Şriftin ölçüsü / 745

AMİP qardaş Türkiyənin tərəfini tutdu

26 Noyabr 2015 [16:31]

Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda regiondakı mövcud durum və Azərbaycanda ictimai-siyasi vəziyyət, partiyanın yaxın dövr üçün ölkədaxili və beynəlxalq tərəfdaşları ilə əlaqəli fəaliyyət istiqamətləri, Türkiyə səmasında Rusiya Federasiyasına məxsus döyüş təyyarəsinin vurulması ilə əlaqədar yaranmış siyasi vəziyyət və cari məsələlər müzakirəyə çıxarılıb.

Geniş və hərtərəfli müzakirələrdən sonra müxalifətdaxili əməkdaşlıq və inteqrasiya təşəbbüslərinin artırılması, partiyalarla təmasların qurulması və siyasi gərginliyin azaldılması istiqamətində konkret addımların atılması məqsədəmüvafiq hesab edilib. Bu kontekstdə AMİP Siyasi Şurası ölkədə qarşılıqlı anlaşma mühitinin yaradılması istiqamətində partiyanın fəaliyyətinin gücləndirilməsini zəruri sayıb. Siyasi Şura həmçinin AMİP Mərkəzi Şurasının müvafiq daimi komissiyalarına aidiyyatı sahələr üzrə hərtərəfli siyasi və iqtisadi analizlərin aparılması və problemlərdən çıxış yollarının işlənib hazırlanması üçün təkliflər hazırlamasını tapşırıb.

Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkə sərhədlərini pozduğu səbəbindən Rusiyaya məxsus bombardımançı təyyarənin vurulması barədə aparılan müzakirənın nəticəsi olaraq AMİP Siyasi Şurası suverenlik və ərazi bütövlüyünün qorunmasını hər bir dövlətin müstəsna hüququ kimi dəyərləndirib və bu sahədə beynəlxalq hüquq normalarının və prinsiplərinin pozulmasının yolverilməzliyini qeyd edib. AMİP Siyasi Şurası hesab edir ki, Rusiya Federasiyası aqressiv siyasət əvəzinə öz qonşuları ilə mehriban, dinc və qarşlıqlı etimad və hörmətə əsaslanan siyasət yürütməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına töhfə verməklə yanaşı, regionda önəmli və güvənilən dövlətə çevrilə bilər. Siyasi Şura regonda və dünyada gərginliyin artırılımasından çəkiniləcəyinə, qarşı duran tərəflərin daha pozitiv addımlar atacağına ümid etdiyini bildirib.

Siyasi Şura qardaş dövlətin hava məkanının dəfələrlə pozulduğunu qətiyyətlə pisləyərək, Türkiyənin müdafiə haqqını taınıyıb və müstəqil dövlət olaraq suveren hüquqlarının pozulmasına qarşı atdığı hər bir addımı və tədbirləri dəstəklədiyini və hər zaman qardaş ölkənin yanında duracağını bir daha bəyan edib. Eyni zamanda Azərbaycan hökumətinin belə bir məqamda susqun mövqe tutmasından təssüfləndiyini bildirib.

AMİP Siyasi Şurası son günlər regionda gərginliyin daha da artmasından narahatlığını ifadə etməklə yanaşı, iqtidarı gözlənilməz hadisələrə hazır olmağa çağırıb. Həmçinin, hökumətdən ölkədə günü gündən artan narazılığın qarşısnı almaq üçün köklü islahatlar aparılmasını, xalqın maraqlarını qoruyan addımlar atılmasını tələb edib.


Asya Cəlilova