Şriftin ölçüsü / 732

Bütövləşməyən Bağımsızlığımız

02 Fevral 2016 [16:39]

Tarixi faciələrimiz çoxdur, ən zoru "Türkmənçay Bağlaşması”dır. Çünkü vətən bölünüb, millət parçalanıb. Bəlkə də Türlmənçay Bağlaşması sonucdur. Babək yenilməsəydi, Nəsimi soyulmasaydı, Çaldıran savaşı baş verməsəydi bəlkə Türkmənçay Bağlaşması da olmazdı. Millətin ruhsal yenilməsi aşama- aşama böyük faciələrə nədən olur. Millət bu faciələrin kökünü araşdırıb öyrənmirsə, buna qarşı ulusal savaş aparmırsa, bütün dövrlər onun üçün davamlı olaraq faciələr hazırlayır. Faciə içrə yaşayan millətin gücü getdikcə azalır və tarixdən çıxdanclığa yuvarlanır.

Biz bölünəndən üzü bu yana iki yöndən mədəni assimilyasiyaya uğradıq. İran adlandırılmış bölgəmizdə durmadan türk kimliyimizin inkarı həyata keçirilib. Rusiya əlaltısı olan bölgəmizdə isə türk kimliyinin təhrif olunması prosesi yürüdülüb. Bu Tayda bağımsızlıq əldə edəndən sonra da təhrif eləmə prosesi dayanmadı.

Elə bir duruma gətirilmişik ki, Quzeylilərimiz Güney sorunumuza görə rahatsız ola, həyəcanlana bilmir. Güneylilərimizin çalışanları isə tutuqlanır, kimisi öldürülür, kimisi canını götürüb Batı ölkələrinə üz tutur (mühacir taleyi yaşayır). Sovetlər dağılandan sonra Batıdan ayaqlanan demokratik devrimlərin (inqilabların) onlara da gəlib çatacağını düşünürdülər. Bu gün də belə düşünənlər az deyil. Düşünürük ki, Güney məsələmiz demokratik devrim oyununa qarışdırılmamalıdır. Batının həyata keçirdiyi demokratik devrimlər qarışıqlıqdan (anarxiyadan) başqa bir şey vermir. Batı demokratiyasının Güneydə haçağsa devrim edəcəyinə bel bağlamaq yerinə, Ulusal Özgürlük ideyası ilə möhkəmlənmək doğru olar.

Biz parçalanmışıq, biz bütövləşməliyik. Olaylar hara çəkir çəksin, bizim ağlımızda bütövləşmək tələbi oturmalıdır, ürəyimizin gücü, sevgisi Bütövləşməyə yönəlməlidir. Biz bir millət olaraq dağılmışıq, bizi bir araya gətirəsi ideya ortalıqda yoxdur. Bizi nə demokratiya bir araya gətirir, nə ruhumuzu basqı altına alan ərəbin dini dünyabaxışı, nə də ideoloji əsası milli şüurda aydın olmayan türkçülük ideyası. Ancaq bizim bir araya gəlməyimizdə, başlanğıc olaraq, Güney Azərbaycan dərdi çox önəmli rol oynaya bilər. Bundan sonra türkçülük şüuru bəzi yönlərdən açılıb dərk oluna bilər. Güney Azərbaycanın özgürlüyünə yönəlik addım götürəndə nələrin əngəl, nələrin hərəkətverici olduğu bütün aydınlığı ilə üzə çıxacaqdır.

Biz bu əngəlləri və təkanverici məsələləri daim dilə gətirir, vurğu edirik. Ancaq nə yazıqlar ki, üzdə olanlarımız ciddi məsələlərə həmişə yazı materialı kimi, ya da subyektiv mövqelər kimi yanaşırlar. Əgər toplumsal çalışmalarımız Güney Azərbaycan məsələsinə başqa məsələləri qatmadan bir araya gəlsələr, içdə və dışda olan bütün niyyətlər özünü açıq göstərəcəkdir. Onda heç kim düşməni bizə dost kimi, müttəfiq kimi sırımağa cəsarət etməyəcək.

Bu gün başımızı iqtisadi böhranın içinə soxurlar. Gediş faciələrimizi dərk eləməyimizə qarşıdır. Gediş – faciələrimizin içindən çıxa bilməməyimiz üçün hazırlanır, bundan sonra da artacaqdır. Necə ki, 25 ildir ancaq korrupsiya, rüşvət deyirik, bundan sonra da illərlə "devalvasiya”, "iqtisadi böhran” deyəcəyik. Heç vaxt bunları doğan, doğuran faciələrimizi deməyəcəyik. Bağımsız, özgür millət olmağımızın savaşına qalxmasaq məişət fəlakətlərinin dedi-qoduçusu səviyyəsində qəhr ediləcəyik...

Milli konsepsiyanı işləyib savaşa qalxmağımız, artıq ölüm-qalım haqqında düşünməyimiz qaçılmaz tələbə çevrilib. Qabağa addım götürmək, bu yöndən savaşı sıfır nöqtəsindən tərpətmək gərəkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

24 Qar Ayı, 37- ci il. Atakənd.

(yanvar, 2016. Bakı.)

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü


Millət