Şriftin ölçüsü / 592

Şəfa tapmaq istəyən vətəndaşlarımız ...

14 May 2016 [12:48]
Aydın Əliyev: "Sahibkarlar dini-imanı itiriblər, ağıllarına gələni edirlər”

Hələ ötən il Azərbaycanda Tarif Şurası dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başladı. İlkin mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edildi. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək.

Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Həmin il qiyməti enmiş (tənzimlənmiş) bəzi dərmanların apteklərdə satışında müəyyən məhdudiyyətlər oldu. Yenidən bu məsələyə qayıtmağımızın səbəbi dərman preparatlarının qiymətlərinin yenidən kəlləçarxa qalxmasıdır. Belə ki, son günlər cəmiyyətdə eyni adda dərmanın apteklərdə fərqli qiymətlərə satılması barədə müzakirələr başa alıb gedir. Hətta Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlı və sabiq deputat Etibar Hüseynov da bu fərqliliyin fərqində oldular ki, sosial şəbəkədə yana-yaxıla fikirlərini paylaşdılar. Maraqlıdır ki, Etibar Hüseynov dərmanın qiymətinin fərqli olduğunu 1 il bundan əvvəl fərqinə varsa da, amma bu məsələni indi aktuallaşdırıb.

Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?

AMİP Mərkəzi Şurasının sədri, farmakoloq, alim Aydın Əliyev "Cümhuriyət”ə açıqlamasında eyni dərmanların qonşu Türkiyədən 30-40 dəfə fərqli olmasını ayıb sayıb:

"Belə çıxır ki, bu dərmanların Azərbaycana gətirilməsində o qədər problemlər var ki, sahibkarlarda bu preparatı dəfələrlə artıq qiymətə satır. Yaxud da yerli sahibkarlar dini-imanı itiriblər, ağıllarına gələni edirlər. Qazancda bir halallığı olmalıdır. Azərbaycan lap 100 faizə də razıdır. Amma dəfələrlə olması, ayıbdır. Bu nə alimlik, nə müəllimlikdir, bu, hökumət səviyyəsində həll olunmalıdır. Əgər Tarif Şurası bunun qarşısını almırsa, onda bu qurum nəyə və kimə lazımdı? Görünür, bizim hökumət və Tarif Şurası belə görür və belə idarəçiliyi ortaya qoyur.

Əgər azad sahibkarlıq verilibsə, bu zaman qiymətlər sərbəst olmalıdır. Qiymətlərin süni şəkildə dəfələrlə şişirdilməsindən doğan nəticəni hökumət fikirləşməlidir. Məncə, aidiyyəti qurumlar bunun səbəbini bilir, sadəcə qarşısını almalıdırlar”.

Aydın Əliyev hesab edir ki, əgər sahibkar normal vergi sisteminə otursa və bu sahənin problemlərini həll etsə, qiymətlər bu qədər artmaz:

"Bu problem dərman istehsalçısından çox dərmanı satan və gətirilmə şəraiti ilə bağlı olan məsələlərdir. Əsas şərt sahibkarın hökumətə nə qədər tabe olmasıdır. Hökumətə məlum olan hansısa səbəblərdən qiymətlərin tavana qalxması, büdcəmizə milyonlarla ziyan vurur. Şəfa tapmaq istəyən vətəndaşlarımız Azərbaycanda bu qiymətlərə özlərini müalicə etdirməkdənsə, həmin preparatların daha keyfiyyətli və ucuzuna yaxın ölkələrə üz tuturlar. Səhiyyəni idarə edən sistemlər bu problemi həll etməlidir. Hətta imkanı olan şəxslər də şikayət edirlər. Görün imkansız insanlarımız nə vəziyyətdədir?! Əlinə 5-10 manat düşən İrana, Türkiyəyə qaçır. Neftin bir bareli 40-45 dollara satılır. Amma bir xəstənin xaricdə müalicəsi üçün neçə min dollarlar gedir. Görün biz neftdən çox itiririk, yoxsa belə sahələrdən?!”



Millət