Şriftin ölçüsü / 812

Həyat-Sənət-İnsan

26 Oktyabr 2015 [19:30]

Asif Atanın Həyat-Sənət-İnsan ölçüsü

İnam Atanın (Asif Atanın) "Həyat-Sənət-İnsan” yazısı 80-ci illərin sonunda yazılıb. Əsərdə Həyatın, Sənətin İnsana münasibəti hərtərəfli araşdırılır, özünəməxsus qənaətlərə gəlinir.

Sosializmin insan yaşamına, özümlüyünə yadlığı, insanın cəmiyyətdə qəribliyi, ulusal (milli) dəyərlərdən uzaqlaşması, uzaqlaşdırılması fəlakəti yazıda hərtərəfli açılır.

Ata özümlü ədəbiyyat istəyir. İnsan Mütləqə İnam əsasında var ola bilər, özümlüyünü yarada bilər, Yaşamı (Həyatı) insanlaşdıra bilər. Ədəbiyyatın başlıca işi İnsançılıqdır.

İnsançı ədəbiyyat soraqlısı insan, ulus yanğılısı olmalıdır...

İşıqlı Atalı,

Mütləqə İnam Ocağının Yükümlüsü

***

İnam Ata (Asif Ata)

Həyat-Sənət-İnsan

1. Ənənə və müasir sənət

Müasir sənət ənənədən hələ üzəvari bəhrələnib, onun daxili məziyyətlərinə, idraki bədii mahiyyətinə çatmayıb.

Nizamidən necə bəhrələnib müasir ədəbiyyat?

Ülvi qəhrəmanlar, ruhani pafos, müdriklik aforistik üslub, zəngin obrazlar səviyyəsindən uzaq!

Dəbdəbə sayıldı çox vaxt bu məziyyətlər, realizmə yad – çılğın təmtəraq, mücərrəd mühakiməçilik sayıldı!

Nəsimidən necə bəhrələndi müasir ədəbiyyat?

Ənəlhəqq səviyyəsindən, sığmazlıq ülviyyətindən, ruhani gözəllik qüdsiyyətindən, vəcdli idrakdan, müqəddəslik ehtirasından uzaq.

Bunlar bəyənildi, təqdir olundu, ancaq tarixi hadisə kimi, ötüb-keçən bədii məqam kimi; – ədəbi iqlim kimi yox, mənəvi həyatın üzvi hissəsi kimi yox!

Füzulidən necə bəhrələndi müasir ədəbiyyat?

Ali məhəbbət ehtirasından, ehtiyacından, səcdəsindən, bəlasından uzaq; Leylisiz, Məcnunsuz keçindi ədəbiyyat, "müasir sevgiyə” uyğun gəlmədi məcnunluq, ağıllılara yaramadı "dəlilər”!

Füzuli sevildi, təqdir olundu, ancaq ədəbiyyata müəllimlik eləmədi, zəruri olmadı bədii gedişatda; zinət kimi sevildi, çörək kimi sevilmədi.

Nizami necə sevildi?

Öz ruhani mahiyyətindən, "əxiliyindən” uzaq, onlara qarşı çevrilmiş, müasir sxemlərə uyğun.

Nəsimi necə qiymətləndirildi?

Öz ruhani mühitindən, təriqətindən, hürufi doğmalığından uzaq salınmış biçimdə…

Füzuli necə qiymətləndirildi?

Özündən, ruhani mühitindən, sufi istiqamətindən uzaq, müasirləşmiş, özgələşmiş şəkildə.

Muğam üstə nikbin şüarlar oxuyuruq; unuduruq ki, muğamın cövhəri qəmdir, qəm üstündə şüar oxumazlar, şuxluq da muğama uyuşmur; bu səbəbdən də şux qəzəllərdə muğam hərcayiləşir, müasir muğam düzəldirik az qala muğamın ziyanına.

Nəticədə ənənədən uzaqlaşdıq – ənənəni alqışlaya-alqışlaya, indi gərək təzədən qayıdaq ona, həm bədii təcrübədə, həm də nəzəriyyədə.

