Şriftin ölçüsü / 790

Xarici mətbuat Azərbaycandakı etirazlardan yazdı

18 Yanvar 2016 [13:49]
«The Guardian» Azərbaycanda əhalinin vəziyyətinin kəskin pisləşməsi və sosial tələblərlə küçələrə çıxmasından yazır

Azərbaycanın bölgələrində sosial zəmində baş verən etiraz aksiyaları dünya mediasında da geniş işıqlandırılıb. Böyük Britaniyanın məşhur "The Guardian” qəzeti Azərbaycandakı etirazlarla bağlı geniş məqalə yayımlayıb. "Azərbaycan çoxsaylı etirazlardan sonra una vergini ləğv edib” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

***

Ölkədə iqtisadi vəziyyətin pisləşməsi, o cümlədən son aylarda un və çörəyin qiymətinin bahalaşması ilə əlaqədar çoxsaylı etirazlardan sonra Azərbaycan əsas qida məhsullarına tətbiq olunan vergini azaltmaq məcburiyyətində qalıb.

Bu həftə bir neçə rayonda keçirilən etiraz nümayişlərini dağıtmaq üçün həmin rayonlara qoşun yeridilib, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Onlarla etirazçı, o cümlədən bölgələrdəki müxalifət fəalları həbs edilib.

Manatın dollara nisbətdə kəskin dəyərdən düşüb, ölkə əhalisi inflyasiya və işsizliyin səviyyəsinin artmasından əziyyət çəkir və narazılıqlar da bundan başlanıb. Azərbaycanın ixracının böyük hissəsini neft və neft məhsulları təşkil edir. Dünya bazarında neftin qiymətinin kəskin ucazlaşması ilə ölkənin gəlirləri də azalıb və bu da Azərbaycan iqtisadiyyatına zərbə vurub.

Bu ay həmçinin 63 yaşlı kişi banklara kreditləri ödəməyə imkanı olmadığını deyərək, özünü yandırıb.

Hökumət isə çərşənbə axşamı və çərşənbə günü keçirilən etiraz aksiyalarının qanunsuz olduğunu, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi və ictimai təhlükəsizliyin təmini məqsədilə təhlükəsizlik qüvvələrinin asayişi pozanları həbs etdiyini bildirdi.

Cümə axşamı isə Maliyyə Nazirliyi açıqladı ki, xaricdən gətirilən buğdaya tətbiq olunan Əlavə Dəyər Vergisi ləğv olunub və bununla əlaqədar unun, çörəyin qiyməti bu gündən ucuzlaşır.

Bəyanatda çörəyin hansı qiymətə satılmalı olduğu da göstərilib. Əlavə edilib ki, "unu və çörəyi daha baha qiymətə satanlar məsuliyyətə cəlb olunacaq və ciddi şəkildə cəzalandırılacaq”.

Hakimiyyət bölgələrdə etirazların təşkilinə görə müxalifət partiyaları AXCP və Müsavatı ittiham edib.

Azərbaycanda ötən il bir neçə jurnalist və insan haqları fəalları vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla məhkum olunub. Bu hadisələr fonunda insan haqlarının pozulmasına görə Ilham Əliyev hökumətinin ünvanına tənqidlər də artıb. Beynəlxalq hüquq müdafiəçiləri bildirir ki, Azərbaycanda fəallara qarşı ittihamlar adətən saxta olur. O adamlar müxalif mövqelərinə, hökumətdə yüksək vəzifələrdə təmsil olunan şəxsləri tənqid etdiklərinə görə cəzalandırılırlar. Azərbaycan hökuməti isə ittihamları rədd edir.


Millət