Dünən AMİP Siyasi Şurasının Bakı, Sumqayıt, Abşeron
və bir sıra digər RT sədrlərinin iştirakı ilə genişləndirilmiş iclası
keçirilib. İclasda ölkədəki mövcud iqtisadi-siyasi böhran, regionlarda
keçirilən etiraz aksiyaları, 20 Yanvar anım gününə hazırlıq və gündəlikdə duran
digər cari
məsələlər müzakirə edilib.
Siyasi Şura ölkədəki mövcud iqtisadi və siyasi
durumu təhlükəli böhran həddi kimi qiymətləndirmiş, bunun arzuolunmaz nəticələr
verəcəyindən narahatlığını ifadə etmişdir. Siyasi Şura çıxış yolu kimi indiki
hökümətin istefasını, məsuliyyətsiz məmurların cəzalandırılmasını məqsədəmüvafiq hesab etmiş, siyasi və
iqtisadi sahədə köklü islahatlar keçirilməsinin, ölkədə fəaliyyət göstərən
siyasi qüvvələrlə təcili məsləhətləşmələr aparılmasının, müxtəlif sahələr üzrə
mütəxəssislər də cəlb edilməklə antiböhran proqramının işlənib həyata keçirilməsinin
vacibliyini bəyan etmişdir.
AMİP Siyasi Şurası bahalaşma ilə əlaqədar
regionlarda keçirilən aksiyalar zamanı həbs olunanların tezliklə azadlığa
buraxılmasını, başlanan cinayət işlərinin ləğvini, eləcə də narazılığa səbəb
olan halların aradan qaldırılmasını və sərbəst toplaşma azadlığının
tanınmasını, xalqa həqarətlə yanaşan, onları təhqir edən, haqlı etirazları
zorakılıqla boğan məmurların cəzalandırılmasını tələb edib.
Siyasi Şura hər il olduğu kimi bu il də 20 Yanvar şəhidlərinin
anım gününə mütəşəkkil hazırlıqla əlaqədar müvafiq partiya strukturlarına, Rayon
Təşkilatlarına lazımi tapşırıqlar verib.