Şriftin ölçüsü / 757

Lerikdə külli miqdarda mənimsəmə

08 Aprel 2016 [13:37]
Rayon maliyyə idarəsinin rəisi ciddi maliyyə maxinasiyalarına imza atır, irimiqyaslı qanun pozuntusuna yol verir Elman Abbasov bəzi maliyyə məsələlərini Fəxrəddin Əliyevin direktoru olduğu «DİCO» MMC-nin vasitəsilə yoluna qoyur Lerik rayon Maliyyə İdarəsinin fəaliyyətinə dair son dövrlər müxtəlif media orqanlarında yer alan məlumatlarda bildirilir ki, adıçəkilən qurumun rəisi Elman Abbasovun üzərinə düşən vəzifəni layiqli şəkildə icra edə bilməməsi səbəbindən sözügedən rayonda ciddi maliyyə maxinasiyalarına imza atılır, irimiqyaslı qanun pozuntusuna yol verilir. Bu və digər bir sıra mühüm məqamlarla əlaqədar Gundelik-Baku.com-un əldə etdiyi informasiyaya görə, Lerik rayon Maliyyə İdarəsinin rəisi Elman Abbasovla «DİCO» MMC-nin rəhbərliyi arasında kifayət qədər yaxın münasibətlər mövcuddur. Məhz elə bu səbəbdən də Elman Abbasov bəzi maliyyə məsələlərini məhz adıçəkilən MMC-nin vasitəsilə yoluna qoyur və bu zaman hər iki tərəfin maraqları nəzərə alınır. Beləliklə, Fəxrəddin Əliyevin direktoru olduğu «DİCO» MMC-nin Lerik rayon Maliyyə İdarəsinin elan etdiyi tenderlərin demək olar ki, böyük əksəriyyətinin qalibi olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, həmin tenderlərlə bağlı rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verilmədiyindən leriklilərin çoxu sözügedən tenderlərin qeyri-şəffaf təşkil olunduğu qənaətindədir: «Əgər Maliyyə Nazirliyinin və digər aidiyyəti qurumların yetkili şəxsləri bununla bağlı ciddi araşdırma aparsalar, onda məlum olacaq ki, Lerik rayon Maliyyə İdarəsinin elan etdiyi tenderlərin çoxunun qalibi məhz «DİCO» MMC olub.

Deyilənlərə görə, bu, Elman Abbasovla Fəxrəddin Əliyevin yaxın münasibətdə olması ilə bağlıdır. Şübhəsiz, tender zamanı təkliflərin qiymətləndirilməsində üstünlük verilən meyarlar sırasında aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi kimi məqəmlarla bərabər, maliyyə imkanları da nəzərə alınır. Bundan isə Lerik rayon Maliyyə İdarəsinin rəisi Elman Abbasovun mütləq xəbəri olmalıdır. Həm də iddiaçıların tenderdə iştirak etmək üçün təqdim etməli olduğu sənədlər sırasında son bir ildəki fəaliyyəti haqqında təsdiqlənmiş maliyyə hesabatının surəti də bu barədə bank arayışı da olmalıdır. Qəribədir ki, «DİCO» MMC Lerikdə az qala bütün sahələr üzrə satınalmalarda iştirak edir və tenderlərin əksəriyyətindən qalib kimi ayrılır. Elə bu səbəbdən də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tez bir zamanda Lerik rayon Maliyyə İdarəsinin və onun rəisinin fəaliyyətini araşdırmalı, eyni zamanda büdcə vəsaitlərinin xərclənməsi istiqamətinə nəzarət yetirməlidir».

«DİCO» MMC-nin direktoru Fəxrəddin Əliyevin sovet hakimiyyəti illərində Lerik rayonunda İstehlak və Məişət Xidməti Cəmiyyətində («RAYPO») məsul vəzifədə çalışdığını deyən mənbənin sözlərinə görə, məhz həmin dönəmlərdə MMC rəhbəri bir neçə dükan və mağazaya sahiblənib: «Deyilənlərə görə, onunla Lerik rayon Maliyyə İdarəsinin rəisi Elman Abbasovun yoldaşlığı da təxminən, həmin illərə təsadüf edir. Artıq bir müddətdir ki, onlar əlbir olub büdcədən rayon maliyyə idarəsinə ayrılan vəsaitləri istədikləri kimi sərf edirlər. Bu səbəbdən də Lerikin təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə məqsədyönlü şəkildə xərclənmir. Bu pulların hara və hansı məqsədlər üçün xərcləndiyinə dair sənədlərdə isə rəqəmlər şişirdilir. Həmin vəsaitlərin silinməsi üçün təkcə maliyyə idarəsi müdirinin deyil, həmçinin DİCO» MMC-nin direktoru Fəxrəddin Əliyevin də rolu var. Bunun da nəticəsində külli miqdarda vəsait rayonda söz sahibi olan Elman Abbasov və onun yaxın adamı Fəxrəddin Əliyev arasında bölüşdürülür». Mövzu ilə əlaqədar yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Millət