Şriftin ölçüsü / 742

Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi doğma Tibb Universitetində anıldı

27 Aprel 2016 [17:18]

Bu gün Azərbaycan Tibb Universitetində görkəmli alim, əməkdar elm xadimi, oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyinə həsr olunmuş yığıncaq keçirilib.
Tədbiri açıq elan edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında görkəmli oftalmoloq Zərifə Əliyevanın Azərbaycan səhiyyəsində, ölkəmizin tibb elminin inkişafında, həmçinin ictimai həyatında dərin iz qoymuş bir insan olduğunu bildirdi.
G.Gəraybəyli görkəmli alim Zərifə Əliyevanın ictimai və peşəkar həyatının Tibb Universiteti ilə sıx əlaqədar olduğunu qeyd etdi. Rektor xatırlatdı ki, Zərifə Əliyeva 1942-ci ildə Tibb Universitetinə daxil olub. Həyatının böyük hissəsini oftalmologiya elminin inkişafına həsr edib:
"Akademik Zərifə Əliyevanın bir çox göz xəstəliklərinin diaqnostikası və müalicəsində misilsiz xidmətləri olub. Xüsusilə, traxoma infeksion xəstəliyinin müalicəsində və bu xəstəliyin Azərbaycanda yayılmasının qarşısının alınmasında böyük rolu olmuşdur. Zərifə Əliyeva təkcə alim-oftalmoloq kimi yox, həmçinin böyük ictimai və tibb xadimi kimi tanınıb. O, ölkəmizdə çoxsaylı oftalmoloji tədbirlərin keçirilməsinin təşəbbüskarı olub”.
Görkəmli oftalmoloqun elmi və pedaqoji fəaliyyətindən söz açan rektor Gəray Gəraybəyli bildirdi ki, Zərifə xanım bir çox nüfuzlu elmi mükafatların, o cümlədən SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı olub.
ATU-nun oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur çıxışımda Azərbaycanın ən böyük xanımlarından biri olan Zərifə Əliyevanın doğum gününün tibb işçiləri üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Qeyd olunub ki, Zərifə Əliyevanın həyatı və elmi fəaliyyəti Elmi-Tədqiqat Oftalmologiya İnstitutu ilə bağlıdır. 1960-67-ci illərdə görkəmli alim məhz bu institutda fəaliyyət göstərib. Sonradan isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında elmin inkişafına öz töhfəsini verib. Zərifə xanım Əliyevanın qaynar həyat və yaradıcılıq fəaliyyəti həmçinin Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, ilə əlaqədar olub.
Daha sonra ATU-nun oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva, ATU-nun II müalicə-profilaktika fakültəsinin tələbəsi Xatun Məmmədova akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında danışıblar.
Çıxışlar zamanı vurğulanıb ki, ATU öz layiqli məzunu ilə fəxr etməyə haqlıdır. Hazırda Tibb Universitetinin oftalmologiya kafedrası əməkdaşlarının əksəriyyəti Zərifə xanımın yetirmələridir. ATU dünya şöhrətli məzunu Z.Əliyevanın unudulmaz xatirəsini həmişə əziz tutur, bu qocaman təhsil ocağında onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar, yubiley gecələri keçirilir ki, bu da gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.


Millət