Şriftin ölçüsü / 500

Tibb Universitetindəki konfransda canlı əməliyyat nümayiş olundu

29 Mart 2016 [17:51]

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü” keçirilib. Tədbirdə bariatrik cərrahiyyə sahəsində hər iki ölkənin mütəxəssisləri ilə yanaşı, gənc alimlər, rezidentlər və tələbələr də iştirak ediblər.

"Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü”ndə açılış nitqi ilə çıxış edən ATU-nun rektor əvəzi, professor Sabir Əliyev qonaqları salamladıqdan sonra hazırda bütün dünyada başbəlası kimi qiymətləndirilən piylənmə və bunun səbəbləri haqqında məlumat verdi. S.Əliyev qeyd etdi ki, hərəkətsizlik və texnologiyanın gətirdiyi tənbəllik, digər tərəfdən ekologiyanın çirklənməsi orqanizmdə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır ki, bu da xəstəliklə nəticələnir: "Əgər bu xəstəliyin üzərinə vaxtında düşülərsə, qarşısını almaq olar”.

Türkiyəli professoru, Laporaskopik Dərnəyinin prezidenti Cavid Avcı Azərbaycanda olduğundan məmnunluq hissi duyduğunu vurğuladı: "Biz iki dövlət olsaq da, bir millətik. Eyni isti duyğuları burada da hiss edirik. Bizim özümüzdən başqa dostumuz yoxdur. Həm bilik, həm mədəni, həm də sosial yöndə bir-birimizə dəstək olmağa davam edəcəyik”.

Daha sonra professor dünyada endoskopik və bariatrik cərrahiyyənin mövcud vəziyyəti haqqında danışaraq qeyd etdi ki, köklüyün əməliyyatla müalicəsi yeni bir üsul deyil: "Lakin bu sahəyə 1990-cı illərdən etibarən daha çox diqqət ayırmağa başlanılıb. Səbəb laparoskopik üsulla əməliyyatların geniş yayılmasıdır. Bu da çox kök insanların əməliyyatlarının daha asan və ağrısız olmasına kömək edir. Bədən kütlə indeksi 40 və daha çox olan insanlara köklük əməliyyatı məsləhət görülür”.

Sonda İstanbul Universiteti Cerrahpaşa Tıp Fakültesinin professoru Mustafa Taşkın tərəfindən 124 kiloqram çəkidə olan xəstə üzərində icra olunan "Mini Gastrik-Bypass” əməliyyatı konfrans zalında canlı olaraq yayımlandı. Əməliyyat konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.

Bu əməliyyat ATU-nun nəzdində təşkil olunmuş Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının həyata keçirdiyi ikinci canlı əməliyyat idi. Qeyd edək ki, bu xəstənin çəkisi 1 il öncə Bariatrik-Metabolik Cərrahiyyə bölməsinin rəhbəri Tariyel Ömərov tərəfindən 186 kiloqramdan "Sleeve Gastrektomi” əməliyyatın ilə 124 kiloqrama çatdırılmışdı.

Qeyd edək ki, konfransdan öncə Türkiyədən gələn nümayəndə heyəti ilə ATU rəhbərliyi ilə görüşü baş tutub. Görüşdə ATU-nun rektor əvəzi, professor Sabir Əliyev, Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Nuru Bayramov və baş həkimi Asiman Həsənov iştirak ediblər.

Görüşdə Türkiyə və Azərbaycan arasında səhiyyə sahəsində əlaqələr, həm elmi, həm də tədris sahəsində təcrübə mübadiləsindən söz açılıb. Müzakirələr zamanı azərbaycanlı gənc həkim və mütəxəssislərin Türkiyədə ixtisasartırma kurslarında iştirakı, eyni zamanda Türkiyənin bu sahədə olan təcrübəli mütəxəssislərinin ölkəmizdə əməliyyatların icrasına dair ilkin razılıq əldə olunub.

Klinikanın baş həkimi Asiman Həsənov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsində əlaqələr son illər daha da intensivləşib: "Artıq son illərdə həm Azərbaycan, həm də Türkiyə həkimləri bir-birləri ilə birgə əməkdaşlığa başlayıb və bundan sonra da bu əlaqələr daha da genişlənəcək”.


Nisə Rəhimova