Şriftin ölçüsü / 790

Suriyada təhlükəsizlik zolağının yaradılması indiki şəraitdə ən uyğun variantdır

16 May 2016 [12:41]
Arzuxan Əlizadə: "Suriyada təhlükəsizlik zolağının yaradılması indiki şəraitdə ən uyğun variantdır"

"Təəssüflər olsun ki, hər vəchlə qaçqınları qəbul etmək istəməyən Avropa dövlətləri..."

Türk ordusu Suriyaya girməyə hazırlaşır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Onun sözlərinə görə, Ankara İŞİD terrorçuları ilə mübarizəni davam etdirir:

"İraq sərhədini də nəzərə alsaq, təqribən 1300 kilometrlik problemli bir sahədən və bir çox Avropa ölkəsinin ümumi əhalisinin sayından çox olan on milyonlarla insandan söhbət gedir. Türkiyə anti-İŞİD koalisiyasında yer alan 65 fərqli ölkənin müdaxilə etdiyi Suriyada istədiyi kimi əməliyyat keçirmək imkanına sahib deyil. Kilisdə baş verənlərə görə sərhədin digər tərəfini təmizləmək üçün hazırlıqlar aparırıq. Amma hələ ki, müttəfiqlərdən, xüsusilə bölgədə silah gücü olan ölkələrdən arzu etdiyimiz dəstəyi ala bilməmişik".

Ərdoğan bildirib ki, İŞİD terror təşkilatı başda olmaqla, Suriyadakı qanunsuz silahlı qruplaşmalar ölkəsinin təhlükəsizliyini təhdid edir. O qeyd edib ki, müttəfiqləri Türkiyəni bu savaşda yalnız buraxdılar: "Hazırda Türkiyə İŞİD-in hücumları, qaçqın axınının nəzarətə götürülməsi, o ac-yalavac insanların yemək və yatmaq problemlərinin həlli üçün təkbaşına, yalnız olaraq tədbirlər görür. Bizim problemlərimizi görməzlikdən gələnlərə isə demək istəyirəm ki, Türkiyə özü özünü təkbaşına da qoruya bilər".

Neçə vaxtdır Türkiyə israrla Suriya ilə sərhəddə təhlükəsizlik zolağının yaradılması təşəbbüsü ilə çıxış edir. Ancaq təəssüflər olsun ki, nə ABŞ, nə də Avropa dövlətləri buna dəstək verir. Halbuki, sözügedən zolağın yaradılması həm Türkiyəyə, həm də Avropaya qaçqın axınının azalmasına gətirib çıxara bilər. Ancaq İŞİD təhdidi göstərir ki, Türkiyə belə bir zolağın təkbaşına yaradılmasında qərarlıdır. Türk ordusunun Suriyaya girməyə hazırlaşmasının rəsmən bəyan olunması bu qənaətə gəlməyə əsas verir.

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, başqa dövlətin ərazisinə girmək nə qədər məsuliyyətli qərar olsa da, təhlükəsizlik zonasının yaradılması indiki şəraitdə yeganə optimal çıxış yoludur: "Məlum olduğu kimi, İŞİD qruplaşması Suriya ilə Türkiyənin müəyyən sərhəd ərazilərinə nəzarəti ələ keçirdiyi üçün dinc insanları atəşə tutur. Belə olan halda, Türkiyənin dövlət olaraq vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün müəyyən qabaqlayıcı tədbirlər görməyə tam haqqı var. Bunu hansısa dövlət qadağan edə bilməz. Digər tərəfdən, 2011-ci ildə Suriyada məlum hadisələrdən sonra milyonlarla qaçqın Türkiyəyə pənah gətirib. Həmin qaçqınların saxlanması üçün Türkiyə milyardlarla vəsait xərcləyir. Təəssüflər olsun ki, hər vəchlə qaçqınları qəbul etmək istəməyən Avropa dövlətləri buna görə Türkiyəyə praktiki olaraq maddi yardım göstərmir. Ən yaxşı halda müəyyən vədlərlə kifayətlənməli olurlar. Halbuki, indiyəcən Suriya ərazisində təhlükəsizlik zolağı yaradılsaydı, bu dərəcədə humanitar fəlakət yaşanmazdı. Həmçinin, digər problemlərin yaranmasının qarşısı alınardı. Belə ki, minlərlə insan bunun qurbanı olub. Rusiyanın proseslərə hərbi müdaxiləsi vəziyyəti xeyli mürəkkəbləşdirdi. Ona görə də Suriyada təhlükəsizlik zolağının yaradılması indiki şəraitdə ən uyğun variantdır".

Vidadi ORDAHALLI