Şriftin ölçüsü / 562

Kukla Teatrının direktoru beynəlxalq festivala gedəcək

29 Yanvar 2016 [14:18]

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə daha bir beynəlxalq teatr festivalına dəvət alıb. Belə ki, o, 19-29 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində baş tutacaq VII Monodram Tamaşalar Festivalında iştirak edəcək. O, əmirliyin Mədəniyyət və Media Müvəkkilliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə festivalın direktoru Məhəmməd Saif əl-Alkhamın dəvəti ilə iştirak edəcək.

Qeyd edək ki, festival 2003-cü ildən keçirilir. İki ildən bir baş tutan sənət bayramında dünyanın müxtəlif ölkələrindən teatrlar və teatr mütəxəssisləri, teatrşünas və sənətkarlar iştirak edirlər. Festival çərçivəsində tamaşaların nümayişi və mükafatlandırılması ilə yanaşı seminarlar, forumlar, kitab təqdimatları, konsertlər də təşkil olunur.

90-cı illərin sonlarından yaranan festival ideyasında əsas məqsəd ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.

Budəfəki festivalın daha bir özəlliyi onun I Fuceyra İncəsənət Festivalı çərçivəsində baş tutmasıdır.


Nisə Rəhimova