Şriftin ölçüsü / 604

İran Azərbaycandan pulunu tələb etdi

03 Avqust 2015 [16:58]
Royal Bank Mərkəzi Banka problem yaradıb

"İran və Azərbaycan arasında bank sahəsində əməkdaşlığın böyük tarixi var. Bizim bir neçə bankımızın, o cümlədən "Bank Melli İran"ın şöbəsi Azərbaycanda fəaliyyət göstərir. Təəssüflər olsun ki, sanksiyaların yaratdığı problemlərə görə bizim banklarımızın Azərbaycandakı fəaliyyətində məhdudiyyətlər yarandı". Bunu İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.

Onun sözlərinə görə, İran tərəfi istərdi ki, "Bank Melli İran"ın Azərbaycanda fəaliyyəti bütün istiqamətlərdə olsun: "Və Azərbaycan tərəfinin bunun üçün kömək edəcəyinə ümidimiz var. Biz "Bank Melli İran"ın kapitalını da artırmışıq. Azərbaycanda olan vəsaitlərimizin bir hissəsini bu bankın kapitalının artırılmasına yönəltmişik. Eləcə də İranın "Parsian" və "Pasargad" bankları Azərbaycanda filiallar açmaqla fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu iki bank İranın özəl bankıdır və Azərbaycanda öz filiallarını açmaq üçün zəruri şərtlərə əməl etməyə hazır olduqlarını elan ediblər".

M.Möhtəşəmi qeyd edib ki, bundan başqa, Azərbaycan və İran müştərək bankın təsis edilməsində maraqlıdırlar: "Biz istərdik ki, Azərbaycan banklarından biri və ya bir neçəsi İranda öz filialını açsın və fəaliyyət göstərsin. İki ölkə arasındakı ticarət dövriyyəsi artarsa, hər iki ölkədə bank filiallarının təsis edilməsinə ehtiyac yaranacaq. Xüsusilə də Azərbaycan bankları ilə broker əlaqələrinin qurulması önəmlidir. Yaranmış problemlərin bir hissəsi Azərbaycanın sanksiyalarla bağlı narahatlığından irəli gəlirdi. Bilirsiniz ki, sanksiyaların ləğvində ən önəmli məsələlərdən biri maliyyə və bank sanksiyalarının ləğvidir ki, bu da tezliklə ləğv olunacaq".

O, sanksiyaların ləğvindən sonra Azərbaycan bank sisteminin əməkdaşlıq üçün geniş imkanları olacağını düşünür: "Əlbəttə, bizim bir sıra problemlərimiz də var. Azərbaycan banklarında iranlıların müəyyən miqdarda vəsaiti bloklaşdırılıb. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bir bank - Royal Bank iflas edib. Həmin bankda İranın İxracat İnkişaf Bankının və hüquqi şəxslərinin vəsaitləri var idi ki, biz Azərbaycanın Mərkəzi Bankı və hökumətindən bu problemi həll etməyi istəmişik. Ümid edirik, problem tezliklə öz həllini tapacaq. Həmçinin Azərbaycan hökumətinin, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyətinin "Bank Melli İran"ın binası ilə bağlı ölçü götürməsi üçün əməkdaşlığa ehtiyac var. Bu kimi məsələlər Azərbaycan və İran arasında bank sahəsində aparılan müzakirələrin bir hissəsidir ki, bunlarla bağlı yaxşı nəticələr də əldə olunub. İki ölkənin bank sisteminin fəal və etibarlı olması digər sahələrdə də əməkdaşlığın inkişafına təsir göstərəcək". (Fins.az)


Millət