Şriftin ölçüsü / 828

Jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil

02 Mart 2016 [16:46]
"İlham Əliyevi və onun hökumətini inandırmağa çalışırıq ki, jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil”

Nüfuzlu amerikalı konqresmen Kristofer Smit ATƏT rəhbərliyini, həmçinin ABŞ hökumətini Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdə Azərbaycanda siyasi məhbuslar və mətbuat azadlığının boğulması məsələsini qaldırmağa çağırıb.

"Mən Bakıda iki dəfə prezident Əliyevlə görüşmüşəm və ümid edirəm ki, Vaşinqtonda da görüşəcəm”, – Smit "Turan”ın Vaşinqton müxbirilə söhbətində İ.Əliyevin martın sonlarında nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a gözlənilən səfərini şərh edərkən bildirib.

Helsinki Komissiyasının rəhbəri və Azərbaycan hökumətinə qarşı sanksiyaları nəzərdə tutan "Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsinin müəllifi Smit bu sənədin anlamının perspektivləri haqda sualın cavabında deyib: "Biz bu qanun layihəsinə çox ciddi yanaşırıq. Biz İlham Əliyevi və onun hökumətini inandırmağa çalışırıq ki, jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil”.

ABŞ Azərbaycanın və onun hökumətinin yaxın dostu olmaq istəyir. "Dostlar bir-birinə imkan verməməlidir ki, insan hüquqları pozulsun. Yüzə yaxın siyasi məhbusun olduğu halda, sadəcə, səhifəni çevirmək olmaz. Və bu rəqəm getdikcə artır”, – konqresmen vurğulayıb.

"Bəzən jurnalistlər elə şeylər yazırlar ki, heç birimizin xoşuna gəlmir. Əgər məlum olursa ki, sizdə problem sistemli şəkildədir, korrupsiya var, siz jurnalistlərdən yox, korrupsiyadan xilas olmalısınız”, – Smit qeyd edib.

Kristofer Smit Vaşinqtonda Helsinki Komissiyasının iclasında Xədicə İsmayılova və digər siyasi məhbuslarla bağlı ATƏT sədri Frank-Valter Ştaynmayerə göndərilən müraciəti yada salıb. Müraciətdə Xədicənin və digər məhbusların azadlığa buraxılmasına çağırılır.

"Əgər Azərbaycana getsəniz şəxsən Xədicə ilə görüş istəyin”, – Smitin müraciətində deyilir.

Frank-Valter Ştaynmayerin cavab məktubunda bildirilib ki, Münhen konfransında prezident İlham Əliyevlə görüş olub və o, Azərbaycana qarşıdakı səfəri barədə prezidentə məlumat verib. "Biz Azərbaycanı KİV azadlığına hörmətlə yanaşmağa çağırırıq və ümid edirik ki, bu məsələni həll edəcəyik”, – cavab məktubunda deyilir.


Millət