Şriftin ölçüsü / 810

Azərbaycan bu məsələdə qətiyyətli mövqe sərgiləməlidir

14 May 2016 [12:52]
Əli Orucov: "Azərbaycan qətiyyətli addımlar atmalıdır”

Separatçı Ermənistan ordusunun təxribatları davam edir. Bu günlərdə Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində kimyəvi tərkibli (ağ fosforlu) hərbi sursat aşkarlanıb. Bununla bağlı Müdafiə Nazirliyi hərbi attaşelərin cəbhə bölgəsinə səfərini təşkil edərək erməni təxribatını dünya ictimaiyyətinə çatdırdı. Ermənistan kimyəvi silahdan istifadə etdiyi artıq sübut olunub. Bununla əlaqədar olaraq Azərbaycan tərəfi hansı addımlar atmalıdır?

AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə şərhində Azərbaycanın qətiyyətli mövqe sərgiləməli olduğunu qeyd etdi. O, bildirib ki, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına riayət etməyib:

"Ermənistan birinci dəfə deyil ki, qadağan olunmuş silahlardan istifadə edir? Birinci Qarabağ müharibəsində də Ermənistan qadağan olunmuş kütləvi qırğın silahlarından istifadə ediblər. Bir müddət öncə Ermənistanın yüksək rütbəli hərbiçisi əllərində nüvə silahının olduğunu dedi və Azərbaycanı bununla açıq şəkildə təhdid etdi. Bu silahlar bir çox konvensiyalarda qadağan olunub. Ermənistan beynəlxalq normaları hər zaman pozur. Ümumiyyətlə, Ermənistan beynəlxalq hüquq normalarına riayət etsəydi, işğal etdiyi Azərbaycan torpaqlarını çoxdan tərk edərdi. Azərbaycan bu məsələdə qətiyyətli mövqe sərgiləməlidir. Həm beynəlxalq təşkilatlar, həm öz müttəfiqləri ilə intensiv işləyərək Ermənistanın bu insanlığa zidd əməllərinin məsuliyyətini üstünə götürməyə məcbur etməlidir”.


Millət