ATU-nun prorektoru Türk Keneşi Türk Universitetlər Birliyinin ikinci toplantisinda iştirak edib
13 Aprel 2016 [16:52]
11-12 aprel 2016-cı il tarixində Türkiyə Cumhuriyyətinin Ərzurum
şəhəri Atatürk Universitetinin ev sahibliyi və sədrliyi ilə Türk dilli
ölkələrin Universitetlər birliyinin II baş toplantısı
keçirilib. Türkdilli ölkələrin Türk Keneşinin iştirakı və bilavasitə
dəstəyilə keçirilən toplantıda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və
Türkiyənin 14 universitetinin rəhbərləri və ya səlahiyyətli nümayəndələri ilə
bərabər Türksoy, Türkiyə
Cümhuriyyəti yüksək öyrətim kurulu, Türk Akademiyası, müxtəlif layihələrin rəhbərləri və
konsullar iştirak edib.
Toplantıda
Azərbaycan Tibb Universitetini elmi işlər üzrə prorektor, professor İbrahim
İsayev təmsil edib.
Toplantıda
ortaq ikili diplomların tanınması, tələbə təşkilatlarının fəallığının
artırılması, qarşılıqlı tələbə, müəllim, elmi işçi, mütəxəssis mübadiləsini
nəzərdə tutan Orhun layihəsinin
təsdiqi, Avropa Təhsil Proqramına inteqrasiyanın sürətləndirilməsi, üzvlüyə
yeni universitetlərin qəbulu kimi məsələlər müzakirə və təsdiq edilib. Bunlarla
bərabər, yığıncaqda Türkdilli ölkələrin müstəqillik qazanmasının 25 illik
yubileyinə həsr olunmuş tədbirlərə hazırlığın vəziyyəti barədə də məlumat verilib.
Təşkilata üzv universitetlərin nümayəndələrinin səsverməsi
nəticələrinə əsasən, Türk Keneşi Türk Universitetlər Birliyinin sədrliyi
növbəti iki il üçün Qırğızıstanın Manas Universitetinə keçib.
Qeyd edək ki, təbabət elminin yüksək templə inkişaf etdiyi indiki
dövrdə Azərbaycan Tibb Universiteti dünya elminə çıxış, bilik və təcrübə
mübadiləsinin aparılması baxımından beynəlxalq əlaqələri ildən-ilə gücləndirir.
Hazırda bu təhsil ocağı dünyanın 80-dən çox nüfuzlu ali məktəbi ilə sıx
əməkdaşlıq edir, fəal tələbə və mütəxəssis mübadiləsi aparır. Türkiyə
Universitetlər Birliyinin üzvü kimi Azərbaycan Tibb Universiteti bir sıra
layihələrdə aktiv iştirak edir, elmi konfrans və simpoziumlara qatılır.