Şriftin ölçüsü / 544

Türklüyə qarşı iç və dış gedişlər

27 Aprel 2016 [17:11]

SSRİ-nin dağılması ilə yeni türk dövlətlərinin yaranması, başqa sözlə, türk dövlətlərinin bağımsızlıq əldə eləməsi Batını o qədər də rahatsız eləmirdi. Ancaq indiki Rusiyanın dağılması ilə bu imperiyanın əsarətində olan türk toplumlarının bağımsızlıq əldə eləməsi baş tutarsa, Batını ciddi rahatsız edir. Çünkü SSRİ dağılsa da, türk dövlətlərini basqı altında saxlamaq üçün hərbi gücü dünyaca üstün olan Rusiya öz etkisini qoruyub saxlayırdı. Rusiyanın dağılması isə türk dünyasının birləşməsi ilə sonuclana bilər. Odur ki, Rusiya imperiyasını çökdürüb türk dünyasının birliyinə yol açmaq Batının planlarında ola bilməz. Təbii ki, Rusiyanın parçalanması ilə yalnız onun içindəki türk toplumları bağımsızlıq əldə etmir, eləcə də Güney Azərbaycanın, Doğu Türküstanın (Uyğurustanın) bağmsızlıq əldə eləməsi üçün yol açılır. Bu da dünyadakı dörd böyük imperiyanın - ABD-nin, AB-nin, Rusiyanın, Çinin mənafelərinə uyğun deyil.

Bu gün Batı Türkiyənin arxasında görünür. Əslində isə qarşısındadır. Ancaq özünü qarşısında göstərmir, çünkü dünyanı öz ağalığı altına almağı tarixin heç bir dönəmində gizlətməyən Rusiyanı ancaq Türkiyə ilə zəiflətmək mümkündür. Nə yazıqlar ki, Türkiyənin Rusiyanı zəiflətmək gedişindən Türk Dünyası deyil, daha çox Batı yararlanır. Çünkü indiki Türkiyə hakimiyyətinin yürütdüyü siyasət türk birliyini gecikdirən siyasətdir. Üzdən baxanda elə görünə bilər ki, AKP hakimiyyəti müsəlmanlıq çadrasına bürünməklə ərəblərdən gözlənilə bilən əngəllərin qarşısını alır. Əslində isə türk birliyini gecikdirib prosesləri on illər dala atır. Tarix boyu heç vaxt ərəblə türkün birliyi baş tutmayıb. Bundan sonra baş tutması isə İslam kosmopolitizminin aradan qalxması ilə mümkün ola bilər. Bu isə yaxın onillərdə gözlənilmir. Bunu bildiyi üçün Batı Türkiyə-Ərəb yaxınlaşmasına əngəl olmur. Tərsinə, bu yalançı yaxınlaşmanı sözdə dəstəkləyir də. Ancaq Batı türk dünyasının siyasi yaxınlaşmasını hər cür yollarla əngəlləyir. Bu açıdan yanaşanda Batının Azərbaycana yanaşması da çox açıq görünən əngəlləmə faktıdır. İyirmi ildən çoxdur "Minsk Qrupu" yaranıb, Azərbaycan torpaqlarının qaytarılmasına imkan vermir. Azərbaycan torpaqlarının əldən getməsi ilə başlanan sorunu "mübahisəli məsələ" hesab edir. Yaxşı, Qarabağda bir neçə min sayı olan erməniyə görə Azərbaycan torpaqlarını mübahisəli zona adlandıran ATƏT, Suriyada vətəndaş savaşından yana Türkiyə torpaqlarına keçən ərəblər üçün Türkiyənidəmi mübahisəli zona adlandıracaqdır?!
Necə olur, Batının beynəlxalq qurumlarından biri olan BMT "ərazi bütünlüyü toxunulmazdır" deyir, o biri qurumu ATƏT isə ərazi bütünlüyümüzü mübahisəli zona adlandırır?! Görünən odur ki, Batı ilə Rusiya nə qədər çəkişsə də, Türkiyənin parçalanmasını, Azərbaycanın isə parçalanmış qalmasını, daha doğrusu, parçalana-parçalana dağılıb dövlət kimi varlığına son qoyulmasını hər ikisi eyni dərəcədə istəyir. Sadəcə hər biri bu "qənimətlər" üzərində daha çox haqqa, paya yetmək üstündə bir-birini basqı altına almağa çalışırlar.

