Şriftin ölçüsü / 958

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında beynəlxalq simpozium keçirilir

29 Fevral 2016 [17:47]

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "I Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” keçirildi. Simpozium Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyi və ATU-nun Kolorektal Cərrahiyyə Dərnəyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Nuru Bayramov beynəlxalq konfransın əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, bu cür konfranslar həm alimlər arasında əlaqələrin sıxlaşdırılmasına, həm də dünyanın hər yerindən olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi aparmağa kömək edir: "Bu tip simpozium və elmi konfranslarda tibbdə olan son nailiyyətlər, yeniliklər barədə məlumatları açıqlayır, hər birimiz öz təcrübəmizi paylaşa bilirik. Tədris Cərrahiyyə Klinikası olaraq hədəfimiz dünyanın aparıcı klinikası səviyyəsinə çatmaqdır. Bu məqsədlə xarici əlaqələrimizdən faydalanırıq”.

N.Bayramov həmçinin ölkəmizdə kolorektologiya sahəsində əldə olunan nailiyyətlərdən danışdı. O, Türkiyədən gəlmiş qonaqları simpozium iştirakçılarına uğurlar dilədi.

Tədbirin davamında ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri, akademik Böyükkişi Ağayev də Azərbaycan Tibb Universitetində ənənəvi olaraq xarici ölkə mütəxəssislərinin iştirakı ilə bu cür elmi toplantıların keçirildiyini bildirdi. Qeyd olundu ki, ilin əvvəlindən indiyədək klinikada tibbin müxtəlif sahələri üzrə 5 beynəlxalq konfrans təşkil olunub. Növbəti aylarda da yerli və xarici ekspertlərin iştirakı ilə elmi konfransların keçirilməsi nəzərdə tutulur.

Daha sonra simpozium işini türkiyəli mütəxəssislərin maraqlı mövzularda mühazirələri ilə davam etdirdi. "Türkiyə kolorektal xərçəng skrininq təcrübəsi”, "Rektum xərçənginin müalicəsində daha az ilə kifayətlənə bilərikmi?”, "Lokal yayılmış və residiv rektum xərçənginə yanaşma”,"Kolorektal xərçəng mənşəlli qaraciyər metastazlarının müalicəsi” və digər mövzularda məruzələr dinlənildi. Ankara Numune Eğitim Ve Araşdırma xəstəxanasından Dos. Dr. Ahmet Serdar Karaca, Ankara Universiteti Tibb Fakültəsinin Prof. Dr. İbrahim Ethem Geçim və Dos. Dr. Deniz Balcı, Türk Kolon və Rektum Cərrahi Dərnəyi Başqanı Prof. Dr. Selman Sökmen çıxışları maraqla qarşılandı. Müzakirələr zamanı dünyada, həmçinin Türkiyədə və Azərbaycanda kolorektologiyanın problemləri barədə diskussiya aparıldı. Hər il kolorektal xərçəngdən əziyyət çəkən bir milyon insanın qeydə alındığı qeyd olundu.


Nisə Rəhimova