Şriftin ölçüsü / 663

Azərbaycanı qorxutmaq istəyirlər

11 May 2016 [10:03]

"İşğalçı dövlət vaxt udmaqdan və beynəlxalq ictimaiyyəti çaşdırmaqdan ötrü bu cür aldadıcı siyasi reveranslar edir"
ABŞ Dövlət Departamenti "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı Ermənistan parlamentinə təklif edilən qanun layihəsinə münasibət bildirib. Belə ki, son bir ayda Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə açıqlama verən Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Vaşinqtonun beynəlxalq ictimaiyyətlə bərabər "DQR"i tanımadığını bəyan edib:
"Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək".
O həmçinin vurğulayıb ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ruhda danışıqlar masası arxasına oturmağa çağırır.

Birləşmiş Ştatlardan əvvəl Rusiya hakimiyyətindən də açıqlama gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan Qarabağın "müstəqilik" layihəsini Moskva ilə müzakirə etməyib. Peskovun sözlərinə görə, Moskva ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri atəşkəsi pozacaq kövrək addımlardan çəkinəcək.

Qeyd edək ki, Ermənistan hökuməti qondarma "DQR"in tanınması ilə bağlı qanun layihəsini müzakirə edərək parlamentə göndərib. Lakin Ermənistan hökuməti və parlamenti bu barədə qanun layihəsindən imtina edib. Azərbaycan Xarici İşlər Nazirliyi də Ermənistana xəbərdarlıq etmişdi. XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi İrəvanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır.
Bütün hallarda, ABŞ rəsmisinin "Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək" deməsini ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, ABŞ-ın sözügedən məsələdə mövqeyi bəllidir: "Lakin çox yaxşı olardı ki, Birləşmiş Ştatlar sözügedən məsələyə daha kəskin mövqe bildirə idi. Ancaq hər zaman olduğu kimi, məlum açıqlama bəlli diplomatik çərçivələrdən kənara çıxmadı. Bütün hallarda, heç mövqe bildirməməkdənsə, mövqe sərgiləmək daha yaxşıdır. Bu açıqlama ilə ABŞ Ermənistana xatırlatdı ki, bəlli çərçivədən qırağa çıxmasın. Digər tərəfdən bir məqamı da qeyd edim ki, Ermənistanın məlum addımı siyasi manipulyasiyadır. Ermənistanın buna gedəcəyi real deyil. Sadəcə, onlar vaxt udmaqdan və beynəlxalq ictimaiyyəti çaşdırmaqdan ötrü bu cür aldadıcı siyasi reveranslar edir. Ermənistan siyasi rəhbərliyi o qədər axmaq deyil ki, indi belə bir addım atsın. Nəzərə alsaq ki, rəsmi İrəvan hər vəchlə status-kvonun uzadılmasında maraqlıdır, qarşı tərəf belə addım atsa, danışıqlardan çıxmış olacaq. Onlar hər vəchlə vaxt udmağa çalışır.

Bütün bunlar da məhz əlavə vaxt udmağa hesablanıb. Həm də təhdid xarakteri daşıyır. Yəni Azərbaycanı qorxutmaq istəyirlər ki, müharibəyə əl atsanız, qondarma qurumu tanıyacağıq. O baxımdan bütün cəbhələrdə Azərbaycan Ermənistanla mübarizəni gücləndirməlidir".

Vidadi ORDAHALLI


Millət