Biz bütün yazılarımızda vurğulamışıq ki, Batı Rusiyanın parçalanmasını deyil, zəifləməsini istəyir. Çünkü Rusiyanın parçalanması bağımsız türk dövlətlərinin çoxalması deməkdir ki, bununla dünyanın yönətimi türkün əlinə keçə bilər. Yoxsa Batı blokadaya almaqla Rusiyanı çoxdan parçalamışdı. Ümumən, Batı təkcə Rusiyaya qarşı deyil, bütün imperiyalara qarşı ehtiyatlı davranır. Çünkü hansı imperiyanı parçalasa, içindən qalib türk çıxacaq. Məsələn, Rusiya parçalansa, içindən Başqırdıstan, Saxa-Yakutiya, Tatarıstan, Kalmıkiya, Altay və b. bağımsızlıq əldə edəcək. Çin parçalansa Doğu Türküstan, İran parçalansa Güney Azərbaycan türk gücünü, qüdrətini artıran subyekrlər olacaqdır. Baxın, İrana tətbiq edilən sanksiyalar qısa zaman kəsiyində ortadan qaldırıldı. Sanksiyanı ona görə tətbiq eləmişdilər ki, İran Batı qarşısında bağımsız söz yiyəsinə çevrilməsin. Ancaq gördülər ki, bölgədə Türkiyənin imkanları gözlənildiyindən daha çox genişlənir. Ona görə də İranı Türkiyənin yoluna çıxardılar. Eyni halda, bölgədə türk etkisinin böyüməsi ilə Güney Azərbaycan bağımsızlıq uğrunda aktiv savaşa həvəslənəcəkdir. Bütün bunları gözə alıb hər vasitə ilə türk toplumlarının gəlişməsinin qarşısını kəsməyə çalışırlar.

Rusiya imperiya kimi formalaşıb. O, heç vaxt milli dövlət olmayıb. Milli dövlət olması üçün siyasi ortam da yoxdur. Çünkü hakim olduğu bütün torpaqlar türk toplumlarına məxsusdur. Ona görə məcburdur ki, öz imperiyasını qoruyub saxlasın. Bunun üçü dünya üzərində (ən başlıcası türk dünyası üzərində) özünə ağalıq səlahiyyəti yaradır.

Öncələr Rusiya (SSRİ) özünün parçalanmasının qarşısını Doğu Avropada kəsmişdi. Bu gün isə parçalanmasının qarşısını Qafqazda kəsməyə çalışır. Bunun üçün Gürcüstanı üç tərəfdən parçalayıb, Azərbaycan torpaqlarını isə aşama-aşama erməniləşdirib içində oturur. Bununla Türkiyənin türk dünyasına çıxışının qabağını kəsir, ən başlıcası Güney Azərbaycanla Quzey Azərbaycanın birləşmə ehtimalının qarşısını alır.

Biz öncələr də yazmışdıq ki, türk dünyasının birliyinin qırıldığı nöqtə Güney Azərbaycandır. Ona görə bütün türk dünyasının diqqəti Güney Azərbaycana yönəlməlidir.

Bir çağlar tarixə hökm edən türk imperiyaları qarşılarında alternativ güc görmədikləri üçün bir-biri ilə döyüşürdü (bu da tarixin türk gücü üzərində ironiyası idi), indi onlar basqılarına uğradıqları güclərə qarşı birləşməlidirlər. Təbii ki, bu birliyi imperiya kimi düşünmək doğru deyil, biz imperiyaçılığın yanlısı deyilik. Bəşəriyyət imperiyaların yaratdıqları bəlalardan rahat nəfəs ala bilmir.

