Şriftin ölçüsü / 958

İnanıram ki, gərginlik hərbi münaqişəsi səviyyəsinə gedib çıxmayacaq

15 Fevral 2016 [15:06]
"AMİP-in bu günədək 10 qurultayı keçirilib, bu vaxtadək bir sıra qurultaylarımızda ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlar və ictimai-siyasi xadimlər dəvətli olublar. Elə qurultayımız da olub ki, partiya rəhbərliyi hesab edib ki, qonaqların dəvətinə ehtiyac yoxdur. Budəfəki qurultayla bağlı bu məsələyə də Mərkəzi Şurada aydınlıq gətiriləcək. Mənim fikrimcə, 11-ci qurultay mətbuata açıq olacaq və digər siyasi partiya rəhbərləri də dəvət oluna bilər”.


Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, sədr əvəzi Arzuxan Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- AMİP-in təşkilatçılığı ilə ötən həftə Türkiyədə beynəlxalq dəyirmi masa təşkil olundu. Türkiyədən hansı təəssüratlarla qayıtmısınız?

- AMİP-in təşkilatçılığı ilə baş tutan beynəlxalq dəyirmi masa "Avropa ittifaqının Cənubi Qafqazda önəmi” mövzusuna həsr olunmuşdu, eyni zamanda digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. Yaxın Şərqdə qaçqın böhranı, miqrasiya və sərhəd nəzarəti problemləri, viza liberallaşdırılması və islahatları, Türkiyənin region üçün önəmi məsələləri kimi mövzular müzakirə edildi. Suriyada baş verən hadisələrdən sonra Türkiyəyə böyük qaçqın axını olub, onların sayı 2 milyon yarımdan çoxdur. Hazırda PKK-nın aktivləşməsi fonunda qaçqınların Türkiyəyə axını, o cümlədən Rusiya ilə münasibətlərdə yaşananlar onsuz da gərgin olan vəziyyəti bir az da gərginləşdirib. Məhsuldar müzakirələr aparıldı. Tədbirə Mixail Saakaşvilinin lideri olduğu Gürcüstanın Milli Birlik Hərəkatının nümayəndə heyəti, İsveçin Moderat Partiyasının təmsilçiləri gəlmişdi. İsveçin ATƏT-dəki nümayəndə heyətinin sədri, Moderat partiyası yanında Jarl Jarlmarson fondunun rəhbəri, o cümlədən İsveçin Gürcüstan və Türkiyədəki səfirləri, Avropa Parlamentinin deputatları dəyirmi masaya qatılmışdı. Müzakirələr zamanı Azərbaycan həqiqətlərini də çatdırdıq. Azərbaycan və regionda mövcud durum, Dağlıq Qarabağ və ətraf 7 rayonun işğal altında olması ilə əlaqədar Avropa strukturlarının, beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirməsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Qaçqın problemləri fonunda Azərbaycanda hələ 1988-ci ildən üzü bəri 1 milyon soydaşımızın məcburi köçkün düşməsini, hələ də problemlərinin çözülməməsini, öz doğma yurd-yuvalarına geri qayıda bilməməsini xüsusi olaraq vurğuladıq. Həmçinin bildirdik ki, Avropa Türkiyəyə mövcud problemlərin həllində birmənalı olaraq öz dəstəyini göstərməlidir.

- Azərbaycan Rusiya-Türkiyə arasındakı gərginliyin səngiməsi üçün öz kömək təklifini etsə də, Rusiya tərəfi indiki situasiyada buna ehtiyac olmadığını vurğulayıb. Dəyirmi masada bu barədə müzakirələr aparıldımı? Sizcə, Azərbaycan bu məsələdə nə kimi yardım göstərə bilər?

- Azərbaycan lap əvvəldən düzgün mövqe tutub. Azərbaycan Rusiya ilə qonşudur və qonşuluq məsələsi daimidir, ona görə də bu ölkə ilə qonşuluq münasibətlərini əməkdaşlıq səviyyəsində qoruyub saxlamaq lazımdır. Türkiyə bizə qardaş ölkədir, Azərbaycana daima dəstək verib, ən çətin günümüzdə ona arxalanmışıq və yanımızda olub. Bu mənada Azərbaycan hökuməti çalışmalıdır ki, Rusiya ilə Türkiyə arasındakı gərginliyi azaltsın, bu məsələdə vasitəçi rolunda çıxış eləsin. Proses başlayan kimi dərhal Azərbaycan hökuməti tərəfindən bu təklif verilib. Münaqişənin aradan qaldırılması, münasibətlərin normallaşması Azərbaycanın da xeyrinədir. Rusiya ilə Türkiyə arasında son illər çox yaxşı ticari və turizm əlaqələri olub. Bu əlaqələri yenidən bərpa etməyə ehtiyac var. Hesab edirəm ki, Azərbaycan bu münasibətlərin gələcəkdə normallaşmasında çox ciddi rol oynaya bilər. Azərbaycan hakimiyyəti tərəfindən səsləndirilmiş fikirləri dəstəkləyirik. Bununla bağlı dəyirmi masada da mövqeyimizi bildirdik.

