Şriftin ölçüsü / 763

ATƏT-in qarşısında konkret şərt qoymalıyıq ki, mülki əhaliyə tutulan divana konkret münasibət bildirsinlər

03 May 2016 [11:16]
Əli Orucov: "Ermənistan bununla fikri yayındırmaq istəyib sülhə əks gedirsə, sülh yaratmaq missiyasını üzərinə götürən qurumlar niyə belə edir?"

"Deməli, onlar öz mandatına belə hörmət qoymur"

Təəssüf ki, Ermənistanın bu əməllərinə beynəlxalq ictimaiyyət hələ ki, ünvanlı bir qiymət verməyib. Bu barədə təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulması haqda mövcud beynəlxalq qurumların mövqeyi və Azərbaycan tərəfinin bu istiqamətdəki fəaliyyəti ilə bağlı danışarkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Xarici İşlər Nazirliyi olaraq hazırda fəaliyyətimiz təkcə ATƏT-lə məhdudlaşmır, xüsusən də BMT, BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası, ATƏT-in üzv dövlətlərinə və digər bütün tərəf müqabillərinə, eləcə də digər bütün təşkilatlara xüsusilə də aprelin 27-dən 28-ə keçən gecə Ermənistanın mülki Azərbaycan əhalisinə qarşı törətdiyi vəhşiliklər barədə məlumatlar toplanaraq göndərilir. Təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu əməllərinə hələ ki, ünvanlı bir qiymət verilməyib. Hazırda çalışırıq ki, beynəlxalq cəmiyyət tərəfindən Ermənistanın bu addımlarına adekvat bir münasibət bildirilsin", - H.Hacıyev bildirib.
Qeyd edək ki, son bir neçə gündür Ermənistanın kəndlərimizi və mülki əhalini atəşə tutması nəticəsində cəbhə bölgəsində - Ağdam və Tərtərdə 130-dan artıq ev, məktəb, bağça, 1 yarımstansiya dağılıb, fermer təsərrüfatlarına ciddi ziyan dəyib, mal-qara tələf edilib.
Beynəlxalq qurumların bu passivliyi nə ilə bağlıdır?

AMİP funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, belə vəziyyətdə beynəlxalq qurumların verdiyi reaksiya doğrudan da anlaşılmazdır: "Faktlar göz qabağındadır. Artıq ermənilər yeni taktikadan istifadə etməyə başlayıb. Əsasən gecə vaxtı mülki əhalini atəşə tutmağa başlayırlar. Bəllidir ki, bunu qorxudan edirlər. Düşdükləri acınacaqlı vəziyyəti bu üsulla kompensasiya etmək istəyirlər. Düşünürlər ki, bununla mülki əhali arasında panika toxumu səpə bilərlər. Ancaq yaranan vəziyyət göstərir ki, evlər uçsa da, əhali orada qalmaqda qərarlıdır. Beynəlxalq qurumlar yenə də növbətçi bəyanatlar verir. Xüsusilə də münaqişənin həlli ilə bağlı mandatı olan ATƏT bu məsələ ilə bağlı tərəfləri sülhə çağırır. Biz bu cür münasibəti rədd etməliyik. Həmin qurumların qarşısında konkret şərt qoymalıyıq ki, mülki əhaliyə tutulan divana konkret münasibət bildirsinlər.

Yoxsa, onlarla əməkdaşlığın kəsiləcəyini belə bəyan etməliyik. Biz hər faktın öz adı ilə çağırılmasını istəyirik. Ermənistan bununla fikri yayındırmaq istəyib sülhə əks gedirsə, sülh yaratmaq missiyasını üzərinə götürən qurumlar niyə belə edir? Deməli, onlar öz mandatına belə hörmət qoymur".
Məhəmmədəli QƏRİBLİ