Şərqiliyimizdən utanırdıq, şərqli olmağı, görünməyi qəbahət sayırdıq, Avropaya bənzədirdik Şərqimizi, Avropaya bənzəməməkdən diksinirdik.

Əslində ənənəyə qarşı laqeydlik ənənəsi yaranıb ki, ondan əl çəkməliyik.

2.Dünyəvilik və Xəlqilik

Sənətdə Dünyəvilik İdrakın, Mənəviyyatın və bədii biçimin səviyyəsiylə ölçülür; yəni Dünyəvi sənət o sənətdir ki, onun ifadə etdiyi məzmun, təsdiq elədiyi mənəvi aləm və nail olduğu bədii biçim Dünyəvi səviyyədə olsun.

Dünyaya yayılmaq, dünyada tanınmaq, dünya tərəfindən təqdir olunmaq sənətin dünyəviliyini müəyyən eləmir.

Sabir satirası öz bədii-idraki səviyyəsinə görə dünyəvi hadisədir.

Ancaq dünyada Sabirdən daha çox tanınmış şairlər var ki, onların dünyəvi məziyyətləri Sabirinkindən çox aşağıdır.

Füzuli lirikası öz bədii-idraki səviyyəsi etibarilə nadir dünyəvi hadisədir.

Ancaq dünyada Füzulidən daha artıq tanınan, yayılan, təbliğ olunan liriklər çoxdur və onlar şairimizdən daha az dünyəvidirlər.

Nəsimi həm şəxsiyyət, həm də sənətkar kimi dünyanın birinci simalarındandır.

Ancaq dünyada Nəsimidən qat-qat çox tanınan sənətkarlar, qəhrəmanlar var ki, onlar Nəsimidən qat-qat az dünyəvidirlər.

Prinsip etibarilə dünyanın tanımadığı, ancaq əslində dünyəvi olan sənətkarlar, mütəfəkkirlər mövcud ola bilərlər.

Məsələ bundadır ki, dünyəvilik zahiri keyfiyyət deyil, daxili keyfiyyətdir.

Dünyada tanınmaq nəinki Dünyəviliyin yeganə xüsusiyyəti deyil, əslində əsas xüsusiyyəti deyil.

Məsələn, Babək əslində 23 Spartak deməkdir; çünki o Xəlifəliklə 23 il vuruşdu, ancaq Spartakın Roma imperiyası ilə döyüşü cəmi bir il çəkdi, üstəlik Spartakın məqsədi Romanı məğlub eləmək deyildi, köləlikdən xilas olub vətənə qayıtmaq idi; Babək isə Xəlifəliyi məğlub eləmək üçün qılınca sarılmışdı.

Ancaq Spartakı dünyada Babəkdən çox tanıyırlar.

Avropasentrizm əsasında Dünyəvilik standartı icad olunub, ancaq bu, ötəri, keçici hadisədir.

Dünyəviliyin əsas məkanı xalqdır.

Dünyaya sığmayan Vətənə sığır.

3. Tənqidi təmayül problemi

Sənətdə tənqidi təmayül həyatdakı eybəcərliyə qarşı Ruhani, Mənəvi müqavimət yaradır. Cəmiyyətdə və o cümlədən sənətdə tənqidi təmayül zəif olduqda qəbahət həddini aşır. Sənətin ictimai və mənəvi qəbahətə qarşı müqaviməti son vaxtlar hədsiz dərəcədə zəifləmişdi; bu səbəbdən də eybəcərliyin sənət sarıdan elə bir nigarançılığı olmurdu.

Sənət nəinki eybəcərliyi sarsıtmaq iqtidarında deyildi, əslində o, ona heç toxunmurdu da. Həyatda əliəyrilik, ürəyiəyrilik, qatillik, zalımlıq, azğınlıq, yırtıcılıq, idealsızlıq baş alıb gedirdi – sənətə məhəl qoymadan.

Əslində qəbahətin sənət adlı yağısı yox idi!

