Şriftin ölçüsü / 1231

AMİP xalqa hesabat verdi

25 Dekabr 2015 [15:40]

Bu gün AMİP-in müvəqqəti Mərkəzi Qərargahında Azərbaycan Milli İstiqlal Partiyasının ilin yekunlarına həsr olunmuş Mətbuat Konfransı keçirilib. Mətbuat Konfransını açan AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, təmsil olunduğu partiya hər ilin sonunda göstərdiyi fəaliyyətlə bağlı ictimaiyyətə hesabat verir və növbəti il üçün planlarını açıqlayır. Bu səbəbdən də partiya rəhbərliyi ənənəyə sadiq qalmaqla KİV vasitəsi ilə 2015-ci ilin yekunları ilə bağlı hesabatı cəmiyyətın diqqətinə çatdırmağı lazım bilmişdir.

AMİP-in Sədr əvəzi, partiyanın Baş katibi Arzuxan Əlizadə KİV nümayəndələri qarşısında hesabatla çıxış edərək aşağıdakı fikirləri səsləndirib: "Yola saldığımız 2015-ci il Dünyada, regionda və Azərbaycanda baş verən sürətli proseslər və dəyişikliklər fonunda bir sıra mühüm hadisələrlə yadda qalmışdır. İl ərzində ölkənin aparıcı siyasi təşkilatlarından biri olaraq AMİP həmişəki kimi ölkədəki proseslərin episentrində olub. Cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etməklə partiya üzərinə götürdüyü missiyanı, o cümədən cəmiyyətin demokratikləşməsi uğrunda mübarizəni dönmədən aparıb. Müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatı olaraq AMİP siyasi institutların mövcudluğunu demokratik cəmiyyətin dinamik inkişafının əsaslarından biri olaraq görür və bu konteksdə ölkədə fəaliyyət göstərən siyasi partiyalara sağlam rəqabət mühiti yaradılmasını vacib hesab edir. Partiya ölkə siyasi partiyalarının hazırki durumundan narahatlığını ifadə edərək bu məsələnin geniş ictimai müzakirəyə çıxarılması məqsədi ilə cari ilin 12 mart tarixində bütün siyasi qüvvələrin iştirakı ilə BMM-də "Azərbaycanda siyasi partiyalar: movcud durum və reallıqlar” mövzusunda dəyirmi masa keçırməklə çıxış yollarını müzakirəyə çıxarmışdır. Eyni zamanda AMİP ölkədə qarşılıqlı etimad mühitinin yaradılması məqsədi ilə dialoq təşəbbüsləri ilə çıxış etmiş, iqtidar nümayəndəsi ilə təşkil olunan görüşlərə qatılmış, həmin görüşlərdə mövcud seçki qanunvericliyinin təkmlləşdirilməsi, proporsional və ya qarışıq seçki sisteminin bərpası; parlamentdə təmsil olunmayan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi; siyasi partiyaların maddi-texniki bazasının yaxşılaşdırılması və normal fəaliyyət göstərmələri üçün mənzil-qərargahlarla təmin olunması və bir sıra digər təkliflərlə çıxış etmişdir. Müxalifətdaxili inteqrasiya və əməkdaşlıq istiqamətində də dəfələrlə təşəbbüslər qaldırılmış və bununla bağlı digər siyasi partiyalarla bir sıra təmaslar qurulmuşdur.

2015-ci il Azərbaycanda parlament seçkiləri ili olduğu üçün partiya il ərzində əsas fəaliyyət istiqamətlərini seçkilərdə aktiv iştiraka kökləmişdir. Bununla əlaqədar Siyasi Şuranın mart və Mərkəzi Şuranın aprel iclaslarında müvafiq hazırlıq qərarları verilmişdir. 2010-cu il seçkilərindən fərqli olaraq bu dəfə daha çox kəmiyyətə deyil, keyfiyyətə üstünlük vermək qərara alınmış və partiya parlament seçkilərində 29 namizəd irəli sürmüşdür. Lakin qeydiyyat prosesində bir sıra səbəblərdən seçkiyə yalnız 12 qeydə alınmış namizədlə qatılmaq mümkün olmuşdur. Nəticə etibarı ilə növbəti dəfə haqqının yeyilməsinə və AMİP-in parlamentdə təmsil olunmamasına baxmayaraq, hesab edirik ki, namzidələrimiz qeyri-bərabər və qeyri-sağlam seçki mühitində mübarizə apararaq kifayət qədər əzm və fədakarlıq göstərməklə seçicilərin böyük dəstəyini qazana bilmişdir.

Ötən il AMİP-in növbəti 11-ci Qurultayının keçirilməsinə hazırlıqlarla yadda qalmışdır. Bu məqsədlə aprelin 12-də Mərkəzi Şura müvafiq qərar vermiş və Qurultaya hazırlıq üzrə Təşkilat komitəsi formalaşdırılmışdır. Keçən müddət ərzində AMİP-in bütün rayon təşkilatlarında hesabat-seçki Konfransları keçirilmış və Qurultaya nümayəndələr seçilmişdir. Əsas diqqətin parlament seçkilərinə yönəlməsi və bir sıra təşkilati-logistik işlərin yekunlaşmaması səbəbi ilə Qurultayın növbəti 2016-cı ildə keçirilməsi qərara alınmışdır.

