Şriftin ölçüsü / 652

Havalar pisləşəcək

30 Dekabr 2015 [15:27]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Qeyri-sabit hava şəraiti yanvarın 4-dək davam edəcək.

***

Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər zəif duman olacağı, axşama doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskinli olacağı, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Dekabrın 30-u axşamdan yanvarın 3-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü xəzri küləyi fonunda havanın temperaturunun 10 dərəcəyədək aşağı enəcəyi, havanın yağıntılı olacağı gözlənilir.

Belə küləkli, soyuq diskomfortlu və yağıntılı hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir.


Millət