- Son günlər belə versiyalar səslənir ki, Suriyada Rusiya-Türkiyə müharibəsi başlana bilər. Yenicə Türkiyədən qayıtmısınız, oradakı ab-hava necədir, bu, nə dərəcədə real görünür?

- Ümid edirəm ki, bu, baş verməyəcək. Türkiyə NATO üzvüdür, Rusiya və NATO ölkələri bunun fərqindədir ki, Türkiyəyə qarşı hərbi müdaxilə NATO-ya hərbi müdaxilə kimi qiymətləndirilir və NATO dövlətləri də bu prosesə qoşula bilər. Şübhəsiz ki, Avropa və digər dövlətlər, o cümlədən Rusiya münaqişəsinin müharibə həddinə çatmasında maraqlı deyil. Türkiyə də başa düşür ki, yeni bir münaqişə ocağı yaratmağa ehtiyac yoxdur. İnanıram ki, gərginlik hərbi münaqişəsi səviyyəsinə gedib çıxmayacaq. Türkiyə cəmiyyəti də bu mövqenin tərəfdarıdır ki, məsələləri yumşaltmaq istiqamətində addımlar atılmalıdır.

- Bir sıra müxalif partiya bir araya toplanaraq yeni İşçi Qrup yaradıb. Müxalifət təmsilçilərinin ilk görüşündə iştirak etsəniz də, sonrakı toplantıda görünmədiniz. AMİP İşçi Qrupda niyə təmsil olunmur?


- Əslində, İşçi Qrupun yaranması ilə bağlı təklif AMİP-dən gəlmişdi, ilk dəfə partiyaların toplantısında konkret olaraq bu ideyanı mən səsləndirmişdim. AMİP-in mövqeyini bildirmişdim ki, təkcə partiyaların toplanıb müəyyən məsələlərə münasibət bildirməsi ilə iş bitmir, partiyalarda olan mütəxəssislər, partiya rəhbərliyi və ölkədə bu proseslərə təsir etmək imkanına malik, daha ağıllı layihələr irəli sürmək qabiliyyətində olan mütəxəssislər cəlb olunmaqda İşçi Qrup yaratmağa ehtiyac var. Bu İşçi Qrup da böhrandan çıxış yolları haqqında sənəd hazırlayaraq hökumətə təqdim etməlidir. Artıq formalaşıb, amma AMİP həmin İşçi Qrupda iştirak etmir.

- Buna səbəb nədir?

- İşçi Qrup hələ ki qeyri-müəyyən formadadır. Onun konturlarını görməmişəm, yaranandan sonra cəmi 1 toplantısı keçirilib, biz dəvət olunmamışıq və iştirak etməmişik. Əvvəldən formalaşmasında iştirak etmədiyi qurumda AMİP heç vaxt təmsil olunmayıb və bundan sonra da iştirak etməyəcək. Eyni zamanda bizim özümüzün də çox ciddi təkliflərimiz var, çox yaxşı olardı ki, bizim və müstəqil iqtisadçıları verdiyi təkliflər dinlənilsin. Ötən il boyu iqtidarla müxalifətin dialoqu keçirilirdi, bu cür təmaslara çox ciddi ehtiyac var

- İdeyası Sizə məxsus olan təklifin arxasınca niyə düşmədiniz?

- Bu, ümummilli məsələdir, burada hansısa bir siyasi qurumun formalaşmasından söhbət getmir. Sadəcə olaraq, çıxış yollarını arayıb-axtaracaq və ciddi sənəd ortaya qoyacaq təşkilatdan söhbət gedir. İkinci bir toplantı olub və bizim fikrimizin davamı olaraq belə fikir səsləndirilib ki, İşçi Qrup formalaşsın, amma faktiki olaraq o İşçi Qrup yoxdur. Bizim də digər siyasi təşkilatlarla təmasımız var, onlarla da söhbətlərimiz olub və bizə bildiriblər ki, dəvətimiz olarsa, İşçi Qrupun formalaşmasında iştirak edərlər, ona görə də hələ ki bu yöndə danışıqlar və müzakirələr gedir.