Partiya cari ildə beynəlxalq əlaqələr sahəsində bir sıra uğurlara imza atmışdır. Beynəlxalq Demokrat İttifaqı (İDU) çərçivəsində dünyanın aparıcı ölkələrinin nüfuzlu siyasi partiyaları ilə mütəmadi təmaslar olmuş, eləcə də yeni əməkdaşlıq münasibətləri qurulmuşdur. Eyni zamanda Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası (EPP) ilə münasibətlər inkişaf etdirilmiş, EPP rəhbərliyi ilə Brüsseldə EPP mənzil-qərərgahında və Avropa Parlamentində bir sıra görüşlər keçirilməklə AMİP-in bu nüfuzlu quruma üzvlüyü məsələsində prinsipial razılığa gəlinmişdir. Təəssüf ki, ötən il partiyanın beynəlxalq əlaqələrinə hökumətin suni maneəsi ilə də yadda qalmışdır. Belə ki, AMİP-in uzun illər ərzində sıx əməkdaşlıq etdiyi İsveçin Moderat partiyası ilə may ayında Bakıda birlikdə keçirməyi planlaşdırdığı beynəlxalq Konfransda iştirak üçün adı çəkilən təşkilatın nümayəndələrinə heç bir səbəb göstərilmədən viza verilməmiş, bu səbəbdən də əvvəlcədən razılaşdırılmış beynəlxalq Konfrans baş tutmamış və bununla da ümumilikdə Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurulmuşdur.

Ötən il ərzində AMİP rəhbərliyi istər Avropa Parlamenti, Avropa Komissiyası, eləcə də digər nüfuzlu Avropa qurumlarında, istərsə də Azərbaycanda akreditə olunmuş bir sıra aparıcı dövlətlərin səfirləri və beynəlxalq qurumların nümayəndələri ilə görüşlərdə prioritet olaraq ölkədə və regionda gedən proseslər, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf yeddi rayonu, Ermənistanın təcavüzkar siyasəti və beynəlxalq qurumların bu məsələdə ikili standartlardan çıxış etməsi ilə bağlı prinsipial mövqe ortaya qoymuş, bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

Partiya hələ fevral ayında manatın birinci devalvasiyası zamanı bunun ölkə iqtisadiyyatına vuracağı zərərdən, eləcə də əhalinin müflişəcəyindən narahatlığını ifadə edərək, mövcud çıxış yolları barədə təkliflərlə çıxış etmişdir. Təəssüf ki, hökumət verilən təklifləri gözə almamış, həmçinin özü lazımi tədbirlər planı hazırlamamışdır. Nəticə etibarı ilə, dekabrın 21-də manatın ikinci devolvasiyası baş vermiş və ölkə iqtisadiyyatı cidii böhrana girmək təhlükəsi ilə üzləşmişdir. AMİP bu məsələyə də ciddi reaksiya vermiş və hökumətdən təcili təxirəsalınmaz tədbirlər həyata keçirilməsini tələb etmişdir.

Bu gün narahatedici məqamlardan biri də Azərbaycanda siyasi institutların maddi-texniki bazasının dağıdılması, müxtəlif üsullarla onların fəaliyyətinin qarşısının alınmasıdır. Belə ki, ötən il ərzində Əmlak məsələləri üzrə Dövlət Komitəsi AMİP-in Binəqədi, Sabuncu, Nərimanov, Göygöl, Qaradağ rayon təşkilatlarının yerləşdikləri qərərgahlarla olan icarə müqavilələrinə birtərəfli qaydada, əsaslı səbəb olmadan qanunsuz olaraq xitam verməklə həmin qərərgahları partiyanın əlindən almağa cəhd etmişdir. Bundan əvvəl isə 1992-ci ildən AMİP Səbail rayon təşkilatının icarəsində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 8 ünvanında yerləşən qərərgahı əvvəlcədən xəbər verilmədən icindəki avadanlıqlar, partiya sənədləri, arxiv, və diğər əmlakla birlikdə dağıdılaraq yerlə yeksan edilmiş və partiyaya küllü miqdarda maddi ziyan vurulmuşdur. Bu özbaşınalıq və vandalizm aktı barədə müvafiq dövlət qurumlarına, hüquq mühafizə oraqanlarına, həmçinin dövlət başçısına müraciət olunsa da təəssüf ki, indiyədək heç bir tədbir görülməmiş və günahkarlar cəzalandırılmamışdır. Hal-hazırda bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində məhkəmə çəkişməsi davam edir.

Son olaraq bildirmək istəyirik ki, partiyaya olan bütün bu basqılara və təzyiqlərə baxmayaraq AMİP qarşılayacağımız ildə də həmişə mübarizənin önündə olacaqdır.”

Sonda A. Əlizadə KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb. Mətbuat Konfransında AMİP təşkilat Katibi Nazim Ələsgərov və AMİP Beynəlxalq məslələr üzrə katib Elşən Mustafayev də iştirak etmişdir.


Asya Cəlilova