Şriftin ölçüsü / 706

Partiyada kifayət qədər iddialı və sədrliyə layiq namizədlər var

12 Noyabr 2015 [18:39]
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə Teleqraf.com-a müsahibəsində partiyadakı hazırki situasiyanı dəyərləndirib.

- Partiyanın qurultayı nə zaman keçiriləcək? Hazırda AMİP-in qarşısında duran məsələlər nədən ibarətdir?

- Parlament seçkilərindən sonra diqqət partiyadaxili məsələlərin həllinə yönəlib. Çünki seçkiqabağı partiya bütün gücünü seçkilərə yönəltmişdi. Yaxın dövrda Mərkəzi Şuranın çağırılması və qurultayın keçirilməsi ilə bağlı məsələlərə baxılacaq.

- Sədrliyə iddiasını ortaya qoyanlar varmı?

- İddialılar şübhəsiz ki, olacaq. Bugünədək heç kəs iddiasını ortaya qoymayıb. Bizdə belə qayda var ki, qurultay təyin olunandan sonra AMİP üzvləri namizədliklə bağlı məlumat verib təbliğata başlamalıdır. Ona görə də bu gün iddialılar bəlli deyil. Hesab edirəm ki, partiyada kifayət qədər iddialı və sədrliyə layiq namizədlər var.

- Özünüz sədr olmaq niyyətindəsiniz?

- Qurultayın keçirilməsi ilə bağlı qərar veriləndən bu məsələyə münasibət bildirəcəyəm.

- Partiyada rəsmi sədr olmaması AMİP-də narahatlıq yaradır?

- Partiyada hər şey öz axarı ilə davam edir. Əvvəlcədən sistem elə qurulub ki, kollektiv idarəçilik var. Katiblik institutu, Mərkəzi Şura, Siyasi Şura kimi qurumlar var ki, onlar öz işini davam etdirir. Faktiki olaraq sədrin olmaması narahatlıq yaratmır. Amma şübhəsiz ki, sədr olaraq kiminsə AMİP-i təmsil etməsinə ehtiyac var. Çünki nizamnamə bunu tələb edir.

- Keçmiş sədr Yusif Bağırzadə ilə istefasından sonra təmas qurmusunuz? Bu addımı niyə atdığını aydınlaşdırmısınız?

- İstefadan sonra hər hansı təmas qurulmayıb. Yəqin ki, səhhəti imkan verəndə bizimlə təmas quracaq və məsələlərlə bağlı özü ətraflı məlumat verəcək.

- AMİP lideri Etibar Məmmədovun hazırki situasiyaya münasibəti necədir? Yeni sədr seçkisi ilə bağlı onunla məsləhətləşmə aparacaqsınız?

- Etibar bəy partiya lideridir, gərək olduqca onunla müəyyən məsələlərlə bağlı məsləhətləşmələr aparılır. Sədr seçkisi də kifayət qədər ciddi məsələdir. Etibar bəyin də tövsiyəsinə ehtiyac olacaq. Amma Etibar Məmmədov bugünkü və bundan əvvəlki idarəçilik işlərinə qarışmayıb. Bu məsələlərdə partiya rəhbərliyinə tam sərbəstlik verilib. Sədr seçkisi ilə bağlı məsələ gündəmdə olmadığından bu barədə onunla heç bir müzakirə aparılmayıb.

- Yusif Bağırzadənin gedişi partiyada parçalanmaya səbəb oldumu?

- Yox, parçalanmaya səbəb olmadı, heç gözlənilmir də. Yalnız Yusif bəyin özü sədrlikdən kənara çəkilib. Partiyada heç bir çalxalanma yoxdur. Heç kəs partiyadan uzaqlaşmayıb.

- Sədr seçkisi ilin sonuna kimi ola bilərmi?

- Hesab edirəm ki, ilin sonuna kimi bu məsələ həllini tapacaq.


Millət