Ancaq özünüqoruma sistemini bərpa eləmək üçün türk birliyinə böyük ehtiyac var. Bunun üçün bağımsız türk dövlətlərində Milli Yönətim formalaşmalıdır. Bu baxımdan nə Türkiyə hakimiyyətinin, nə də Azərbaycan hakimiyyətinin tutduqları siyasi yön türk birliyinin tələblərinə uyğun deyil. Biz hələ ki bu iki türk dövlətinin adını çəkirik, çünkü bu gün əsasən basqı altında qalan bunlardır və birliyin qarşısını da bunları sıradan çıxarmaqla alırlar. Bu iki dövlətin hakimiyyətində olanlar da türk birliyinə əngəl olan güclərin istəklərinə uyğun qüvvələrdir. Baxın, Türkiyənin Cümhur başqanı Ərdoğan bu gün türkçülüyü sıradan çıxarıb bu millətə qarşı açıq çıxış edir. Deyir babamdan soruşdum ki, biz türkükmü, lazıqmı? Dedi əlhəmdülillah, müslümanıq. Kimin dəyirmsnına su tökməkdir bu?!
SSRİ imperiyası qurulandan sonra Stalinin yürütdüyü siyasətin əsas hədəflərindən biri türk kimliyini ləğv eləmək idi. Ona yetdi də. O boyda Türküstanı boylara, qollara parçalayıb birinə Qazaxıstan, birinə Özbəkistan, Türkmənistan, Qırğızıstan dedi. Bizi də millət kimi türklükdən ayırıb azərbaycanlaşdırdı. Bu gün də çoxları özünə azərbaycanlı, ya da müsəlman deyir. Milli kimliyimiz olan türklüyümüzü bərpa eləyə bilmirik. Bağımsızlıq əldə eləyəndən sonra da H.Əliyevin siyasəti ilə biz yenə rəsmi şəkildə azərbaycanlaşdırıldıq. Paralel olaraq Türkiyədə də Ərdoğan Atatürkün qurduqlarının üstündən xətt çəkməklə milli şüuru pozub türk kimliyini sıradan çıxarmaq işinə girişdi. Yaxşı, bu gedişlə şüurlarda türk birliyi nə demək olacaq?!

Çağdaş Azərbaycanda da talançı bir hakimiyyətin əlində yesir olmuşuq. Şəhidlər verdiyimiz Qarabağda istəklərimiz yenə də dalana dirəndi. Çeşid-çeşid planlar hazırlayırlar, hamısı da Azərbaycanın ziyanına. Müzakirə olunan planlardan bircə dənə bizim xeyrimizə olanı yoxdur. Ziyanımıza olan planların müzakirəsinə getməklə Azərbaycan hakimiyyəti nəyə yetmək istəyir görəsən?! Beş rayonun taleyi söz qonusuna çevrilib. Tutaq ki, beş rayonu dış talançılardan (erməni-rus birləşməsindən) alıb iç talançılara (Azərbaycan hakimiyyətinə) verdik. Bəs Qarabağın taleyi necə olacaq, biryolluq erməni-rus talançılarınamı verəcəyik?!

Çox acınacaqlıdır vətənin taleyi, əslində ümumtürk taleyinin bir görsənişidir. İçəridə xalqı birləşdirməli olan qüvvəmiz də dağınıq durumda. Elə bil böyük faciələri düşünmək istəyən yoxdur. Düşünməyən qüvvə isə mübariz ola bilməz. Düşüncəsizliklərdən ideoloji boşluqlar törəyir. Bu boşluqlar millətin varlığında keçilməz uçurumlar demək olur. Bunları gözə alıb ortaya milli düçüncə sistemi, qeyrət və hünər qoymaq gərəkdir. Başını məişətinin içində itirənləri ayıldıb onlardan milli güc formalaşdırmaq çağıdır - istər Azərbaycanda olsun, istər Türkiyədə.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Soylu Atalı
(Mütləqə İnam Ocağının Yükümlüsü)
23 Çiçək Ayı, 38-ci il. Saray-Soylu.
(aprel, 2016).


Millət