Şriftin ölçüsü / 730

Devalvasiyadan sonra ölkədə yaranmış vəziyyət də bu müxalifəti ətalətdən çıxara bilmədi

02 Fevral 2016 [16:46]
Əli Oruclu: "İqtidarı dəyişmək istəyən düşərgənin özü bu illər ərzində heç dəyişmədi, necə var, elə də qalmaqdadır”

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu təmsil etdiyi partiyanın qurulıtayına hazırlıq, müxalifət düşərgəsində mövcud olan vəziyyət, eləcə də digər məsələlərlə bağlı "OLAYLAR”-a müsahibə verib.

-Əli bəy, AMİP-in qurultayına hazırlıqla bağlı məsələ nə yerdədir və yaxın aylarda qurultayı keçirmək mümkün olacaqmı?

-Azərbaycan Milli İstiqlal Partiyasının növbəti qurultayının keçirilməsi üçün Nizamnamədə nəzərdə tutulan prosedurlar hələ ötən ilin yayından başa çatıb. Partiyanın 60-dan çox rayon təşkilatlarında hesabat-seçki yığıncaqları və konfranslar keçirilərək, həm yerli strukturlar yenidən formalaşdırılıb, həm də qurultaya nümayəndələr seçilib. Fəaliyyəti bir qədər zəif olan rayon təşkilatlarımızda isə təşkilatlanma işlərini gücləndirmək üçün müvafiq tədbirlər həyata keçirilib. Qısası partiya qurultaya tam hazır vəziyyətdədir. Ötən il keçirilən son parlament seçkiləri bu ali yığıncağımızın keçirilməsinə imkan vermədi. Partiya diqqətini bütünlükdə seçkiyə yönəltdi. Cari ilin birinci rübü ərzində qurultayımızın keçirilməsi çox güman ki, reallaşacaq. Qalan texniki məslələr də öz həllini tapacaq. Nizamnaməyə görə qurultayı partiyanın Mərkəzi Şurası çağırır. Qurultayın keçirilməsi üçün AMİP-dən asılı heç bir pronlem yoxdur.

-Bu gün partiyada sədr postunu tutub AMİP-i idarə edə biləcək gücə malik bir siyasətçi varmı?

-AMİP-in nəinki bir siyasi təşkilatı, hətta ölkəni çox yüksək səviyyədə idarə edəcək kadrları var. AMİP ölkənin ilk partiyası kimi həm də bir siyasi məktəb olub. Bunu heç kəs inkar edə bilməz. Partiyada yetişən siyasi kadrlar, eləcədə püxtələşən mütəxəssislər bu gün müxtəlif siyasi düşərgələrdə və qurumlarda fəaliyyət göstərirlər. Siyasətçi məncə, təkcə nəzəri biliklər verən universitetlərdə yetişmir, əsil siyasətçi proseslərdə yetişir, siyasi mübarizədə bişir, əyani təcrübə keçir və illərlə cilalanaraq tam formalaşan bir siyasətçi kimi meydana çıxır. Məhz AMİP-dəki siyasətçilər də belə uzun bir yol qət edib. Belə bir ali məktəbdə yetişiblər. Ona görə partiyanın bununla bağlı göstəriciləri bu gün də çox yüksəkdir.

-Partiya rəhbərliyinə bundan əvvəl olduğu kimi yenə də kənardan birinin gətirilməsi mümkündürmü?

-Bayaq da vurğuladığım kimi AMİP-in kadrları "kənarlarda", çox yüksək postlarda və vəzifələrdə işlərinin öhdəsindən gəlməyi bacarırlar. Diqqət etsəniz Azərbaycan cəmiyyətinin elə bir məkanı və ünvanı olmaz ki, AMİP-in izi orda olmasın. Təbii ki, söhbət müsbət mənada gedir. Bu baxımdan da rəhbərliyə kiminsə gətirilməsi ağıllların ucundan belə keçmir. AMİP kimi güclü siyasi kadrlar daha harda yetişir ki?

-Bu günə qədər sədr baxımından üzləşdiyiniz uğursuzluqlar Etibar Məmmədovun yenidən bu posta qayıdışını zəruri edə bilərmi?

-Mən bunu sədr uğursuzluğu adlandirmazdım. Şəxslərin dəyişkənliyi deməyi daha uyğun olardı. Görürsən ki, günəş yandan düşəndə gölgə həqiqi ölçüdən qat-qat böyük görünür. Bəzi insanlar da böyüyən gölgəsini həqiqət kimi qəbul edib, özlərinə o cür yanaşırlar. Amma günəş ətrafı daha yaxşı işıqlandırdıqca, daha uzağa qalxdıqca həmin gölgə də yox olur. Etibar bəy sədr postundan istefa verdiyi müddətdən inidyədək AMİP-də 3 sədr dəyişikliyi olub. Təəssüf ki, onların heç biri estafeti öz sələflərinə ötürə bilmədi. Lakin partiya üzvlərinin onlara göstərdikləri etimadın yükü, çəkdikləri zəhmət, məsuliyyət də onların üzərində qalır. Qüsuru və qüsursuzluğu ilə bu bir dönəmdir, partiyanın tarixidir. Pisi və yaxşısı ilə yeni siyasi liderlərin yetişməsi üçün meydan açıq olmalıdır. Kimin bu meydanda, bu sınaqda özünü necə təsdiqləyəcəyi həm də şəxsi keyfiyyətlərə bağlıdır. O ki, qaldı Etibar Məmmədovun yenidən sədr postuna qayıtması sualınıza cavab olaraq bildirirəm ki, bu mümkünsüzdür. Əvvəla ona görə ki, Etibar bəyin indiki lider statusu ən yüksək statusdur. İkincisi, həmişə novatorluq edən AMİP lideri sədrlikdən istefa verməklə, istefa mədəniyyətinin əsasını qoymaqla, yeni siyasi liderlərin yetişməsinə geniş fürsət yaratdı.

