Şriftin ölçüsü / 742

Azərbaycan münaqişənin həlli ilə bağlı alternativ variantlar üzərində düşünməlidir

13 Yanvar 2016 [17:26]
Əli Orucov: "Ona görə reaksiya vermədilər ki, həmsədrlər praktiki olaraq münaqişənin həllində maraqlı deyil"

"ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının özü formal xarakterlidir"

2015-ci ildə İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baş tutan görüş formal xarakter daşıyıb.
Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: "Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq. Risqlərin azaldılmasına çalışacaq. Ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyiş olmayıb. Prezidentlərin son görüşü də formal xarakter daşıyıb. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu mümkün qədər saxlamaq istəyir. İşğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir. Vaxt uzatmaqla məşğuldur və danışıqları gələcəkdə də sonsuz bir proses kimi görmək istəyir".
İlham Əliyev Azərbaycanın mövqeyinin isə fərqli olduğunu diqqətə çatdırıb: "Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir".
İlham Əliyev, həmçinin, 2015-ci ildə Azərbaycanın təmas xəttində üstünlüyə yiyələnərək öz iradəsini diqtə etdiyini, ölkəmizin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğulayıb.
Ölkənin birinci şəxsi tərəfindən danışıqlarda heç bir irəliləyişin olmamasının bəyan olunması ali səviyyədə verilən rəsmi açıqlamadır. Ancaq maraqlıdır ki, danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu həmsədrləri indiyədək buna heç bir reaksiya verməyib. Hazırkı vəziyyətin hansı tərəfin məsuliyyəti üzündən yarandığına münasibət bildirilməyib. Halbuki, məlum açıqlama danışıqların dalana dirəndiyini göstərən ciddi məlumatdır.
Maraqlıdır, həmsədrlər Azərbaycan Prezidentinin real və açıq qiymətləndirməsinə niyə reaksiya vermir?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bunu bir sıra amillərlə əlaqələndirdi: "Ona görə reaksiya vermədilər ki, həmsədrlər praktiki olaraq münaqişənin həllində maraqlı deyil. Onlar yaxşı bilir ki, aparılan danışıqların heç bir nəticəsi yoxdur və yaxın perspektivdə danışıqlarda hansısa irəliləyiş gözlənilmir. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının özü formal xarakterlidir. Belə olan halda, hansı reaksiyadan danışmaq olar?! Həmsədrlərin münaqişənin tənzimlənməsi ilə bağlı səyləri səmimi olsaydı, o zaman onlar konkret və real addımlar atardılar. İşğalçı tərəflə, işğala məruz qalan tərəfə fərq qoyardılar. Bunu etmədikləri və yaxud da bu həvəsdə olmadıqları üçün danışıqlarda irəliləyişin olmamasının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onların yeganə bir istəyi var, o da müharibənin yenidən alovlanmaması. Əsl istəkləri isə Azərbaycanın işğal faktını qəbul etməsidir. Sadəcə bunu açıq deyə bilmirlər. Belə olmasaydı, onlar Prezidentin məlum açıqlamasına dərhal reaksiya verərdilər. Ən azından vasitəçilik səylərinin nəticə verməməsindən narahat olub özlərində mənəvi məsuliyyət hiss edərdilər. Ona görə də Azərbaycan münaqişənin həlli ilə bağlı alternativ variantlar üzərində düşünməlidir".

Vidadi ORDAHALLI