Şriftin ölçüsü / 634

“Qarşıdakı müddətdə regionda ciddi hadisələr gözlənilir”

28 Iyul 2015 [13:30]

Bu il ölkədə keçiriləcək parlament seçkilərində iştirak etməyi qarşıya məqsəd qoyan partiyalardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır. Partiya həm paytaxt rayonları, həm də yerli təşkilatlarda seçkilərə hazırlıq istiqamətində ciddi işlər görür. Seçkilərə hazırlıq prosesinə AMİP sədri Yusif Bağırzadə bilavasitə nəzarət edir. Hətta bu məqsədlə partiya sədri regionlara səfər edərək yerlərdəki seçki hazırlıqları prosesi ilə yaxından tanış olur. AMİP sədri ilə söhbətimizdə yerli təşkilatların mövcud durumu, seçki hazırlıqları istiqamətində görülən işlərdən danışdıq. Yusif Bağırzadə "OLAYLAR”-a verdiyi müsahibədə regionda baş verən proseslər, Türkiyənin İŞİ və PKK-ya qarşı apardığı hərbi əmnəliyyatların bölgəyə mümkün təsirlərinə də toxunub

-Yusif bəy, yerli təşkilatlarda keçirdiyiniz görüşlərin nəticəsi olaraq gəldiyiniz qənaət nədən ibarətdir? AMİP parlament seçkilərinə hazırdırmı?


-Əvvəla onu qeyd edim ki, Azərbaycan Milli İstiqlal Partiyasının parlament seçkilərində iştirakla bağlı konkret qərarı var və partiya kimi seçkilərdə iştirak edəcəyik. Ona görə də seçkilərə hazırlıq istiqamətində geniş əhatəli işlər görürük. Dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, qarşıdakı hədəf və məqsəd AMİP-i parlament partiyası etməkdir. Bunun üçün həm mərkəzdə, həm də rayonlarda ciddi işlər həyata keçiririk. Bu ilki seçkilərə AMİP kifayətqədər təşkilatlanmış formada gedəcək. Ancaq onu da qeyd edim ki, bundan əvvəli parlament seçkilərində müəyyən problemlər vardı və bir dairədən bir neçə AMİP-çi öz namizədliyini irəli sürmüşdü. Hətta bəzi seçki dairəsindən 3 AMİP-çi seçki mübarizəsinə qoşulmuşdu. Bu il isə hər seçki dairəsindən cəmi bir namizədlə seçkiyə qatılmaq istəyirik. Bu da ona hesablanıb ki, səslərimiz parçalanmasın, gücümüz dağılmasın. Bu gün partiyada seçkidə iştirak etmək arzusunda olanlar çoxdur və bu mübarizəyə qoşulmaq istəyirlər. Ancaq bütün halda kəmiyyət deyil, keyfiyyətə üstünlük verməliyik.

-Bəs seçki əhval-ruhiyyəsini necə dəyərləndirirsiniz?

-2010-cu ilin parlament seçkilərindən fərqli olaraq bu günkü vəziyyəti passiv qiymətləndirərdim. Siyasi aktivlik, xüsusilə müxalifət düşərgəsindəki siyasi fəallıq kifayətqədər aşağı səviyyədədir. Ancaq bütün bunların fonunda Azərbaycan Milli İstiqlal Partiyası kifayətqədər aktivdir. Ona görə də hesab edirəm ki, Azərbaycan Milli İstiqlal Partiyası bu il parlament partiyası olacaq.

-AMİP-in parlament seçkilərinə müstəqil, yaxud blok şəklində gedəcəyi dəqiqləşibmi?


