Şriftin ölçüsü / 960

Prezidentlərdən dünyaya həmrəylik nümayişi

16 Mart 2016 [14:22]
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən toplantısı başa çatıb. Toplantıdan sonra Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransı keçiriblər.

Türkiyə prezidenti Ərdoğan deyib ki, əslində Bakıda baş tutmalı olan bu toplantının Ankarada keçirilməsində məna var. Bununla Azərbaycan Türkiyənin həm də qara gün dostu olduğunu göstərdi.

Ərdoğan qeyd edib ki, bu addımdan hər kəs öz mesajını almalıdır. "Terrorçuya pərdə olmağı özgürlük deyə müdafiə edənlər bundan dərs almalıdırlar. Bu addım məsələnin ruh və könül birliyi olduğunu açıqca ortaya qoyur”, – deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan mətbuat konfransında bir daha Ankaradakı terror haqda danışıb:

"Terror təşkilatı cani və alçaq üzünü bir daha göstərdi. Məqsəd Türkiyə xalqını qorxutmaq, Türkiyəni mübarək yolundan döndərməkdir. Ancaq bunu əsla bacarmayacaqlar. Türkiyə diz çökməyəcək, tam əksinə, özləri diz çökəcəklər.

Dost və qardaş ölkələrin dəstəyi ilə bu çətinliyi aşacağıq və yeni Türkiyəni inşa edəcəyik. Biz də işğal altında saxlanan Dağlıq Qarabağ olmaq üzərə, Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Ərdoğan məlumat verib ki, budəfəki toplantıda tərəflər enerji, nəqliyyat, müdafiə, hərbi əməkdaşlıq kimi məsələləri müzakirə edib, 6 sənəd imzalayıb. İmzalanan sənədlərdən biri strateji əməkdaşlıq anlaşmasıdır.

Ərdoğanın sözlərinə görə, terrora qarşı birgə mübarizə məsələsində nələr edilə biləcəyi də müzakirə olunub. "Yaşanan gəlişmələr hamımıza təsir edir. Önümüzdəki günlərdə Əliyevlə kritik toplantılar üçün yenidən bir araya gələcəyik”.

Türkiyə prezidenti TANAP layihəsi barədə də danışıb. Bildirib ki, bu məsələni də müzakirə ediblər və layihənin müəyyən olunmuş vaxtdan tez tamamlanmasına çalışırlar. "Bu nəhənf layihə dekabr ayında istifadəyə verilərək dünyaya önəmli mesajımız olacaq”, – deyə Ərdoğan qeyd edib.

İlham Əliyev isə öz növbəsində Ankara terroruna görə bir daha başsağlığı verib. Bildirib ki, Azərbaycanla Türkiyənin birliyi sarsılmazdır, onlar pis günlərdə də bir-birinin yanındadır. Əliyev qeyd edib ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkənin Türkiyə olduğunu heç vaxt unutmayacaq. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın iki dövlətdir.”Biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını inşa edəcəyik”, – deyə Əliyev bildirib.

***

Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Türkiyə səfər edib. Səfərdə məqsəd Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) beşinci iclasını keçirməkdir. İclas Bakıda keçirilməli idi. Lakin 2 gün qabaq Ankarada baş verən terrora görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi çətinləşib. Bundan sonra Azərbaycan tərəfin təklifi ilə toplantının Ankrada keçirilməsinə qərar verilib.

Türkiyə prezidentinin iqamətgahı önündə qarşılanma mərasimi keçirilib. Mərasimdən dərhal sonra iki ölkə başçısı arasında görüş keçirilib.

Türkiyə mətbuatının yazdığına görə, görüşdə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı son vəziyyət müzakirə olunmalıydı.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İclasının isə təkbətək görüşdən sonra baş tutacağı bildirilir.

***

14.03.2016

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya martın 15-ə nəzərdə tutulan səfəri ləğv olunub. Bu barədə Milliyet qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Ərdoğanın Bakıda iştirak etməli olduğu Türkiyə-Azərbatcan Strateji Əməkdaşlıq Toplantısının Ankarada keçirilməsinə qərar verirlib. Qəzetin yazdığına görə, proqramda dəyişiklik Azərbaycan tərəfin istəyi ilə olub.

Məlumatda o da xatırladılır ki, Ərdoğan Bakıya fevralın 17-də gəlməli idi, amma o zaman da səfərə bir gün qalmış Ankarada terror baş verdi və səfər martın 15-ə təxirə salındı.

Strateji Əməkdaşlıq Toplantısında Azərbaycan qazının (Şahdəniz-2 və Xəzərin cənubundakı başqa yataqlarda) Türkiyəya və oradan da Avropaya nəqlini nəzərdə tutan boru xəttinin – TANAP hazırlanması müzalirə olunacaq. Bu, öncəliklə Türkiyənin Rusiyadan qaz asılılığını azaldacaq layihə kimi nəzərdən keçirilir.


Millət