Şriftin ölçüsü / 833

AŞPA qarşılıqlı güzəştlər fonunda münasibətlərin normallaşdırılmasında maraqlıdır

07 Mart 2016 [13:27]
Arzuxan Əlizadə: "Son vaxtlar tərəflər arasında münasibətlərdə mülayimləşmə meylləri özünü göstərir"

"Görünür, Aqramunt əlaqələrin dönüş mərhələsində olmasını deyərkən bunu nəzərdə tutur"

Bu həftənin ən önəmli hadisələrindən biri uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışan, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hazırkı rəhbəri Pedro Aqramuntun Azərbaycana səfəri idi.
İki günlük səfəri çərçivəsində AŞPA prezidenti Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, AŞPA nümayəndə heyətinin üzvləri, vətəndaş cəmiyyəti və KİV təmsilçiləri ilə görüşlər keçirib. Bakıya səfərindən məmnunluğunu ifadə edən AŞPA prezidenti Pedro Aqramunt bu vəzifəyə seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Hazırda bütün dünyanın, xüsusilə Avropanın müxtəlif çağırışlarla üzləşdiyini deyən Pedro Aqramunt belə bir dövrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasının önəmini qeyd edib və Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu vurğulayıb.
Eyni zamanda, Pedro Aqramuntun 2 günlük rəsmi səfərinin nəticələri üzrə bəyanatında deyilir ki, Azərbaycan AŞPA ilə əlaqələrini yaxşılaşdırmağa imkan verəcək dönüş mərhələsindədir. AŞPA prezidenti qeyd edib ki, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər keçirib: "Mən qanunun aliliyi və insan haqları barədə bir sıra məsələlər üzrə yüksək vəzifəli həmsöhbətlərimlə açıq müzakirələrdən ruhlandım. Mən QHT-lərlə əlaqəli bu yaxınlarda qəbul edilmiş qanunvericilik baxımından vətəndaş cəmiyyəti nümayəndələrinin üzləşdiyi bəzi problemləri ali rəhbərliklə müzakirə etmək, bu yaxınlarda baş tutmuş parlament seçkiləri ilə bağlı bəzi məsələlərə baxmaq, Avropa Şurasının Venesiya Komissiyası ilə daha fəal əməkdaşlıq etmək imkanı əldə etdim".
Bütün bunların fonunda, onun Azərbaycanın qurumla əlaqələrini yaxşılaşdırmağa imkan verəcək dönüş mərhələsindədir ifadəsi nə deməkdir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, son vaxtlar tərəflər arasında münasibətlərdə mülayimləşmə meylləri özünü göstərir: "Görünür, Aqramunt əlaqələrin dönüş mərhələsində olmasını deyərkən bunu nəzərdə tutur. Məsələ ondadır ki, son illər Azərbaycanla Avropa təsisatları arasında münasibətlərdə soyuqlaşma halları ara-sıra özünü göstərir. Tərəflər arasında bir sıra məsələlərə yanaşmalar fərqlidir. Bu da, istər-istəməz, münasibətlərə öz təsirini göstərir.

AŞPA istəyir ki, müəyyən məhbuslar azadlığa çıxsın. Azərbaycan isə məsələyə fərqli yanaşır. Ancaq bölgədə gedən proseslər, xüsusən də enerji xətləri ilə bağlı məsələlərdə Azərbaycanın Avropa üçün önəmi böyükdür. "Cənub Qaz Dəhlizi" ilə bağlı keçirilən tədbirdə bu bir daha aydın oldu. O baxımdan düşünürəm ki, AŞPA qarşılıqlı güzəştlər fonunda münasibətlərin normallaşdırılmasında maraqlıdır. Təbii ki, Azərbaycan da kompromis xarakterli müəyyən addımlar atmalıdır".

Vidadi ORDAHALLI


Millət