Şriftin ölçüsü / 456

Rusiya indiki məqamda problemin Azərbaycanın maraqlarına uyğun həllində maraqlı deyil

02 May 2016 [17:43]
Elşən Mustafayev: "İstər Sarkisyanın təkliflərdən imtinası, istərsə də son günlər cəbhədə atəşkəs pozuntuları, bir növ, kəşfiyyat xarakterli bir aksiyadır"
"Azərbaycanın reaksiyasını və mövqeyini öyrənməyə hesablanıb"

Son günlər Ermənistanın Rusiya ilə hesablaşmadığı barədə ictimai rəyə informasiyalar ötürülür.
Xüsusilə də Lavrovun İrəvan səfərindən sonra bu mövzu da aktuallaşıb. Təqdimat da belə edilir ki, Lavrov Putinin təkliflərini Sarkisyana çatdırıb, onlar da bundan imtina edib. Elə ilk baxışdan inandırıcı görünməyən bu xəbərlə bağlı yalnız onu demək olar ki, Ermənistan bu cəsarətdə olan ölkə deyil. Bütün varlığı ilə Rusiyadan asılı olan həmin dövlət Rusiyaya etiraz etmək gücündə deyilsə, onda bu imitasiya niyə yaradılır? Məqsəd nə ola bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Sarkisyanın Rusiya təkliflərindən imtinası, sözsüz ki, inandırıcı deyil: "Ermənistan siyasətçiləri arasında rus sülhməramlılarının Qarabağa girməsinə etirazlar da inandırıcı deyil. Bunlar hamısı düşünülmüş bir oyun təsiri bağışlayır. Ermənistan hər zaman Qarabağda rus sülhməramlılarının olmasına tərəfdar olub. Bununla konfliktin müddətsiz dondurulmasına nail oluna bilər. Rusiya da bu ad altında Azərbaycanda hərbi kontingentə malik ola bilər. Hesab edirəm ki, burada bir neçə səbəb var. Birincisi, aprelin əvvəllərində təkidlə hərbi əməliyyatları dayandırıb danışıqlara başlamaq təklifini verən Rusiya olmuşdu. Yəqin ki, bu zaman Rusiya öz üzərinə problemin nizamlanması üçün müəyyən öhdəliklər də götürüb. Görünür, Rusiya indiki məqamda problemin Azərbaycanın maraqlarına uyğun həllində maraqlı olmadığı üçün Lavrov təkliflərinə Ermənistanın imtinasını təşkil etməklə prosesi uzatmağa çalışır. Digər tərəfdən, təmas xəttində atəşkəs pozuntularının intensivləşməsi bölgəyə sülhməramlıların daxil olmasına xidmət edə bilər. Öncədən də ermənilər vasitəsilə belə təəssürat yaradırlar ki, guya sülhməramlıların bölgədə olması Qarabağ ermənilərinin, nəticə olaraq Ermənistanın maraqlarına xidmət etmir. Bununla düşünürlər ki, bəlkə Azərbaycan tərəfi buna qarşı çıxmaya bilər. Əslində isə, bu birbaşa ermənilərin maraqlarına tam xidmət edir. Beləliklə, istər Sarkisyanın təkliflərdən imtinası, istərsə də son günlər cəbhədə atəşkəs pozuntuları, bir növ, kəşfiyyat xarakterli bir aksiyadır, Azərbaycanın reaksiyasını və mövqeyini öyrənməyə hesablanıb".
Məhəmmədəli QƏRİBLİ


Millət