Şriftin ölçüsü / 778

Mütəllibov növbəti dəfə yalan danışır

22 Fevral 2016 [16:22]

Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev fevralın 19-da "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimat mərasimindəki çıxışında Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovun Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bildiyini ifadə edib. A. Mütəllibov da öz növbəsində hərbi prokurorun açıqlamasını reallıqdan kənar açıqlama adlandırıb. Bununla bağlı münsibət bildirən AMİP Baş Katibi Arzuxan Əlizadə bilidirib:

"Əslində bu çox ciddi ittihamdır və hesab edirəm ki, istintaq orqanları məsələyə aydınlıq gətirməlidir. Lakin bir detala diqqət yetirmədən keçmək olmur. O da Mütəllibovun yenə də öz ampluasında olması, qeyri-səmimiliyi və yumşaq desək növbəti dəfə yalan danışmasıdır.

Mütəllibov mətbuata verdiyi açıqlamada deyir ki: "1992-ci il fevralın 25-i axşam saat 11-ə işləmiş o zamankı milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və daxili işlər naziri Tofiq Kərimov çox həyəcanlı vəziyyətdə yanıma gəldilər və "Xocalıda nə isə olub” dedilər. Dedim ki, siz nə baş verdiyini dəqiqləşdirin və mənə xəbər edin. Yarım saatdan sonra onlar filan sayda adamın öldürülməsi xəbərini verdilər.”

Deməli, artiq həmin gecə Ayaz Mütəllibov, eləcə də Milli təhlükəsizlik və Daxili İşlər nazirləri Xocalıda soyqırım baş verdiyinindən və yüzlərlə mülki vətəndaşın vəhşicəsinə qətlə yetirilməsindən xəbərdar idilər. Bəs belə olan halda növbəti gün adı çəkilən qurumların Ayaz Mütəllibovun tapşırığı ilə mətbuata verdikləri açıqlamada Xocalıda cəmi 2 nəfərin həlak olması barədə rəsmi məlumat yayması dolayısı ilə həmin faciəni törədənlərə bəraət qazandırmaq cəhdi deyildimi?! Çünki, elə hörmətli hərbi prokurorun dediyi kimi, sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirildiyini sübut etmək üçün xeyli əziyyət çəkməli oldu.

O günlərin acısı keçmədiyi kimi, yaddaşlar da silinməyib. Bəlkə heç olmasa indiki statusuna hörmət edərək susasan, yoldaş Mütəllibov!"



Asya Cəlilova