Şriftin ölçüsü / 643

"Ermənistan müstəqil siyasət yürütmək iqtidarında deyil"

27 Aprel 2016 [13:31]

"Bu səbəbdən də gedib Rusiyanın təşəbbüskarı olduğu bütün hərbi, siyasi bloklarda təmsil olunur"
Rusiya Ermənistan və Azərbaycanla münasibətlərində bərabərlik işarəsi qoymur. Bunu jurnalistlərlə söhbətində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Volınkin deyib.
Jurnalistlər ondan soruşub ki, Rusiya nə üçün Azərbaycana silah satır, onunla Ermənistan arasında bərabərlik işarəsi qoyur və bu, Ermənistan-Rusiya münasibətlərinə necə təsir edə bilər?
"Burada söhbət qətiyyən bərabərlikdən getmir. Məsələ ondadır ki, Ermənistan Rusiya üçün strateji müttəfiqdir, Azərbaycan isə strateji tərəfdaş. Bunlar tamamilə ayrı-ayrı səviyyələrdir və heç bir bərabərlik işarəsindən söhbət gedə bilməz", - deyə səfir vurğulayıb.
Son vaxtlar baş verən hadisələr fonunda Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi barədə yayılan fikirlərə gəlincə, səfir bildirib ki, indi yanaşmalarda emosiyalar üstünlük təşkil edir, amma Rusiya-Ermənistan münasibətlərinin çoxəsrlik tarixi var və onu silkələmək, zəiflətmək çox çətindir.
"Bəli, hansısa narazılıqlar, anlaşılmazlıqlar ola bilər, ancaq bu heç də o demək deyil ki, Rusiya-Ermənistan münasibətləri başqa fazaya keçə bilər. Bizim çox gözəl münasibətlərimiz var, dövlətlərimizin başçıları daim əlaqə saxlayır və düşünürəm ki, həmişə də belə olacaq", - deyə İ.Volınkin bildirib.
Səfirin Ermənistanı Rusiya üçün strateji müttəfiq, Azərbaycanı isə strateji tərəfdaş kimi fərqləndirməsi hansı anlama gəlir və bu fərq özünü nədə göstərir?

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyanın Ermənistandıkı səfiri əslində tam həqiqəti dilə gətirib: "Bizə də bəllidir ki, tərəfdaşla müttəfiq fərqli anlamı daşıyır. Biz Rusiyanın Ermənistanla müttəfiq olduğunu bilirdik. Təbiidir ki, bu, Ermənistanın Rusiyaya Azərbaycandan bir köynək yaxın olmasını xatırladır. Başqa bir diplomatik etiket norması da var ki, səfir ondan istifadə edib. Böyük ölkələrin səfirləri maksimum dərəcədə çalışdıqları ölkənin maraqlarına yaxın olan, həmin ictimai rəy üçün asan həzm edilən ifadələr işlədir. Bəllidir ki, Azərbaycanla Rusiya arasında zaman-zaman gərginliklər yaşanıb. Hətta münasibətlərin çox soyuq olduğu dönəm də yadımızdadır. Ermənistanla isə bu yaşanmayıb. Ermənistan müstəqil olandan sonra Rusiya bütün istiqamətlər üzrə onunla müttəfiqlik edib. Bax tərəfdaşla müttəfiqin fərqi burda görünür.

Ancaq indi situasiya bir qədər dəyişib. Rusiya hər iki tərəfə balanslı yanaşma ortaya qoymaq istəyir. O da məlumdur ki, Ermənistan müstəqil siyasət yürütmək iqtidarında deyil.
Bu səbəbdən də gedib Rusiyanın təşəbbüskarı olduğu bütün hərbi, siyasi bloklarda təmsil olunur. Bunun da adına, təbii ki, müttəfiq deməlidirlər".
Məhəmmədəli QƏRİBLİ


Millət