-Ümumiyyətlə, bu qurultay istər AMİP, istərsə də ölkənin siyasi həyatında hansısa mühüm rol oynayacaqmı?

-Şübhəsiz. Azərbaycanın cağdaş tarixinə qısaca ekskursiya etsəniz aydın görərsiniz ki, AMİP cağdaş tariximizin silinməz tarixinin bir parçasıdır. Bu gün də ölkənin ictimai-siyasi həyatını AMİPsiz təsəvvür etmək çətindir. Təsis olunduğu gündən indiyədək müxalifətdə qalmasına və bütün hakimiyyətlərin hər cür basqılarına və təqiblərinə baxmayaraq AMİP bu gün də ölkənin aparacı siyasi qüvvəsi arasında ən öndə gedəndir. Biz zaman-zaman həm müxalifət, həm də iqtidarın çarpaz atəşləri altında fəaliyyət göstərməyə məcbur edilmişik. Lakin bizi yolumuzdan döndərmək, ideyalarımızdan və prinsiplərimizdən əl çəkdirməyə nail ola bilməyiblər. Azərbaycanda yeganə partiyadır ki, hər cür haqsızlığa, ədalətsizliyə, təzyiqlərə, məhdudiyyətlərə və qadağalara məruz qalıb, lakin bunun müqabilində daha da mətinləşib. Saflaşıb, durulub. Ona görə ki, Etibar Məmmədov bu partiyanı sağlam təməl üzərində qurub. Bu sadaladığım amillər deməyə imkan verir ki, nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, AMİP də mövcud olacaq, millətin və dövlətin mənafeyi və maraqları üçün çalışacaq. AMİP-in nəinki qurultayları, digər qurumlarının da toplantıları çox əhəmiyyət kəsb edir. Cəmiyyət bizim qərarlarımızı və atdığımız addımları diqqətlə izləyir. Mübaliğəsiz deyərəm ki, bu qurultayımız da ölkənin ictimai-siyasi həyatında geniş rezonans doğuracaq. Və sonrakı proseslərə ciddi təsir göstərməklə, bunun istiqamətini dəyişə biləcək.

-Bu gün müxalifət düşərgəsindəki vəziyyəti necə xarakterizə edərdiniz?

-Bildiyiniz kimi Azərbaycan müxalifəti yekcins deyil. Bu düşərgədə müxtəlif yönlü və müxtəlif siyasi kurs götürən qüvvələr var. Lakin bu qədər pariyalar bolluğunda ölkə siyasətində yeri və rolu olan partiyalarin sayı bir əlin barmaqları qədərdir. Həmin barmaq sayda olan partiyalar isə nə yazıqlar ki, pərakəndə fəaliyyət göstərməklə gücün birləşdirilməsinə maraq və həvəs göstərmirlər. Hətta bunun əksinin, qarşıdurmaların, lazımsız intriqaların tez-tez şahidi oluruq. Və getdikcə də xalqdan uzaq düşürlər. Məhz bunun nəticəsidir ki, ilbəil tərəfdarlarını və elektoratını itirir, cəmiyyətə təsirli nüfuz edə bilmir. Bu gün müxalifət heç iqtidara da təsir göstərmək imkanlarına malik deyil. Son devalvasiyadan sonra ölkədə yaranmış vəziyyət də bu müxalifəti ətalətdən çıxara bilmədi. Əvəzində isə vaxtını müvəqqəti gündəmdə saxlamaq kimi lüzumsuz işə sərf etdi. Bu gün də ölkə müxalifəti eyni təpərdə, eyni tərzdə, eyni üslubdadır. Dünya sürətlə dəyişir, regionda və ölkədə sürətli proseslər gedir, qeyri-iqtidar düşərgəsi isə öz astagəlliyi ilə yerində saymaqda, idimini-irzini itirməməkdə qalır. Partiyalar sanki iqtidara təklif vermək yarışına çıxıblar. Güya ki, iqtidardakılar nə etdiklərinin fəqində deyillər. Mən deyərdim ki, müxalifət qocalır və faydalı iş əmsalını hər il itirməkdədir. Yeni qüvvələr, gənc nəfəs isə nə yazıqlar ki, demək olar yoxdur. İqtidarı dəyişmək istəyən düşərgənin özü bu illər ərzində heç dəyişmədi, necə var, elə də qalmaqdadır. Bu isə cəmiyyətin stabil, dinamik və davamlı inkişafı üçün böyük mənfilikdir. Bu dövlətçiliyimiz üçün də təhlükəli tendensiyadır. Müxalif düşərgədə yeniləşmə həm də ona görə baş vermir ki, bunun üçün münbit şərait yoxdur. Nə karyera, nə də gələcək həyatlarını təminata almaq baxımından, müxalif düşərgədə olmaq gənclərə cəlbedici gəlmir. Ümumiyyətlə, Azərbaycanda siyasətçi peşəsi nəinki elitar bir peşə, hətta sıradan bir peşə kimi özünə yer tutmadığından gənclərin aktiv siyasətə qoşulmalarına nadir hallarda rast gəlinir.

-Cənab prezident İlham Əliyev bu günlərdə gənclərlə görüşü zamanı müxalifəti ciddi tənqid etdı və bildirdi ki, onlara heç bir kolxozu da etibar etmək olmaz. Bu fikrə münsibətiniz necədir?

-Prezidentin tənqidləri AXC-Müsavat iqtidarına aiddir. Biz indiyədək hakimiyyətdə olmadığımızdan bu tənqidlərin bizə qətiyyən aidiyyatı yoxdur.

Süleyman


Millət