Şriftin ölçüsü / 742

Türkiyəyə təzyiqlər edirlər.

11 Fevral 2016 [13:45]
Bir müddət öncə İstanbulda "Şərq Tərəfdaşığında gələcək islahatlar” mövzusunda keçirilən Beynəlxalq Dəyirmi Masada iştirak etmiş Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə səfər təəssüratlarını, eyni zamanda Türkiyənin regionda gedən proseslərdə rolu barədə Teleqraf.com-un suallarını cavablandırıb. A.Əlizadə öncə tədbir haqda geniş məlumat verdi.

- AMİP-in rəhbərliyində təmsil olunan bir neçə şəxs İstanbuldakı tədbirə qatılmışdı. "Avropa İttifaqının Cənubi Qafqazda önəmi”, "Yaxın Şərqdə Qaçqın böhranı, miqrasiya və sərhəd nəzarəti problemləri”, "Viza liberallaşdırılması və islahatlar”, "Türkiyənin region üçün önəmi” əsas müzakirə mövzuları oldu. Tədbirdə Gürcüctan parlamentinin sədr müavini Georgi Baramidze, ATƏT-in Parlament Assambleyasının keçmiş sədri, Dağlıq Qarabağ üzrə ATƏT-in keçmiş məruzəçisi Qoran Lennmarker, Avropa Sabitlik Təşəbbüsünün sədri Gerald Knaus, Beynəlxalq Böhran Qrupunun nümayəndəsi Nigar Göksəl, İsveç Parlamentenin üzvü, ATƏT nümayəndə heyətinin sədr müavini Marqareta Cederfelt mövzular üzrə keçirilən panellərin əsas məruzəçiləri oldular. Avropa İtifaqının Azərbaycan və Gürcüstan üçün önəmi, hər iki ölkədə islahatların keçirilməsinə dəstək məsələləri müzakirə olundu. Təbii ki, Türkiyə-Rusiya münasibətləri, Suriyadakı müharibə, qaçqın problemi daha çox müzakirə olundu.

- Dəyirmi Masa iştirakçılarının Türkiyə-Rusiya münasibətləri barədə mövqeləri nədən ibarət oldu?

- Hazırda Türkiyə çətin siyasi proseslərin içərisindədir. Rusiya ilə münasibətlərin pisləşməsi, Suriyadan gələn qaçqın axını, PKK-ın fəallaşması, Qərbin müdaxilələri Türkiyəni daha güclü, soyuqqanlı olmağa sövq edir. İndi Türkiyədə əsas müzakirə mövzusu Rusiya ilə gərginləşən münasibətlərdir. Ölkənin gələcəyilə bağlı məsuliyyət daşıyan qüvvələr birmənalı şəkildə hesab edirlər ki, rus qırıcı təyyarəsinin vurulmasında Türkiyə tərəfi haqlıdır. Həmçinin bilirsiniz ki, Suriyadakı müharibədən dolayı Türkiyəyə milyonlarla qaçqın gəlib. Halbuki bəzi Avropa dövlətləri qaçqın axınının qarşısını almaq üçün tədbirlər görür. Belə bir məqamda NATO üzvü olan və Avropanın bir hissəsi olan Türkiyəyə dəstək lazımdır. Qərb bu gün Türkiyəyə lazım olan dəstəyi vermir. Türkiyə güclü dövlətdir və öz ərazi bütövlüyünü qorumağa qadirdir. Təəssüflər olsun ki, Türkiyədə bəzi sosialist qüvvələr, - onlar da tədbirdə iştirak edirdilər, - rus təyyarəsini vurduğu üçün rəsmi Ankaranı tənqid edirlər. Amma biz məsələyə çox ciddi reaksiya verdik. Türkiyədə kürdlərlə bağlı müəyyən problemlər yaşanır. PKK silahlıları ölkəni təhdid edir və bəzi Qərb dövlətləri Türkiyə ərazisində kürd muxtariyyətinin yaradılmasına dəstək verir. Sosialistlər bu məsələyə bir qədər loyal yanaşırlar.

- Rusiya Türkiyənin Suriyaya müdaxilə imkanlarının qarşısını almaq üçün bir sıra addımlar atıb. Bu mənada Türkiyə Suriyadakı proseslərdə hansısa formada rol oyanaya bilirmi?

- Bəli, bu gün Rusiyanın regionda fəallığı artıb. Suriyada açıq-aşkar müharibə aparır. Təəssüflər olsun ki, Qərb dövlətləri bununla bağlı Moskvaya qarşı heç bir addım atmır. Amma Türkiyə də proseslərə biganə deyil və Suriyada sabitliyin qorunması üçün oradakı demokratik qüvvələrlə əməkdaşlıq edir. Bayırbucaq türkmənləri bir müddət öncəyə qədər silahlı mübarizə aparırdılar və özlərini müdafiə edirdilər, amma Rusiyanın hərbi əməliyyatlarından sonra Suriyadakı türkmənlərin mövqeləri zəiflədi. Amma Türkiyə sakit durmur və Suriyada əmin-amanlığın bərpası üçün fəaliyyətini gücləndirəcək.

- Rusiya Türkiyədəki siyasi proseslərə müdaxilə edə bilirmi?

- Əsas dəstək PKK və onu dəstəkləyən kürd siyasətçilərədir. Bilirsiz ki, PKK-nı vaxtilə SSRİ yaratmışdı. Dəstək bu gün də davam edir. Bir müddət öncə kürd mənşəli deputat Dəmirtaş Moskvaya səfər etmişdi və onu orada çox isti qarşılamışdılar. Yəni Rusiya "kürd kartı"ndan daim istifadə edib. Təkcə Rusiya deyil, bəzi Qərb dövlətləri də kürd məsələsinə görə Türkiyəyə təzyiqlər edirlər. Türkiyə ilə bağlı xoşagəlməz planlar var. Amma Türkiyə kifayət qədər qüdrətli dövlətdir və proseslərə nəzarət edir. Hazırda PKK-ya qarşı çox güclü əməliyyatlar keçirilir.

- Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın mövqeyi nədən ibarət olmalıdır?

- Azərbaycan ilk gündən düzgün münasibət ortaya qoydu. Rəsmi Bakı bəyan etdi ki, iki ölkə arasında münasibətlərin pisləşməsini istəmir. Azərbaycan tərəfi yaxşı anlayır ki, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı Rusiyanın dəstəyilə mümkün olub. Eyni zamanda bu gün PKK-ya dəstək verənlər arasında Rusiya ilə yanaşı Ermənistan da var. Türkiyə isə torpaqlarımızı işğal edən Ermənistanla hər cür əlaqəni kəsib. Buna görə də Azərbaycan Türkiyənin tərəfində olmalıdır. Azərbaycan Rusiya ilə qonşudur və onunla münasibətlərini qoruyub saxlamalıdır. Təəssüflər olsun ki, Rusiyaya məxsus qırıcı vurulanda Azərbaycanda "Türkiyə üzr istəməlidir" deyənlərə rast gəldik. Hətta bunu deyənlər parlamentdə təmsil olunurlar. AMİP yeganə siyasə partiya olaraq məsələ ilə bağlı bəyanat verdi və Türkiyənin yanında olduğunu qeyd etdi.


Millət