Şriftin ölçüsü / 1470

Əfqanıstan veteranları müharibənin hər üzünü görüb

16 May 2016 [16:12]

Keçmiş SSRİ-nin Əfqanıstana 1979-cu ildəki hərbi müdaxiləsi yeni bir bəşəri faciəyə yol açdı. Dünyanın ən yeni tarixinə Əfqanıstan müharibəsi kimi həkk olunan qanlı səhifələr yazıldı. Bu müharibədə yüz minlərlə insan həyatını itirdi, şəhərlər, qəsəbə və kəndlər viran qoyuldu. Sovet Ordusu sıralarında müxtəlif millətlərin nümayəndələri məcburən özgə torpaqlarında onlara aid olmayan məqsədlər uğrunda döyüşdü, itkilər verdi. Bir qismi ağır yaralar aldı, canlarından keçməli oldular.

Nə qədər qəribə də olsa, Sovet Ordusu sıralarında Əfqanıstanda vuruşan soydaşlarımızın döyüş təcrübəsi və hazırlığı sonradan ərazi bütövlüyümüz uğrunda gedən savaşda böyük önəm kəsb etdi. Milli Ordumuzun qurulmasında da Əfqanıstan döyüşçüləri özək oldu.Odun-alovun içindən yenicə çıxan yüzlərlə Əfqanıstan veteranı özlərini müharibənin ən qaynar nöqtələrinə atdılar. Neçə-neçə igidimiz Şəhidlik zirvəsinə yüksəldi, yaxud da Qazi oldu.

Keçmiş Sovet İttifaqı Respublikalarında Əfqanıstan veteranlarını birləşdirən qurumlar var. 1990-cı ildə Azərbaycan Əfqanıstan Veteranları Təşkilatı yaransa da, təşkilat 1992-ci ildə eyni adlı İctimai Birlik olaraq rəsmi qeydiyyatdan keçib. Üzvlərinin sayı 10 minə yaxındır. Həmsöhbətimiz, İctimai Birliyin Ağstafa Filialının sədri Mirzahid Hacıyev deyir ki, Əfqanıstan veteranları müharibənin hər üzünü görüb, ən ağır döyüşlərdən və sınaqlardan üzüağ çıxıb:”İşğalçılara qarşı başlanan Vətən müharibəsində cəhbənin həmişə önündə olmuşuq. 4500 üzvümüz hərbi əməliyyatlarda iştirak edib. Onlardan 7 nəfəri Milli Qəhrəman adına layiq görülüb. Onlarla keçmiş döyüşçü Şəhid olub, Qazilərimiz var”.

M.Hacıyev onu da bildirir ki, təmsil olunduğu təşkilatın beynəlxaql əlaqələri də genişdi: "Əfqanıstan Veteranları İB” MDB Hökümətlərarası Beynəlmiləlçi Döyüşçülər Cəmiyyətinin üzvüdür. ABŞ-ın Veteranlar Departamenti və digər veteranlar təşkilatları ilə sıx əməkdaşalıq edir. Bu əməkdaşlıq da imkan verir ki, Azərbaycanın maraqlarını qoruya bilək və daha geniş tanıdaq. Təşkilatımız Azərbaycanda da xeyli işlər görüb. Biz dövlət orqanları və güc strukturları ilə birgə layihələr həyata keçiririk. Xüsusən də, Orduda, çağrışçılarla işin aparılmasında fəaliyyətimiz təqdirəlayiq hesab edilib. Təşkilatımız gənclərdə və çağrışçılarda hərbi vətənpərvərlik ruhunun aşılanmasında, psixolioji hazırlığında da yaxından iştirak edir. Ancaq son zamanlar deyəsən bəzi qüvvələri, ya da kimlərisə Əfqan Veteranlarının bu cür fəaliyyəti qıcıqlandırır. Xüsusən də, Azərbaycan Veteranlar Təşkilatına sədrlik edən general Dadaş Rzayevin müavini Cəmil Xəlilovun heç xoşuna gəlməyir”.

Müsahibim iddia edir ki, "general D.Rzayevə hörməti var. Ancaq məhz onun müavininin təlimatları ilə Aydın Vəliyev və Arif Əsgərov hərəkətə keçərək bir qrup Əfqan veteranı adından dövlət başçısı və digər qurumlara müraciət ünvanlayaraq Əfqanıstan Veteranları İB-nin Müharibə Veteranları Təşkilatına birləşdirməyi tələb edirlər. Halbuki indiki məqamda buna ehtiyac yoxdur. Əfqanıstan Veteranları İB iki ildən artıqdır ki, Müdafə Nazirliyi və Səfərbərlik və Hərbi Çağırış Dövlət Xidməti ilə sıx və məhsuldar əməkdaşlıq edir. Qarşıda bizim bir sıra birgə planlarımız və layihələrimiz var. Təşkilatımızın ləğv olunaraq Veteranlar Təşkilatına birləşdirilməsi sünii alınardı və ümumi məqsədlərimizə ziyan vurardı. Ona görə də belə addımdan çəkinmək lazımdır”.


Nisə Rəhimova