Şriftin ölçüsü / 818

«Uğurlu siyasət»in ortaya çıxartdığı rəqəmlər

11 Fevral 2016 [14:01]
Artıq elə bir mərhələyə qədəm qoymuşuq ki, real vəziyyəti danmaq mümkün deyil. Hər addımda ölkənin düşdüyü ağır sosial-iqtisadi vəziyyət etiraf olunur. Təbii ki, normal düşüncəsi olan istənilən şəxs başa düşür ki, neftin qiymətinin 140 dollardan 30 dollara enməsi Azərbaycan iqtisadiyyatının çöküşü deməkdir.

Çünki, uzun illər ərzində qeyri-neft sektoru inkişaf etdirilməyib, azad ticarətə şərait yaradılmayıb və ölkə idxalın hesabına yaşayıb.ÿBəli, ölkəyə daxil olan 100 milyardlarla vəsait korrupsiya layihələrinə yönəldilib və şəxsi cibləri doldurub. Paralel olaraq ölkə əhalisi sürətli borclanmaya gedib. Iri məmurların nəzarətində olan banklar ölkə əhalisinə ən yüksək faizlərlə kredit verib və beləliklə vətəndaşları bankların əsirinə çeviriblər.ÿ

Faktiki olaraq bu gün Azərbyacan vətəndaşları kredit bataqlığındadır. 2015-ci ildə Azərbaycanda kredit təşkilatlarından cəmi borcalanların sayı 229 min 184 nəfər artaraq 2 milyon 545 min 724 nəfərə çatıb. Cəmi borcalanların sayı 2013-cü ildə 412 min 900 nəfər, 2014-cü ildə 363 544 nəfər artmışdı. 2015-ci ildə borcalan sahibkarlıq subyektlərinin sayı 3520 nəfər artaraq 240 min 29-a, zamin şəxslərin sayı 137 min 222 nəfər artaraq 1 milyon 216 min 29-a çatıb.

Son məlumatlara görə bu gün vətəndaşların banklara 22 milyard borcu var. Amma rəsmiyyətə düşməyən borclar da var. Bəli, ölkə vətəndaşının ağır vəziyyəti təkcə rəsmi sənədlərlə ifadə olunmur. Yəni, borclu əhalinin sayı Mərkəzi Bankın qeydiyyatında olanlarla məhdudlaşmır. Şəxsiyyət vəsiqəsini girov qoyub borc alanlar, pensiya kartını girov qoyub borc götürənlər, ünvanlı sosial yardım kartını girov qoyub borc götürənlər, qarşılıqlı etimad əsasında borc götürənlər, lombarda qızıl zinyət əşyalarını girov qoyub borc götürənlər, mağazaların nisyə dəftərlərində küllü miqdarda borcu yığılanlar var. Yəqin ki, bu siyahını uzatmaq da olar. Bu gün ölkədə borc götürmək üçün ağlagəlməz üsullardan istifadə edilir.

Göründüyü kimi ölkə əhalisi qeydiyyata düşməyən, statistik rəqəmlərdə ifadə olunmayan borclarla mühasirəyə alınıb. Hansısa mağazaya 50 manat ət pulu, 30 manat kortof pulu, 20 manat pomidor pulu borclu olan nə qədər ailə var? Deməli, ölkədəki vəziyyət əhalini zəruri ehtiyacları ödəməkdən də məhrum edib.

Bu vəziyyət həm də insanlar arasında münaqişələrin yaranmasına, ailələrin dağılmasına, cəmiyyətin nizamının pozulmasına xidmət edir. Borcu vaxtında qaytara bilməmək, ailənin zəruri ehtiyaclarını ödəmək iqtidarında olmamaq xoşagəlməz nəticələrə gətirib çıxarır.

Amma borc məsələsi təkcə banklarla və sadaladığımız faktlarla yekunlaşmır. Vergilər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hazırdaÿ vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat həcmində borcu var. Hətta sahibkarlıq fəaliyyəti göstərən, işləyən adamlar da vergiləri ödəyə bilmir. Ümumi mənzərə onu göstərir ki, ölkə borc bataqlığına çevrilib və vətəndaş bu bataqlıqda çırpınmaqdadır.

Ən dəhşətlisi isə budur ki, bu qədər rəsmi rəqəmlərdən sonra hökumət uğurlu siyasətdən, sosial-iqtisadi vəziyyətin yüksəlişindən, böhranın vətəndaşa təsir etməməsindən danışır və yoxsulluğun, işsizliyin səviyyəsinin azaldığını iddia edir. Əgər 9 milyon əhalinin yaşadığı ölkədə 2.6 milyon vətəndaş borc ödəyirsə, bankalara olan borcun miqdarı 22 milyarddırsa, problemli kreditlərin həcmi milyardlarla ölçülürsə, bu hakimiyyət istefaya getməlidir. Bu rəqəmlər bir daha təsdiqləyir ki, ölkənin milyardları oğurlanıb və dövlətin bütün potensialı şəxsi ciblərə xidmət edib. Fakt budur ki, ölkə vətəndaşı boğulur və bu boğulma anti-xalq siyasətinin nəticəsidir./Azadlıq qəzeti/


Millət