Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün
danışıqlara yaxın vaxtlarda başlanacaq. Bunu Trend-ə müsahibəsində Baş nazirin
müavini, Yap-ın sədr müavini –icra katibi Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki,uzun müddət Azərbaycanda dərman
istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə
çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə
əlaqələr quraraq müəssisə yaratmaqdır.
Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Əli Əhmədov
bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan
, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı
müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə
respublikanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.
Azərbaycanın yaxın zamanlarda dərman istehsalına başlayacağını güman etdiyini
söyləyən Əli Əhmədovun sözlərinə görə, ölkədə, demək olar, dərman istehsalı
yoxdur. İstifadə edilən dərmanların böyük əksəriyyəti xaricdən gətirilir.
AMİP Mərkəzi Şurasının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent Aydın
Əliyev ölkədə dərman istehsalına dair fikirlərlə bağlı "Cümhuriyyət” qəzetinin
suallarını cavablandırıb.
-Dərman istehsalında kifayət qədər praktikası olmayan bir ölkə üçün
bu addım nə dərəcədə uğurlu alına bilər?
-Azərbaycanda dərman istehsalı olmaya bilməz söhbəti yoxdur. Baza
var, bu işlər görülə bilər. Bu gün müstəqil Azərbaycanda rəsmi dövlət qeydiyyatından
keçmiş "AzFarm” dərman firması var. Bu şirkət təqribən 70-dən artıq yerli
dərman istehsal edir. Dərman istehsal edir o demək deyil ki, həmin preparatları
bizim alimlər alıb, kimya-fizika zavodlarında hazırlanıb. Sadəcə yerli şirkətin
dərman istehsalı ilə məşğul olması ilə bağlı təbliğat zəifdir. Təəssüf ki,
yerli mala çox yer verilməyib. Hazırda Azərbaycan Tibb Universitetinin
əczaçılıq fakültəsində laboratoriyalar hazırlanır. Yaxın perspektivdə həmin
laboratoriyada dərman istehsalını öyrənməsi planlaşdırılır. Burda da əczaçılar,
farmakoloqlar və başqa sahənin adamları elmi nöqteyi-nəzərindən iştirak
edəcəklər. Digər bir bazamız da var, bu, xammal bazasıdır. Xammal kimi
Azərbaycanda təqribən 135-dən çox dərman bitkisi var. Dərman bitkilərini öyrənən
alimlərimiz tibb farmakologiyasında da müasir dərmanlar ala bilərlər. Təbii ki
, bunların alınması üçün çox böyük maliyyəyə ehtiyac var. Bu, hökümət
səviyyəsində həll olunmalıdır.
- Qeyd etdiniz ki, "AzFarma” şirkəti 70-dən artıq dərman istehsal
edir. Bu preparatlar xaricə bazara ixrac olunurmu?
- Məndə olan məlumata görə , xarici bazara ixrac olunmur. Bunun bir
səbəbi yerli məhsulların yaxşı təbliğ olunmaması və apteklərdə geniş
satılmamasıdır. Bu istiqamətdə müəyyən problemlər var. Hətta fikir versək
görərik ki, əhali dərmana bu cür yanaşır- dərman Avropa, Rusiya və ya türk
məhsuludur. Burda təbliğat böyük rol oynayır.
-Sovet vaxtında Azərbaycanda dərman istehsalı olub. İndiki dərman
istehsalı ilə o zamankı istehsal arasında nə kimi fərq var?
-Şəxsən mən yerli məhsullara üstünlük verirəm. Ölkədə istehsal olunan
dərmanların tərkibini biz müəyyənləşdirmirik. Dünyada qəbul olunmuş standartlar
var. Qəbul olunmuş antibiotik firmalarının lisenziyasını Azərbaycan alıb həmin
preparatın istehsalına başlayır. Bu işlər gedir. Keyfiyyətlə bağlı müəyyən
aparatlar var. Dərmanın bioloji aktivliyini yoxlayır. Azərbaycanda Səhiyyə
Nazirliyində dərmanın tərkibi yoxlanılır. Bu yoxlama əsas olsa da, digər mühim
məqam dərmanın fəal olub-olmamasını müəyyən etməkdir. Dünyada gedən maliyyə,
enerji problemləri hakimiyyəti silkələyib. Azərbaycanın bitkilərdən, mədən və
neft məhsullarından ibarət yeraltı və yerüstü xammalı , həmçinin potensiallı
alimlərimiz var. Bunların hamısına kompleks yanaşsalar Azərbaycan müəyyən
vaxtdan sonra dünyaya dərman istehsal edə bilər. Əgər deyilənlərin üstündə
dursalar, çox yaxşı nəticələrimiz olar. Dünyanın ayrı-ayrı ölkələrinə
dərmanlarla çox ciddi təsirlər edirlər. Dərmanlar artıq siyasi vasitəyə
çevrilib.