- Hansı partiyalarla danışıq gedib?

- Adları açıqlamağa lüzum görmürəm. Ölkədə 55 partiya qeydiyyatdan keçsə də, ancaq barmaqla sayılacaq siyasi partiyalar var ki, həqiqətən də, aktiv siyasi fəaliyyətlə məşğuldurlar. Biz məhz həmin aktivlərlə rəhbərlik səviyyəsində danışıq aparırıq. Ciddi razılığa gəlinəcəksə, o zaman mətbuat vasitəsilə ictimaiyyətə açıqlayacağıq.

- Alınacağı təqdirdə müxalifətin iki İşçi Qrupu olacaq?

- Sayın çox olmasının qorxulu tərəfi yoxdur. Ola bilər ki, müxtəlif sənədlər və təkliflər hazırlanıb hökumətə verilsin. Bu məsələni bəzi siyasi partiyalar kimi monopoliyaya almaq düzgün deyil. Nə qədər çox təklif səslənərsə, çoxun içərisindən yaxşıları seçib tətbiq etmək imkanı yaranar.

- Bu yaxınlarda Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər dəyirmi masa təşkil edərək partiya rəhbərlərini dəvət etmişdi. Həmin tədbirə də dəvətli deyildiniz?

- O tədbir biz İstanbulda ikən baş tutub. Bildiyim qədər yalnız Müsavat rəhbərliyi iştirak edib, bir də Pənah Hüseyni fotoda gördüm.

- Hətta Hafiz Hacıyevin də dəvət edildiyi deyilir.

- Ondan məlumatlı deyiləm, yəqin Hafiz Hacıyevlə hansısa məsələdə əməkdaşlıq etməyi uyğun bilirlər.

- Bəs AMİP qurultayını nə zaman keçirəcək?

- Əvvəlcədən dəqiq vaxt deyə bilmirik, ən azından martda qərar veriləcəyi gözlənilir. Bu barədə partiya daxilində müzakirələr gedir. Həm regionda olduqca mürəkkəb vəziyyət yaranıb, eyni zamanda ölkə iqtisadiyyatında problemlər ortaya çıxıb. Fevralın 9-da partiyanın Siyasi Şurasını çağırmışdıq, Bakı, Abşeron və Sumqayıt rayon təşkilatlarının sədrləri də həmin iclasda iştirak edirdi. İclas partiya rəhbərliyinin Türkiyəyə səfəri ilə bağlı idi, eyni zamanda ölkədəki ictimai-siyasi durum, partiya daxilindəki vəziyyət, AMİP qarşısındakı əsas vəzifələr və fəaliyyət istiqamətləri müzakirə mövzusu oldu. Siyasi Şura partiyanın rəhbər strukturudur, orada ümumi fikir var ki, qurultayın çağırılması ilə bağlı tələskənliyə yol verməyə ehtiyac yoxdur. Partiya elə strukturlaşıb ki, bütün qurumlar öz fəaliyyətini davam etdirir. Partiya sədrinin səlahiyyətlərini mən icra etsəm də, rəsmi olaraq qurultayda seçilmiş sədrin olmaması partiya fəaliyyətinə elə bir ciddi təsir göstərmir. Müxtəlif sahələr üzrə katiblərimiz, Mərkəzi Şura və onun komissiyaları, rayon təşkilatları saat mexanizmi ilə öz işini görür. Sədrin seçilməməsi cari fəaliyyətinə ciddi təsir göstərmir. Böyük ehtimalla Mərkəzi Şuranın çağırılması gözlənilir və qurultay da həmin iclasda bəlli olacaq.

- Qurultayda dəvətlilər sırasında başqa partiyaların rəhbər şəxsləri olacaqmı?

- AMİP-in bu günədək 10 qurultayı keçirilib, bu vaxtadək bir sıra qurultaylarımızda ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlar və ictimai-siyasi xadimlər dəvətli olublar. Elə qurultayımız da olub ki, partiya rəhbərliyi hesab edib ki, qonaqların dəvətinə ehtiyac yoxdur. Budəfəki qurultayla bağlı bu məsələyə də Mərkəzi Şurada aydınlıq gətiriləcək. Mənim fikrimcə, 11-ci qurultay mətbuata açıq olacaq və digər siyasi partiya rəhbərləri də dəvət oluna bilər.

Nərgiz Ehlamqızı