Eybəcərlik sənətdən qorxmurdu, çəkinmirdi, çünki sənət eybəcərliklə döyüşmürdü, onun bədii təhlili, tədqiqi yox dərəcəsindəydi, – mahiyyət açılmırdı, təzahür üzəvari sadalanırdı, eybəcərlik dəhşəti görünmürdü, ictimai arsızlıq hökm sürürdü. Bunun bir səbəbi də o idi ki, ehkamçılıq "həyatımızda köklü, barışmaz ziddiyyətlər yoxdur”, – deyə bağırırdı və bundan belə bir nəticə çıxırdı ki, guya mənfi təmayüllər bizdə ötəri hadisələrdir və bu səbəbdən də xüsusi narahatçılığa elə bir ehtiyac duyulmur.

Ehkamçılıq deyirdi ki, sənətimizin qayəsi cəmiyyətin təsdiqi olduğundan, mənfi cəhətlərin tənqidi ikinci dərəcəli məsələdir, bu cəhətdən "ifşaçılıq” lap dözülməz günahdır: kimi ifşa eləyirsən, nəyi ifşa eləyirsən? Obyektiv olaraq Ehkamçılıq – Eybəcərliyi sənətdən qoruyurdu.

Ən yaxşı halda qəbahət şəxsi, fərdi keyfiyyət kimi təsvir olunurdu: ayrı-ayrı kolxoz sədrləri, raykom katibləri, mağaza müdirləri və s. danlanırdı, ancaq Eybəcərlik ictimai hadisə, bəla kimi tədqiq olunmurdu, çünki bu artıq Ehkamçılıq həddinə sığan əməl deyildi.

Bir vaxtlar "Ölülər” yazılırdı və "Şeyx Nəsrullahlar dünyası” titrəyirdi, mürtəcelərin sənətə nifrəti, hiddəti yerə-göyə sığmırdı, çünki əsər eybəcərliyin belini qırırdı.

Cəlil dövrüylə öz dövrümüz arasındakı fərqi heç kəs inkar eləmir; ancaq eybəcərlik bütün dövrlərdə var və bütün dövrlərdə o ciddi, güclü, təhlükəli hadisə olur, onunla ciddi, möhkəm döyüşmək lazım gəlir.

Eybəcərliyi rədd etmədən gözəlliyi təsdiq etmək olmaz.

"Yeni İnsan” ideyasını fetişləşdirirdilər, onu az qala cəmiyyətin bütün adamlarına şamil edirdilər.

Həyatda isə bu "yeni adamın” neçəsi riyakarlığın, rüşvətxorluğun, böhtançılığın zirvəsini fəth etməklə məşğul idi.

İndi bu tipli "yenilərin” əzəli yırtıcılığı üzə çıxdı, ancaq ədəbiyyatın da bu işdə əhəmiyyətli rolu görünmədi.

Ədəbiyyatın müsbətçiliyi ifrata vardıqca, həyatın "mənfiçiliyi” artdı.

Sənətdən müsbətlik və mənfilik dozası tələb eləmək lazım deyil, Sənətdən cəmiyyətin mənəvi səviyyəsi üçün məsuliyyət tələb etmək lazımdır.

Əgər həyatda mənəviyyat qıtlığı varsa, deməli, cəmiyyətdə ədəbiyyat qıtlığı var.

4. Müasir Yön

Bugünkü sovet ədəbiyyatında iki bir-biriylə bağlı problem: insana qarşı qatillik və insanın qatilləşməsi, vəhşiləşməsi ön plana keçir.

İnsan qatillərin və qatilliyin hücumuna məruz qalır və özü Qatilləşir.

Birinci təmayülün bariz nümunəsi Yusif Səmədoğlunun "Qətl günü” romanıdır.

Qatilliyin əzəli və müasir mənası, ənənəvi, irsi mahiyyəti, xələfləri və varisləri, qətiyyəti və daxili miskinliyi, qətl olunanların müsibətli ləyaqəti, nəhayət, müqəddəs cəza yekunu – romanda yetkin bədii ifadə səviyyəsində canlandırılıb.

