Şriftin ölçüsü / 760

Biz hansı tədbiri məqsədəmüvafiq sayırıqsa, orda iştirak edirik

26 Yanvar 2016 [16:59]
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) dörd aya yaxındır ki, sədrsiz qalıb. Yusif Bağırzadə bu partiyanın sədr postundan ötən ilin oktyabrında istefa versə də, hələlik AMİP özünə yeni sədr seçməyib. Partiyanın növbəti qurtultayının nə zaman keçiriləcəyi də məlum deyil. AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu ilə müsahibəmizdə bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- AMİP-in növbəti qurultayı nə zaman keçiriləcək?

- Qurultaya hazırlıq işləri demək olar ki, yekunlaşıb. Rayon təşkilatlarının hesabat seçki yığıncaqları ötən ildən başa çatıb. Nizamnaməyə görə qurultayı Mərkəzi Şura çağırır. Təxmini nəzərdə tutulur ki, bu ilin ilk rübündə qurultayı keçirək.

- 4 aya yaxındır partiyanızın sədri istefa verib. Sədrsiz olması AMİP-in işinə hansısa mənfi təsirlər göstərirmi?

- Partiyada katiblik institutu var və əsas yük də, cari fəaliyyət də partiyanın həmin katiblik institununn üzərindədir. Qərarların verilməsi də kollegial olaraq həyata keçirilir. Bu baxımdan da sədrin olmaması elə də ciddi itki kimi görünmür. Hər halda, partiyanın sədri də olmalıdır, vəzifələrini də icra etməlidir. Amma bizdə bütün məsələlər bir nəfərin üzərinə yüklənməyib.

- Yusif Bağırzadədən fərqli olaraq hazırda AMİP sədri vəzifəsini müvvəqqəti icra edən baş katib Arzuxan Əlizadə müxalifətin tədbirlərində iştirak etmir. Elə srağagün keçirilən tədbirdə də görünməyib. Onun bu cür tədbirlərdən kənarda qalması AMİP-in passivliyi kimi yozula bilməzmi?

- Biz hansı tədbiri məqsədəmüvafiq sayırıqsa, orda iştirak edirik. Burda heç bir problem yoxdur. Əgər Arzuxan Əlizadə hansısa tədbirlərdə iştirak etmirsə, bu sualı onun özünə ünvanlasanız yaxşı olar.

- Yeri gəlmişkən, hazırda mətbuata baxdıqda AMİP-i təkcə Əli Oruclunun təmsil etdiyi görünür...

- Mən sadəcə AMİP-çi kimi üzərimə düşən vəzifəni icra edirəm.

- Partiyanızın sədrliyinə iddialı namizədlər varmı?


- Hələlik yoxdur. Qurultayın konkret vaxtı bəlli olandan sonra iddialılar məlum olacaq. Bizdə prosedur qayda müəyyənləşməyib ki, tutaq ki, iddialı şəxs öz namizədliyini konkret hansı müddətdə irəli sürməlidir. Bu, qurultaydan qabaq da ola bilər, qurultayın gedişində də.

- Heç istəyini büruzə verən də yoxdur?

- Partiya sədrliyi çox şərəfli və ağır işdir. Bu işin altına girmək istəyən şəxs imkanlarını, potensialını ölçüb-biçməlidir. Bu baxımdan, hələlik o məlumata malik deyiləm ki, kimsə öz iddiasını ortaya qoyub.

- Məsələn, siz özünüzü AMİP-in sədri vəzifəsində görmək istərdiz?

- Hər bir kəsin iddiası var və mənim də iddiam ola bilər. Siyasətçiyəmsə, özümü siyasi proseslərdə fəal iştirak edən şəxs hesab edirəmsə, təbii ki, mən də belə bir iddiada ola bilərəm. Amma o fikirdəyəm ki, partiyada bu yükün altına girə biləcək kifayət qədər kadrlarımız var və potensial imkanları da buna imkan verəcək ki, bu yükü üzərinə götürə bilsin. Bu, bir rəqabətdir. Qurultayın vaxtı müəyyən olunandan sonra hər kəs özünü partiya üzvlərinə və cəmiyyətə təqdim etməlidir ki, hansı işləri görə biləcək, onun imkanları buna qadir olacaq, yoxsa olmayacaq.

- Qeyd etdiniz ki, partiyada sədr vəzifəsi kimi yükün altına girəcək kifayət qədər kadrlarınız var. Bəs belə kadrlarınız var idisə, nəyə görə Yusif Bağırzadə partiya sədrliyinə kənardan gətirilmişdi?

- Əvvəla, qeyd edim ki, Yusif Bağırzadə kənardan gətirilməmişdi. AMİP-də bir qədər fərqli təşkilatçılıq forması var. Yəni partiyanın fəal üzvləri, elektoratı, tərəfdarları var. Bunlar da birlikdə AMİP-in özünü təşkil edir. Yusif Bağırzadə də partiyanın təəssübkeşi, təşkilatın üzdə olmayan tərəfdarı olub. O, əvvəlcə partiyaya sıravi üzv qəbul olundu, sonra ona partiyanın beynəlxalq katiblik postu etibar edildi və ondan sonra da qurultayın qərarı ilə sədr seçildi. Yəni heç kəs partiyaya kənardan gətirilməyib və bundan sonra da belə ənənə olmayacaq, belə hal baş verməyəcək. Yenə də kim olacaqsa, partiyanın üzvlərindən biri sədr seçiləcək.

Aqil ASLAN


Millət