndələri

Bu əziz bayram münasibəti ilə Sizləri bir daha təbrik edir, Sizlərə ən səmimi arzularımızı ifadə etməklə bahəm, Vətən, Millət və Ali dəyərlər uğrunda şərəfli peşənizdə bundan sonra da müvəffəqiyyətlər diləyirik. Qələminiz iti, sözünüz qüdrətli və kəsərli olsun!


Millət