Şriftin ölçüsü / 895

ATU-nun Tədris Cərrahiyyə Klinikasında yenilik

23 Iyul 2015 [15:07]

ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni bir uğura da imza atılır.

23 həftəlik, 650 qr çəki ilə yenidoğulmuşun həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirildi.

Son bir ayda hər kəsin diqqəti bir ay öncə 23 həftəlik, 650qr çəki ilə dünyaya göz açan, həyatdan bərk-bərk yapışaraq "Həyatda mən də varam” deyən Yusifin üzərindədir. Belə ki, 19.06.2015 tarixində 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etmişdir. Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkar edilmişdir. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması idi. Klinikanın həkim mama-ginekoloqu Dr. Abbasova Nigar və həkim-neonatoloqu Dr. Yaqubova Səadət xanimın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilmiş və süni doğuş aparılmışdır. Həkimin sözlərinə görə yenidoğulmuşun çəkisi 650 qr, ümumi vəziyyəti kritik idi. Dərin morfofunksional çatışmazlıq fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti ön planda idi. Respiratordistress sindromu müşahidə olunurdu. Bütün xəstəxana yaşama ehtimalı çox aşağı olan körpənin həyat mücadiləsində ona dəstək olaraq, klinikanın bütün imkanlarından istifadə edərək, onu həyatda saxlamağa nail oldular.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür ki yaşayır. Vəziyyəti bu müddət ərzində bir neçə dəfə kəskin pisləşsədə, hal-hazirda qənaətbəxşdir. İndi Yusifin çəkisi 1020 qr-ı keçmişdir. Ümid edirik ki, balaca Yusifimiz sağlam böyüyərək xalqına, vətəninə layiqli övlad olacaqdır.


Nisa Rəhimova