Şriftin ölçüsü / 1010

Ana Vətən

11 May 2016 [10:05]
Cənnət anaların ayaqları altındadır deyilib.
Vətən də Anadır. Ən isti qucaq Ana qucağıdır. Rahatam, Ana, sənin qucağında. O qucaq rəhmətə getsən də həmişə məni isidir. Dünyanın heç bir dərdi – qəmi məni sənin qucağında əzə bilməz. Çünki ruhum ancaq sənin ruhunla nəfəs alır. Dağ – dərə, kol – kos, sal qayalar aparan dağ çayları, ya da qulaq batıran okean – dəniz tufanları sənin nəfəsinin hənirtisinin gücü qarşısında mənə heç nə edə bilməzlər. Sənin qucağında yatanda dünyanın heç bir gücü məni içimlə, duyğumla, o daxili aləmimlə orada məni narahat belə edə bilməzlər. Dünyada ən təhlükəsiz yerdi Ana qucağı. Çünki o yerin təhlükəsiz olmağını Cənab Allah buyurub. Müqəddəs yerdi Ana qucağı, Ana əhatəsi.
Dünyaya gələndə də sənin ayaqların altına doğuluram. Sən məni bu aləmə gətirirsən. Bu aləm özü bir cənnətdir. Nə qədər ki, sənin qucağındayam bu aləm həqiqətən cənnət imiş. Sonra bir az aralanıram, özüm yaşamağa, özümü dərk etməyə başlayıram cənnət getdikcə öz mahiyyətini itirir. Çünki cənnət ancaq Ana nəfəsində, Ana ruhunda mövcuddur. Bu nəfəsi, ruhu özü ilə az da olsa apara bilənlər həmişə o cənnətdə yaşaya bilirlər.
Ana yaratdı o cənnəti. İçində, ruhunda yetişdirdi. Ana çəkdiyi əziyyətləri heç kim çəkə bilməz. Hətta çox böyük dövlətlər belə bir Ananın öz balasına çəkdiyi zəhməti təkrar belə edə bilməz. Yoxsa Ana laylasını əvəz edə bilərlər? Mümkün deyil.
Ana sanki elə təbiətin özüdür. Təbiəti nə qədər dərk edib, ona qulluq etməyin əhəmiyyətini anlasan özünü insan kimi hiss edə bilərsən. Yoxsa faciələr faciələr arxasınca gələr.
Dünyada Ana sözü əlavə olaraq ancaq və ancaq Vətən üçün işlədilir. Vətən Ana sözü ilə özünü tapır, inkişaf edir.
Ana Vətən ! Bu iki mahiyyətin birliyini hər kəs dərk etdikcə güclü olacaqdır. Çünki Ana və Vətən birliyinin dərki Allahın dərkidir.
Bəzən heç bir əsasa söykənməyən belə bir ifadə işlədirlər ki, insan çiy süd içib.?! Xeyr. Ana südü nə çiydi, nə də bişmiş. O südün hikməti Ananın övladına canlılıq verməyindədir. Onun isə texnologiyasını Allah verib.
Ananın bir baxışı, nəfəsi bütün problemləri həll etdiyi kimi, torpağımın da Vətən adı ilə mövcudluğu bizim mənliyimiz, şəxsiyyətimiz və sonrakı davamçılarımızdır.
Gücüm və insanlığım yalnız səndədir, Ana Vətən!.

Aydın Əliyev
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti


Millət