Şriftin ölçüsü / 586

Tədris Cərrahiyyə Klinikasında hamiləykən ürəyinə mexaniki klapan yerləşdirilən qadın ana olub

23 Fevral 2016 [15:02]

Tədris Cərrahiyyə Klinikasında hamiləykən ürəyinə mexaniki klapan yerləşdirilən qadın ana olub

Ötən ilin dekabr ayının əvəllələrində Azərbaycan Tibb Universitetinin

Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən ölkədə ilk dəfə olaraq

hamilə qadının ürəyində əməliyyat aparılaraq, onun mexaniki klapanı dəyişdirilib. Dünyada üçüncü belə uğurlu əməliyyat olub, çünkü burdakı təhlükə - əməliyyat zamanı hamilə xanımın bədən temperaturunu 33ºC qədər düşürülməsidir, bu vəziyyət isə döl ürəyinin fəaliyyətini dayandırma təhlükəsini artırır.

36 yaşlı qadın bu günlərdə artıq körpəsini dünyaya gətirib. Kesar əməliyyatı

ilə doğulan oğlan uşağının çəkisi 3 kq 600 qram, boyu 49 sm-dir. Əməliyyatı

həyata keçirən Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, hamilə qadın doğuşdan bir həftə

əvvəl xəstəxanaya yatızdırılıb. Bir həftə ərzində onun üzərində doğuşa

hazırlıq prosesi aparılıb (ürəyində mexaniki qapaq olduğundan yüksək dozada qan sulandırıcı dərmanlar alıb). Uşaq əvvəlcədən planlaşdırıldığı kimi, keysəriyyə əməliyyatı ilə doğulub. Əməliyyatda təcrübəli anestezioloq, kardioloq, kardiocərrah və ginekoloqlardan ibarət böyük bir həkim

briqadası iştirak edib, onların səyi nəticəsində körpə sağlam dünyaya gətirilib.

Qeyd edək ki, qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə

müraciət edib. Xəstədə ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı

icra edilib, mexaniki klapan yerləşdirilib. Əməliyyatdan sonrakı dönəmdə

hansısa bir problem yaranmayıb. Lakin qadın hamilə qalmaq istəyib.

Həkimlər buna etiraz edərək hamiləliyin ona əks göstəriş olduğunu, dölün salamat qalması ehtimalının çox az olduğunu izah edilib. Buna baxmayaraq, özü də həkim olan qadın hamiləliyə qərar verib. Hamiləlik müddətində xəstənin vəziyyəti pisləşib, mexaniki klapanın trombozlaşması aşkarlanıb. Bu cür hallarda tək çıxış yolu yenidən əməliyyat olunması olduğu üçün qadın təcili əməliyyata alınıb: onun bədəninin hərarəti düşürülüb, ürəyi dayandırılıb və süni qan dövranına qoşulub. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçib - həm ananı, həm dölü qurtarmaq mümkün olub.


Nisə Rəhimova