Şriftin ölçüsü / 636

Bu məsələ müzakirə olunmalıdır

13 Aprel 2016 [17:54]
Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Maraqlıdır, müxalifət partiyaları bu dairədən namizəd irəli sürəcəkmi?

Modern.az saytı müxalifət partiyalarından sorğuya cavab istəyib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, hələ ki bu barədə müzakirə aparmayıblar.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, hələ ki qərar verməyiblər: "Bu barədə qəti qərar yoxdur. Təbii ki, öncə bu məsələ müzakirə olunmalıdır. Ona görə də indidən deyə bilmərik ki, iştirak edəcəyik, yoxsa etməyəcəyik. Yəqin ki, müvafiq kollegiya qurumlarında müzakirə olunduqdan sonra qərar veriləcək”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu birmənalı olaraq o dairədən seçkiyə qatılmayacaqlarını bildirib. "Bizim növbəti parlament seçkilərinə qatılmaq fikrimiz yoxdur”.

Respublikaçı Alternativ Partiyasının (REAL) Təşkilati məsələlər üzrə katibi Natiq Cəfərli seçkilərə qatılmaqla bağlı müzakirələrin getdiyini bildirib.

"Bizdə hal-hazırda müzakirələr gedir. Çox güman ki, seçkidə iştirak etmək variantımız olacaq. Amma hələ ki, namizədlərin seçilməsi ilə bağlı kampaniyanın hansı strategiya üzrə aparılmasına dair müzakirələr gedir. Yaxın vaxtlarda bu haqda açıqlamamız olacaq”.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 1 noyabr 2015-ci il tarixli seçkinin nəticələrini ləğv edib. Bununla da həmin dairədən təkrar mandat almağa hazırlaşan keçmiş bitərəf deputat Çingiz Əsədullayev marafondan kənarlaşdırılıb.


Millət