Şriftin ölçüsü / 752

Akademik və Millət Vəkilinin yeni kirabı çap olundu

12 Fevral 2016 [15:32]

Ağciyər xərçəngi dünyada ən geniş yayılmış bədxassəli şiş forması olub, bədxassəli şişlərlə xəstələnmənin strukturunda birinci yeri tutur və tək tibbi deyil, həm də sosial əhəmiyyət kəsb edən problemlərdəndir. Xəstəliyin erkən mərhələdə diaqnostikası səviyyəsi nisbətən aşağıdır, xəstələrin müəyyən qisminə gecikmiş mərhələlərdə diaqnoz qoyulur ki, bu zaman da aparılan müalicə əksər hallarda arzu edilən nəticəni vermir. Bu vəziyyətin əsas səbəblərindən biri budur ki, ağciyər xərçəngi olan xəstələrin əksəriyyəti ilk olaraq qeyri-onkoloji müalicə müəssisələrində işləyən ümumi profilli həkimlərə müraciət edirlər, onlarda da onkoloji ehtiyatlılıq və onkologiya sahəsində zəruri biliklər lazımi səviyyədə olmadığından, çox vaxt hipodiaqnostika hallarına yol verilir. Buna görə Tibb Universitetində təhsil alan gələcək həkimlərə və ümumi profilli həkimlərə ağciyər xərçəngi sahəsində zəruri biliklərin verilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu isə yalnız ağciyər xərçənginə dair müasir ədəbiyyatın olması sayəsində mümkündür. Bununla əlaqədar, mütəmadi olaraq ağciyər xərçənginə dair elmin son nailiyyətlərini özündə əks etdirən kitabların və tədris ədəbiyyatlarının nəşrinə zərurət yaranır.

Bu baxımdan Akademik Əhliman Əmiraslanovun rəhbərliyi altında Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında ağciyər xərçənginin epidemiologiyası, diaqnostikası və müalicəsi, eləcə də bu sahənin tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə əsasında hazırlanan "Ağciyər xərçəngi” kitabı tələbələrə və həkimlərə bu sahədə zəruri biliklərin verilməsini təmin etməklə, göstərilən çətinliklərin aradan qaldırılması istiqamətində atılan mühüm addımdır. Kitab ağciyər xərçənginə dair orijinal vəsait olub, maraqla oxunur və müasir tələblərə tam cavab verir. Burada ağciyərlərin klinik anatomiyası, ağciyər xərçənginin epidemiologiyası, etiologiyası və patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, böyüməsi və yayılması, klinikası, diaqnostikası, diferensial diaqnostikası, müalicəsi, müalicənin nəticələri və proqnozu, dispanser müşahidə, qadınlarda ağciyər xərçəngi, bu xəstəliyi olan pasiyentlərə palliativ yardım məsələləri geniş işıqlandırılmışdır. Kitab müəlliflərin çoxillik zəngin təcrübəsinə əsaslanaraq hazırlanmış, çoxsaylı rəngli şəkillərlə illüstrasiya edilmiş və nəfis tərtibatla çap edilmişdir. Elmin son nailiyyətlərini özündə əks etdirən kitab tələbələr, onkoloqlar, onkoloji xəstəliklərin diaqnostikası, eləcə də müalicəsi ilə məşğul olan mütəxəssislər, onkologiya ixtisası üzrə rezidenturada təhsil alan həkimlər, təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində ağciyər xərçəngi ilə rastlaşan həkimlər üçün qiymətli əsər olub, oxucu kütləsi tərəfindən böyük maraq və həvəslə qarşılanacaqdır.


Nazilə