İkinci təmayülün bariz nümunəsi "Cəllad kötüyü” əsəridir.

Canavar insanların neçəsindən daha ləyaqətli, daha mərhəmətlidir, insanların neçəsi canavardan daha zalım, daha azğındır, canavara şükür eləmək lazım gəlir, "canavarlaşma təhlükəsi yaranıb həyatda” – deyə haray qoparır əsər və bu haray əsaslıdır, ictimai arsızlıqdan ayırandır.

Bu iki əsərdə görünən yön gərəkli və sabahlıdır: İnsana yanmalıdır ədəbiyyat!

5. İdeal və Gerçəklik

Ən kamil həyat belə İdealdan aşağıdır.

Həyat heç vaxt İdeala bərabər olmur.

İdeal həmişə gerçəklikdən artıqdır, böyükdür, yüksəkdir.

Ehkamçılıq isə bir çox hallarda İdealla həyatı eyniləşdirir və əslində sənətdən həyatı ideallaşdırmağı tələb eləyirdi.

Təbiidir ki, o, niyyətini açıq söyləmirdi, yeri gələndə ideallaşdırma ilə mübarizə də eləyirdi, ancaq əslində – "həyatı təhrif etmək əleyhinə” döyüş bayrağı altında həyat həqiqətiylə döyüşürdü.

Döyülən, söyülən, təhqir olunan əsərlərin çoxu Ehkamçılığın qurbanı idi.

Ehkamçılıq sənətdən həyat tələb eləmirdi, ideallaşdırılmış qeyri-həyat tələb eləyirdi. Əslində o, ideallaşdırılmış həyatdan başqa həyat tanımır, sənətdə həyat görəndə o, bunu qeyri-adilik damğasıyla damğalayırdı.

Bu səbəbdən də ədəbiyyat gerçəklikdən ayrılırdı, İdealdan fərqlənən, İdeala bənzəməyən nə vardısa, "həyatın təhrif olunması” sayılırdı.

"Həyatı təhrif etmək” damğası ən çox həyati əsərlərə vurulurdu.

Əslində ehkamçılıq həyatdakı eybəcərliyin dincliyini qoruyurdu, xətrini saxlayırdı, qaş qayırdığı yerdə göz çıxarırdı, idealı qorumaq əvəzinıə idealsızlığı qoruyurdu.

Məsələn, bütün dövrlərin sənətkarları dərdli olublar. İndiki sənətkarlara dərd, qəm, kədər yasaq edilməsə də, yaraşdırılmırdı (Cənub dərdindən başqa).

Nəyin dərdini çəkməliydi axı sənətkar? Dərd çox idi:

harınlıq, zalımlıq, ədalətsizlik, ruhani kasadlıq, ləyaqətsizlik!

Dərd çox idi, həm də ictimai dərd idi, İdealla gerçəkliyin ziddiyyətindən doğmuşdu.

Ancaq dərdlənmək dərd olurdu: bədbinçi damğasına yarayırdın, işıqlı dünyadan uzaq, iraq sayılırdın.

Ədəbiyyatı ictimai dərddən təcrid elədilər və ictimai dərd artdı, qəm ürəkdə qaldı, aşkara çıxmadı, ürəyi yandırdı. Ədəbiyyat gerçəklik haqqında ideal təsəvvür yaratdı və həyatın ideala doğru gedişinə maneə törətdi.

İndi idealla gerçəkliyin fərqi aşkara çıxarılıb və burada da ədəbiyyatın mühüm rolu görünmədi.

6. Tənqidə tənqidi münasibət

Tənqidə tənqidi münasibət son dərəcə zəruridir.

Tənqid xalqa borcludur.

O, ədəbiyyatın səviyyəsi üçün xalq qarşısında borcludur.

O, ədəbiyyatla birlikdə mənəvi həyatın səviyyəsi üçün xalq qarşısında borcludur.


İşıqlı Atalı