Şriftin ölçüsü / 869

“Müasir peşəkarlar” ixtisas işlərini əyani nümayiş etdirəcəklər

17 May 2016 [17:29]
Peşə məktəb və liseylərində təhsil alan şagirdlərinin ixtisas işlərinin əyani nümayişi təşkil olunacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə " Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi daha bir layihənin icrasına başlayıb. Bu haqda Birliyin sədri Nailə İsmayılova məlumat verib. Onun sözlərinə görə, layihə "Müasir peşəkarlar”- ilk peşə təhsili müəssisələrinin şagirdlərinin ixtisas işlərinin əyani nümayişi” adlanır:

" Layihənin əsas məqsədi peşə məktəb və liseylərində təhsil alan şagirdlərin praktik biliklərə yiyələnməsinə dəstək olmaqdan ibarətdir. Buna görə də ilk olaraq peşə təhsili müəssisələrində təhsil alan şagirdlərin yiyələndikləri peşələrlə bağlı praktiki bilik səviyyələri araşdırılacaq. Daha sonra onlar ixtisas işlərini nümayiş etdirmək məqsədilə təhsil aldıqları peşə təhsili müəssisələrinin yerləşdiyi rayon ərazisində aparılan bərpa və yenidənqurma işlərinə praktiki olaraq cəlb olunacaqlar. Eyni zamanda biz peşə məktəb və liseylərində nəzəri və praktiki tədrislə məşğul olan müəllimlərin peşəöyrətmə metodlarının səviyyəsinin öyrənəcəyik.

Layihənin 2-ci mərhələsində bu işə cəlb olunan peşə təhsili müəssisələrinin rəhbərliyi, müəllim və şagirdləri ilə görüşlər təşkil olunacaq. Tələbələrin seçdikləri peşələrlə bağlı interaktiv müzakirələr aparılacaq və onlarla şifahi sorğu keçiriləcək. Peşə fəaliyyətlərinin yönləndirilməsi və davamlı olması məqsədi ilə digər istifadə alətləri tətbiq olunacaq və bu məqsədlə tələbələr uğurlu müasir karyera qurmaq üçün layihəyə cəlb olunacaqlar. Bu layihə imkan verəcək ki, peşəyə yiyələnmək istəyən tələbələr öz işlərinin praktik olaraq nümayiş etdirmək imkanları olsun, təcrübə qazansınlar ki, onlar gələcəkdə həmin istiqamətdə azad sahibkarlıqla məşğul ola bilsinlər.

Peşə təhsil müəssələrində müəllim və tələbə heyətınin innovativ üsullardan istifadə edərək praktiki işlər hazırlanacaq və hazırlanmış işlərin təqdimatı keçiriləcək. Eyni zamanda tələbələrin təşkil etdiyi lider qruplar arasında aparılan interaktiv və konstruktiv fəaliyyətlərin qurulmasına yönəldilmiş təkliflər müzakirə olunacaq. Onların peşə bacarıqlarına yiyələndiklərini nümayiş etdirən bir neçə innovativ tədris planını peşə tədris rəhbərliyinə təqdim edəcəyik. Gələcəkdə əldə olunan innovativ tədris , bilik və bacarıq keyfiyyətlərinin digər peşə tədris müəssisələri arasında təbliğ edərək qazandıqları uğurları nümayiş etdirəcəyik. Bununla belə bizim əldə etdiyimiz uğur bir neçə peşə tədris müəssisəsi arasında deyil, digər peşə tədris müəssisələri də bu bilik, bacarıq və keyfiyyətlərə yiyələnəcəklər. Peşə təhsil müəssisələrindən rəhbər, müəllim və tələbələrin təhsil müəssisələrinin innovativ tədris bacarıqları təkmilləşəcək. Müvafiq dövlət qurumları, bələdiyyə, biznes və maraqlı tərəflərin peşə təhsilinin inkişafında iştirakı artacaq” .

Qeyd edək ki, layihənin icra müddəti 3 ay nəzərdə tutulur.


Nisə Rəhimova