-Azərbaycan dərman istehsalına başladığı təqdirdə qiymətlər necə
tənzimlənəcək?
-Təbii ki, yerli məhsulu keyfiyyətli istehsal etsək, xaricdən
gətirməyə ehtiyac qalmayacaq. Yerli istehsal ucuz başa gəlməlidir. Bunu qat-qat
artıq satmaq mümkün ola bilməz. Azərbaycanda keyfiyyətli istehsal olsa, xarici
inhisara davam gətirə bilərik. Dərman bazarımızı öz əlimizə keçirməliyik. Bu
zaman həm keyfiyyətdə, həm iqtisadiyyatda udarıq. Eyni zamanda öz dərmanınız
xəstəliklərə qarşı bədənimizə daha uyğun olar, nəinki xaricdən gətirənlər.
Rusiyada yeni bir dərmanın istehsalı üçün təqribən 10 milyon dollar
pul xərclənir. ABŞ-da isə bu rəqəm təqribən 200-800 milyon dollar arasında
dəyişir. Bu gün hökümət buna fikir versə , buna çox böyük maliyyə vəsaiti
ayırmalıdır. Ən böyük arzularımdan biri budur ki, dərman istehsalına
sahibkarlar qoşulsun. Belə olsa ,dövlətin çıxarları az olar. Həm də bütün
Azərbaycan cəmiyyəti elmə yönələr. Onda da Azərbaycan aparıcı güclü dövlət
olar. Sadəcə, elmə şərait yaratmaq lazımdır.Bunun üçünsə dövlətin büdcəsindən
başqa sahibkar və pul lazımdır.
-Azərbaycanda 800-dən çox dərmanın dövriyyəsi qadağan edildi. Belə
ki, Səhiyyə Nazirliyinin qərarına görə, müxtəlif adda olan 844 seriya nömrəli
dərman daha tibbdə istifadə olunmayacaq. Sizcə buna ehtiyac var idimi və səbəb
nə idi?
-Həmin qərara subyektiv yanaşa bilərəm. Çünki nazirlik nümayəndələri
mətbuata açıqlama verdilər ki, dərmanalrın keyfiyyətində müəyyən problemlər
var. Onda belə bir sual yaranır ki, əgər bu keyfiyyətsiz dərmandırsa, ölkəyə
niyə gəlib çıxır? Təbii ki, bu dərmanların ölkəyə gəlib çıxması birbaşa Səhiyyə
Nazirliyindən yox, ayrı-ayrı qurumlardan asılıdır. Hər halda nazirlik
nümayəndəsinin fikrinə inanaq ki, 844 dərmanın qadağan olunması onların
keyfiyyətsizliyi ilə bağlıdır.
Ürək və şok əleyhinə dərmanların hansı formada olur-olsun mütləq
təminatı olmalıdır. Reseptsiz aptekə gedib dərman almağın əleyhinəyəm.
İstənilən dərmanın reseptlə verilməyinin tərəfdarıyam. Çox təəssüf ki, əhali
arasında maarifləndirmə aparılmır. İnsanların yaşayışı, qidalanması, ekologiya,
həkim xəstə münasibətləri təbliğ olunmur. Əhalinin tutduğu mövqedən asılı
olmayaraq sağlamlıq haqqında çox primitiv bilgiyə sahibdir. Bəzən televiziyada
dərmanları təbliğ edirlər. Əgər bu dərmanların təbliğatına ehtiyac varsa , onda
mütləq deyilməlidir ki, bu dərman filan qrupa aiddir, filan dərmandan filan
farmakoloji xüsusiyyətə görə fərqlidir və üstün cəhəti budur. Amma ümumi
şəkildə çıxıb televiziyaya heç nədən çəkinmədən başlayırlar reklama. Kanallarda
bu cür təbliğat aparırlar ki, "gəl bizim xəstəxanaya müalicə edək”. Bu mənim
ağrıyan yerimdir.
Azərbaycanda elmi tərəfdən sağlamlığın maarifləndirilməsi
istiqamətində profilaktik söhbətlər aparılmır. 1980-90-cı illərdə rus alimləri
ilə birgə "Meksidol-antioksidant” dərman maddəsinin alınmasında iştirak etmişəm.
Bu preparat bütün xəstəliklərdə işlədilir. Hətta Putin 2003-cü ildə öz
alimlərinə mükafat verdi. Təbii ki, onlar bu fəxri adı mənə verə bilməzdilər.
Biz öz alimlərimizin əldə etdiyi nəaliyyətləri tanımırıq, amma xariciləri
tanıyırıq.