Şriftin ölçüsü / 665

Barrikadaların tərkibində silah olmayıb

26 Yanvar 2016 [17:03]
ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin 20 Yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar” filmi ilə bağlı mediada, sosial şəbəkələrdə geniş müzakirələr gedir, bu ekran işində ciddi nöqsanlara yol verildiyi vurgulanır. Bu müzakirələrə qoşulanlar filmdə tarixin təhrif olunduğunu bildirir, 20 yanvar hadisələri zamanı Sovet qoşunlarının qarşısına əliyalın çıxmış insanların ekran əsərində silahlı müqavimət göstərənlər kimi nümayiş etdirilməsini, 13 yaşlı şəhid Larisa Məmmədovanın nikahdankənar hamilə qalması epizodunu kəskin tənqid atəşinə tuturlar.

Əsas diqqət ayrılan məqamlardan biri barikadalar quran xalq qüvvələrinin Sovet qoşunlarına qarşı silahlı müqavimət göstərməsi epizodlarıdır ki, bu da çox ciddi narazılıqlar doğurub.

O zaman Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin üzvü olmuş şəxslər də məsələyə kəskin reaksiya veriblər.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, hadisələrin şahidi Etibar Məmmədov Modern.az saytının filmlə bağlı suallarını belə cavablandırıb.

"Qanlı yanvar” filmi sənədli film deyil, bədii filmdir. Filmi ssenarist bildiyi kimi təqdim edib. Bu yaxşı haldır ki, filmin müzakirəsi başlayıb və ona qarşı fikirlər səsləndirilib. Rejissor da, ssenarist də öz cavablarını verərlər.

20 Yanvar hadisələri zamanı Sovet qoşunlarına qarşı ümumi silahlı müqavimətə gəlincə, belə hal olmayıb. Sadəcə, ayrı-ayrı yerlərdə epizodik müqavimət göstərilib. Görünür, kimin silahı var imişsə, məqam tapıb xalqın heyfini çıxıb. Amma, barikadaların tərkibində silah olmayıb. Sovet əsgərləri arasında da itki olub. Ayrı-ayrı yerlərdə 30-a yaxın ölən və yaralanan olub”.

Politoloq Hikmət Hacızadə "Qanlı yanvar” filminə baxmadığını desə də, hadisələrin şahidi kimi əhalinin silahsız olduğunu dilə gətirib.

"Hadisələrin şahidi kimi deyə bilərəm ki, əhali əliyalın olub. Barikadalar quran, mitinqə toplaşan insanların silahı olmayıb. Ola bilsin ki, kimsə evindən tüfəng götürüb pəncərədən atıb. Həmin gecə ara qarışıb, məzhəb itdiyindən heç kəsin ağlına bunları görmək gəlməyib”.

Hikmət Hacızadə filmdə 20 Yanvar hadisələri zamanı öldürülən rus əsgərlərilə bağlı deyib ki, əliyalın əhalini silahla təchiz olunmuş şəkildə göstərmək doğru deyil.

"Təxminən həmin gecə 26 rus əsgəri öldürülüb. Rusların rəsmi hesabatında belə göstərilib. Ona görə də hadisələri düzgün göstərmək lazımdır ki, bu şəxsi təşəbbüs idi, yoxsa, kiminsə evində silah olduğundan üzərinə gələnə silahlı müqavimət göstərib?!. Bunları müəyyənləşdirmək lazımdır. Həmçinin, həmin vaxt nizamlı silahlı dəstələr olmayıb. Minlərlə adam o hadisəyə cəlb edilmişdi. O demək deyil ki, izdiham silahlı idi və onlar silahlı müqavimət göstərib, çevriliş hazırlayıblar və sairə”.


Millət