-Hələlik bu məsələ açıq qalır. Hazırda bir neçə siyasi təşkilat Azərbaycan Milli İstiqlal Partiyası ilə danışıqlar aparır. Hesab edirəm ki, parlament seçkilərinə qədər Azərbaycan Milli İstiqlal Partiyasının bir neçə siyasi təşkilatla ikitərəfli müqaviləsi, anlaşması olacaq. Həmin anlaşmaya əsasən əməkdaşlıq etdiyimiz siyasi təşkilatın ən güclü, real namizədinə həmin seçki dairəsində dəstək verəcəyik. Eyni zamanda həmin partiya da namizədi olmayan seçki dairəsində AMİP-in ən güclü, real namizədinə dəstək nümayiş etdirəcək.

-Bu ərəfədə regional prosesləri necə dəyərləndirirsiniz? Bir tərəfdən cəbhədə erməni təxribatının artması, digər tərəfdən Türkiyənin İŞİD və PKK-ya qarşı aparıdğı mübarizənin Cənubi Qafqaza hər hansı təsiri olacaqmı?

-Türkiyə bizim strateji müttəfiqimizdir və regionda, NATO-da güc sahibi olan bir dövlətdir. Heç şübhəsiz ki, Türkiyədə cərəyan edən proseslərin regiona, o cümlədən Azərbaycana birbaşa təsiri var. Eyni zamanda Azərbaycanda olan proseslərin də Türkiyəyə təsiri var və bu danılmaz bir faktdır. Bununla yanaşı geopolitik anlamda "Altılıq” dövlətlərinin İranla anlaşması, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların da Azərbaycana təsirir var. Çünki bu proseslərin hamısı bir-birinə bağlı olan məsələlərdir. Azərbaycanın enerji daşıyıcılarının Avropaya nəqlində Türkiyə və Gürcüstanın xüsusi rola malik olduğunu nəzər alsaq, hər iki ölkə, xüsusilə qardaş Türkiyədə baş verənlərin Azərbaycana təsirsiz ötüşməyəcəyi şübhəsizdir. Ona görə də hesab edirəm ki, Türkiyənin İŞİD və PKK-ya qarşı aktiv mübarizəyə qoşulması regiona təsirsiz ötüşməyəcəyək. Bu arada onu da qeyd edim ki, istər İŞİD, istərsə də PKK özbaşına yaradılmayıb və onların arxasında müəyyən güc mərkəzləri, dövlətləri dayanır. Son vaxtlara qədər Türkiyə bu proseslərdən kənarda idi. Rəsmi Ankara yalnız Suriya və İraqdan qaçqın düşmüş insanlara yardım edirdi. Lakin müəyyən qüvvlər hər vasitə ilə Türkiyəni də aktiv hərbi əməliyyatlara cəlb etməyə çalışdılar və buna nail oldular. Ancaq düşünürəm ki, Türkiyə dövləti bütün, unitar dövlətdir və bu sınaqdan da alnıaçıq çıxacaq. Çünki Azərbaycana Türkiyənin stabilliyi, güclü olması lazımdır.

-Birləşmiş Ştatlar və Avropa İttifaqının TAP layihəsinə dəstək nümayiş etdirməsi hansı müsbət dividentlər gətirəcək?

-Birləşmiş Ştatlar və Avropa İttifaqının birbaşa TAP layihəsinə dəstək verməsi Rusiyanın Cənub Dəhlizi və Türk Axını məsələsini şübhə altına qoydu. Digər tərəfdən İran rəsmilərinin TAP layihəsinə maraq göstərmələri barədə açıqlamaları da müsbət dəyərləndirilməlidir. Paralel olaraq düşünürəm ki, bütün bunlar bizim xeyrimizə olan məsələlərdəndir. Baxmayaraq ki, Rusiya Yunanıstan vasitəsilə TAP layihəsinə maneçilik törədirdi. Ancaq bu məqsədlər baş tutmadı. Ümumiyyətlə, isə qarşıdakı müddətdə regionda ciddi hadisələr gözlənilir. Ona görə də bir qədər ayıq olmaq lazımdır. Xüsusilə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar çox ayıq olmalıdırlar.

Süleyman İsmayılbəyli


Millət