Şriftin ölçüsü / 944

Boşanmaların çoxalması və aliment problemi həlli vacib çox ciddi problemdir

30 Mart 2016 [15:22]
Mahmud Hacıyev: "Bəzi insanlar lazımi imkana malik olduqları halda aliment ödəmirlər”

Əli Orucov: "Kimisə həbs etməklə problemi həll etmək olmaz”

Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayında ciddi artım müşahidə edilməkdədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Trend-ə daxil olan məlumata görə, 2015-ci ildə 2174 nəfər aliment ödənilməsindən yayındığı üçün inzibati qaydada məsuliyyətə cəlb edilib. 1499 nəfər haqqında isə inzibati həbs tənbeh növü seçilib.

Maraqlıdır, aliment probleminə görə məsuliyyətə həbs cəzasına cəlb edilən şəxslərin sayının durmadan artması nə ilə bağlıdır? Bu, insanların öz valideynlik məsuliyyətinə, habelə qanunun tələbinə biganə yanaşmasının, yoxsa işsizlik və aşağı həyat səviyyəsindən əziyyət çəkən sadə Azərbaycan vətəndaşının çarəsizliyinin göstəricisdir?

Məsələ ilə bağlı qəzetimizə açıqlma verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev məsələyə müxtəlif aspektlərdən yanaşmağın mümkün olduğunu vurğuladı. Ekspertin sözlərinə görə, məhkəmə tərəfindən cəzalandırılan şəxslərin arasında aliment ödəmək imkanından məhrum şəxslərlə yanaşı, imkanı olduğu halda aliment ödəməkdən imtina edənlər də az deyil: "Bu məsələyə birmənalı yanaşmaq doğru olmaz. Məsələ bundadır ki, bu problemə bir neçə amil təsir göstərir. Adam var ki, onun maddi imkanı alimenti ödəməyə imkan versə də, tərbiyəsi, intellekti, səviyyəsi bu pulu ödəməyə imkan vermir. Bu insanlar məsuliyyətsiz olduqları üçün ailə və uşaq qarşısındakı məsuliyyətin tələbinə əməl etmir, aliment ödəmirlər. Adam da var ki, onun maddi imkanı həqiqətən də bu alimenti ödəməyə çatmır. Elə insanlar var ki, işsizdirlər, onlar övladına, keçmiş həyat yoldaşına maddi yardım etmək istəsə də, bu istəyini gerçəkləşdirə bilmir. Onların sosial-iqtisadi vəziyyəti həmin adamları aliment ödəmək imkanınından məhrum edir.

Aliment verməyən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanunla icazə verilən haldır. Hər rayonun məhkəmə icraçıları var. Alimentlərin vaxtı-vaxtında ödənilməsinə məhkəmə icraçıları nəzarət edir. Əgər hər hansı bir şəxs aliment vermirsə, ona məhkəmə icraçıları tərəfindən xəbərdarlıq edilir. İnzibati protokol tərtib edilir. Əgər şəxs alimenti ödəməkdən boyun qaçırırsa, o zaman məhkəmə icraçısı məhkəməyə müraciət edir. Məhkəmə belə olanda həmin şəxsin inzibati həbsi məsələsinə baxır. Məhkəmə həmin şəxs üçün 5-10 günlük həbs cəzası kəsir. Bu da qanunvericilikdə nəzərdə tutulan haldı.

Məsələ bundadır ki, alimentdən qəsdən boyun qaçıranlar da, imkanı olmadığı üçün aliment ödəyə bilməyənlər də var. Barəsində inzibati həbs cəzası çıxarılanlar var ki, onların imaknı olsa da aliment ödəməyib. Belələri şübhəsiz ki, inzibati həbsə layiqdir və burada hər hansı ədalətsizlikdən danışmaq doğru olmaz. Bununla yanaşı, qanun imkanı olmadığı üçün aliment verə bilməyən şəxslər haqqında da inzibati həbs cəzasının seçilməsinə imkan verir. Yəni bəzən bu cür hallar da olur”.

