Şriftin ölçüsü / 910

Mehriban Əliyevaya iki dəfə telqram vurdum cavab almadım

07 Mart 2016 [13:30]
Manatın ikinci dəfə devalivasiyasından sonra ölkədə ciddi problemlər baş qaldırdı. Bahalaşma əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Qiymətlərin sürətlə qalxması ilk növbədə az təminatlı təbəqəni və müxtəlif sosial qrupları çətin vəziyyətə saldı. Dövlət tərəfindən verilən sosial müavinətlər, pensiyalar və digər təminatlar həmin kateqoriyadan olan vətəndaşlarımızın kommunal xərclərinə belə yetməyir. Dövlət başçısı əlillərin sosial-məişət problemlərinin yüngülləşdirilməsi ilə bağlı bir sıra tapşırıqlar versə də, sərəncamlar imzalasa da görünən odur ki, bunlar kifayət etməyir. Müsahibimiz II qrup əlil, Şahmat üzrə I kateqoriyalı məşqçi – müəllim Xoşbəxt Qarayevlə söhbətimizdə də bu problemlərə toxnulur.

- Xoşbəxt müəllim, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin keçmişi və bu günü barədə nə söyləyə bilərsiniz?

- Öncəliklə onu qeyd edim ki, haqqında bəhs etdiyiniz qurum əvvəllər Azərbaycan Korlar Cəmiyyəti kimi fəaliyyət göstərirdi. O vaxtlar AKC ölkədə ən varlı təşkilatlardan biri idi və özünün maliyyə imkanları hesabına Cəmiyyət üzvlərinin mənzil, sosial-məişət problemlərini, mədəni–kütləvi, idman tədbirlərinin təşkili və s. bu kimi məsələləri tam şəkildə həll etmək iqtidarında idi. Hətta görən vətəndaşlar da kütləvi halda Korlar Cəmiyyətinin müxtəlif təhsil – istehsalat müəssisələrində işlə təmin olunurdu. Təəssüf ki 1990 –cı ildən sonra AKC tənəzzülə yuvarlandı və bu günədək daha ağır formada həmin dövrü yaşayır.

- Tənəzzülün səbəbini nə ilə izah etmək olar?

- Birinci səbəb kimi ölkədə gedən ümumi tənəzzülü göstərmək olar. İkinci səbəb isə AKC rəhbərliyinin yaranmış xaosdan istifadə edərək Cəmiyyəti talama yolunu tutmasını, Cəmiyyətin Nizamnaməsində özbaşına dəyişikliklərin aparmasını və bütün bunların hamısına ölkənin hüquq – mühafizə orqanlarının göz yummalarını göstərə bilərik.

- Cəmiyyətinizdə inteqrasiya məsələləri necə həll olunur?

- Son 10 ildə gözdən əlillər üçün tikilmiş iki yaşayış binasının inteqrasiya məsələlərinə heç bir aidiyyəti yoxdur. Belə götürəndə də Azərbaycan hökümətinin gözdən əlillərin inteqrasiya məsələlərinin həlli ilə bağlı heç bir Proqramı, hətta təklifi belə yoxdur. Olsaydı, biz hiss edərdik.Gözdən əlil müasir şəraitdə yalnız musiqi və idman vasitəsilə özünü içtimaiyyətə təqdim edə bilər ki, bunun üçün də maliyyə vəsaiti tələb olunur, bunu isə dövlət özü ayırmalıdır.

- Amma siz özünüzü sağlam Cəmiyyətə tanıtdıra bilmisiniz, belə desək, inteqrasiya olunmusunuz.

- Məndən başqa da gözdən əlillər var ki, özlərini bütün Azərbaycana tanıdıblar təkcə İlham Zəkiyevi qeyd etmək yetər. Mənim bir məşqçi kimi ölkənin müxtəlif idman cəmiyyətlərinə çıxışımı müəllimim Fikrət Sideifzadə və Cəmiyyətimizin ən fəalüzvlərindən biri Gennadi Gelman təmin ediblər. Buna görə onlara hər an minnətdaram.

- Hansı nailiyyətlərə imza atmısınız?

- Azərbaycanın Şahmat aləmində az adam olar ki, məni tanımasın. Bu mənim ən böyük nailiyyətimdir. Digər tərəfdən də 30 illik məşqçilik fəaliyyətim dövründə müxtəlif idman təşkilatlarında – "Məhsul”, "Lokomotiv”, "Spartak”, "Neftçi” İSM Həmkarlar, "Dinamo” kimi nəhəng Cəmiyyətlərdə çalışmışam, dünya, Avropa miqyaslı yarışlarda fərqlənən idmançılar yetişdirmişəm. Hal – hazırda Təhsil Nazirliyinin 2 №-li İOEUGŞİM –də işləyirəm.

- Bu yaxınlarda Prezident İlham Əliyev gözdən əlillər üçün yeni tikilmiş yaşayış binasının açılışını etdi. Sözsüz ki, bu əhalinin zəif sayılan təbəqəsinin mənzil şəraitini daha da yaxşılaşdıracaq. Siz necə , bu fürsətdən yararlana bildinizmi?


- Mən buna fürsət deməzdim. Dövlət öz vətəndaşının qarşısında bir öhdəçilik götürmüşdü, onu da layiqincə yerinə yetirə bilmədi. Gözdən əlilin mülkiyyətini əlindən al ev tik, sonra da onun hüquqlarını poz – ƏƏSM Naziri Səlim Müslümov məhz belə də etdi. Onun yaratdığı Komissiya (başbiləni İlqar Rəhimov) mənzillərin gözdən əlillər arasında ədalətli şəkildə qanunvericiliyə müvafiq qaydada bölüşdürülməsini təmin etməli idi əgər bir nazirliyin tərkibində fəaliyyət göstərən Komissiya dövlət qanunlarını pozursa və Nazirin bundan xəbəri yoxdursa (mən inanmıram ki, bu bələdir), onda həmin Nazirə adamın gülməyi gəlir. Həqiqətənmi cənab Müslümov mənzil bölgüsünün növbəlilik prinsipi əsasında aparılmadığını, çoxtərkibli ailələrə 1 otaqlı mənzilin verilməsini (mənə 4 nəfər ailə tərkibi ilə 1 otaq verilib), subaylara mənzil verilməməsini (əgər onlara mənzil düşmürsə, o zaman nəyə görə mənzil növbəsini götürülürlər?) görmürdümü?

- Dediniz ki, Sizə 4 nəfər ailə tərkibi ilə 1 otaqlı mənzil verilib və bunun qanun pozuntusu olduğunu qeyd edirsiniz...

- Bəli!

- Belə olan halda Məhkəməyə müraciət etmisinizmi?

- Məhkəmə sonuncu mərhələdir. Qanun pozuntusu barədə məlumat olan kimi dərhal Səlim Mülümova teleqram vurdum, mənə heç bir cavab verilmədi. Ondan sonra ona faksla müraciət etdim, yenə də mənə cavab verilmədi. Bundan sonra Baş prokurora və Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət etdim. Yenə də heç bir tədbir görülmədi. Daha sonra yaşadığım ərazidən Millət vəkili seçilmiş Mehriban Əliyevaya iki dəfə telqram vurdum. Mən inanmıram ki, Mehriban xanım həmin müraciətləri oxusun və bil əlil ailəsinə (həyat yoldaşım I qrup gözdən əlildir ) laqeid yanaşsın. Bu müraciətlərimə də heç bir cavab ala bilmədiyim üçün Prezident İlham Əliyevə iki dəfə müraciət ünvanladım. Bu müraciətlərim də cavabsız qaldı.




Fərid Pəmbəkli