M.Hacıyevin sözlərinə görə, məhkəmə heç də birmənalı olaraq hər müraciətlə bağlı həbs qərarı çıxarmır: "Məhkəmə icraçısı bu kimi hallarda məhkəməyə ona görə müraciət edir ki, məhkəmə müvafiq qaydada araşdırma aparsın. Işin həlli yönümündəki bütün amilləri nəzərə alsın. Bəzən olur ki, məhkəmə icraçısı həbslə əlaqədar məhkəməyə müraciət edir, lakin məhkəmə həbsə razılıq vermir. Məhkəmə inzibati həbs cəzası qəbul etmir. Bu cür hallar da olur. Məhkəmə məsələni araşdırır, görür ki, aliment verə bilməyən şəxs vicdanlı, əxlaqlıdır, tərbiyəlidir, lakin imkanı olmadığı üçün aliment ödəyə bilmir. Bu cür hallarda məhkəmə onu həbsə almır. Baxmayaraq ki, məhkəmə icraçıları həbslə bağlı məhkəməyə müraciət edib”.

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov da bəzi şəxslərin kifayət qədər maddi imkana malik olmasına baxmayaraq, aliment ödəmək istəmədiyini vurğuladı: "Bildiyiniz kimi, məhkəmə qərarları dövlətin adından çıxarılır və onun icra olunmaması hüquqi məsuliyyət yaradır.

Aliment də cəza olaraq kəsilmir, bu uşağın həddi-buluğa çatmasınadək valideylərin üzərinə qoyulan pul öhdəliyidir. Lakin təəssüflər olsun ki, bəzi hallarda bunu cəza kimi başa düşürlər və aliment ödəməkdən bilərəkdən yayınırlar. Yeni ailə qurman cütlük ilk növbədə bunun məsuliyyətini dərk etməlidirlər.

Tələm-tələsik evlənirlər sonra da həyatın ilk çətinliyinə dözməyərək boşanırlar. Ailə hər bir dövlətin, hər bir cəmiyyətin təməlidir. Cəmiyyətlərdə də, dövlətlərdə də problemlər olur. Bəzi xanımlar düşünürlər ki, bir uşaq dünyaya gətirdikdən sonra keçmiş ərindən mənzil və aliment almaqla "azad həyat" sürə biləcəklər.

Aliment verə bilməməyin müxtəlif səbəbləri ola bilər. İşsizlik, imkansızlıq, maddi gəlirlərin az olması və s. Lakin o da reallıqdır ki, bilərəkdən aliment ödəməkdən boyun qaçıranlar da kifayət qədərdir.
Kimisə həbs etməklə problemi həll etmək olmaz. İlk növbədə həm dövlət, həm də cəmiyyət çalışmalıdır ki, boşanma hallarının sayı azalsın. Digər tərəfdən dövlətin özü boşanmalar zamanı valideylərdən birinin yanında qalan həddi-buluğa çatmayan uşaqların maddi və sosial problemlərinin həllinə yardım etsin. Bunun üçün lap elə Aliment Fondu da yatarmaq olar. Çünki boşanmalar zamanı ortada qalan, əziyyət çəkən və hüquqları pozulan uşaqlar olur.

Doğrudan da elə hal yaranır ki, tərəflərdən heç birinin aliment ödəmək imkanı çatmır. Aliment təkcə kişilərlə bağlı deyil. Qanunvericilikdə qadınların da alimement verməsi halı nəzərdə tutulub, bir halda ki, uşaq atanın yanında olsun. Yaxud da keçmiş ər-arvad əgər xəstədirsə, əlildirsə, aliment kəsilə bilər.
Lakin istənilən halda boşanmaların çoxalması və aliment problemi həlli vacib çox ciddi problemdir”.